Bia.Az

“DƏRDİMİZİ KİMƏ DEYƏK, YENƏ PREZİDENT QARIŞMALIDIR?...” - "Elə bil pomidor-xiyar alverçiləridir...”

İqtisadiyyat
 22-07-2020, 15:16     24

Pandemiya dövründə kommersiya bankları sahibkarlığın dəstəklənməsi ilə bağlı öhdəlikləri demək olar ki, yerinə yetirmirlər.

Xatırladaq ki, Prezident İlham Əliyev koronavirusun ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin görülməsinə dair sərəncam imzalayıb. İşçi qrupları yaradılıb, nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb.

Sahibkarların bank kreditlərinə kömək məqsədilə, 1 milyard manat həcmində mövcud kreditlərə dəstək proqramının təqdim olunması, əlavə olaraq sahibkarlara bizneslərin davamlığını təmin etmək ücün yeni veriləcək kreditlərin 60%-i həcmində dövlət tərəfindən zəmanət mexanizmin təqdim olunması, həmçinin həmin kreditlərin aşağı faizlə və uzun müddətə verilməsi təmin edilməlidir. Bu kreditlər üzrə faizlərin yarısı, 7,5% olmaqla, Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılacaq. Bununla da həm sahibkarlıq inkişaf edəcək, həm də dayanıqlı inkişafın davam etməsinə köməklik göstərəcək.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Samir Hümbətov isə qeyd edib ki, hökumət tərəfindən artıq ümumilikdə on proqram hazırlanıb: "Bu proqramların mahiyyəti ondan ibarətdir ki, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən, iş yerlərini itirən insanlara maddi dəstək göstərilsin. Sahibkarlıq subyektlərinə də dövlət öz dəstəyini göstərəcək. Növbəti böyük proqram isə yeni verilən kreditlərə şamil edilir. Burada da məsələnin mahiyyəti ondan ibarətdir ki, verilən kreditlər üzrə ümumi kredit portfeli 500 milyon manat olmaqla, dövlət bu kreditlərin 60 faizinə zəmanət verəcək. Beləliklə, zəmanət verilən kreditlərin məbləği 300 milyon manat təşkil edir. Bu kreditlərin illik faiz dərəcəsi 15 faizdən çox olmamalıdır. Kreditin müddəti isə 3 ilə qədər olmalıdır. Burda da yenə faizlərin yarı hissəsini subsidiyalaşdırmağı dövlət öz üzərinə götürür..."

Amma Prezidentin verdiyi sərəncam necə icra olunur? Dövlət qurumları və banklar dövlətin yaratdığı imkanlardan sahibkarların faydalanmasına şərait yaradırlarmı? Təəssüf ki, bu suallara optimist cavab vermək mümkün deyil. Biznes sektorunun təmsilçiləri, iş adamları mediada və sosial şəbəkələrdə mürəkkəb vəziyyətlə qarşılaşdıqlarını açıqlaybılar. Onlardan biri, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xudoğlu kreditlərdən faydalanmaq istədiyini, ancaq müvəkkil bankların onların qarşısında süni əngəllər qoyduğunu bildirmişdi.

“DƏRDİMİZİ KİMƏ DEYƏK, YENƏ PREZİDENT QARIŞMALIDIR?...” - "Elə bil pomidor-xiyar alverçiləridir...”


Təhsil sektorunda nüfuzlu "Hədəf Kursları" MMC-nin rəhbəri Şəmil Sadıq da bankların yaratdığı manelərdən, dövlətin sahibkarlığa dəstəyinin əlçatan olmamasından yazıb. "Azərbaycandakı banklar elə bil pomidor-xiyar alverçiləridir. Yanvar ayından bu tərəfə 4-5 bankla danışıqlar aparırıq kredit üçün. Hətta Sahibkarlığa Yardım Fondunun rəhbəri ilə də görüşdüm, yeni lisey layihəmizi də təqdim etdim. Bəyəndi və maksimum dəstək verəcəyini də dedi. Açığı ora o qədər əsəbi şəkildə getmişdim ki, ürəyimi boşaldım, gəlim. Amma Samir müəllimin bir aydın kimi davranışı, qarşılaması, izahları xeyli yumşaltdı. Ümidim xeyli artdı. Və prosedur olaraq bankla razılaşmağımız lazım idi ki, proses başlasın. Di gəl bu xiyar alverçiləri, ayın başı deyirlər, problem yoxdur, sizə kredit düşür. Çünki gəlirliliyiniz, girovlarınız imkan verir. Ayın axırı karantin elan edilir, deyirlər, hələ bir dayan görək. O biri ayın əvvəli karantin yumşalır, qapımızı yağır edirlər ki, kredit verək, yenə prosedur başlayır, sənədlər toplanılır, iki-üç dəfə evimizin şəkillərini çəkib gedirlər, sonra yoluxanların sayı artır, bunlar yenə deyirlər, yoxee, bizdə alınmır. Sizi idare edən "ağıllı" başlara nə deyim mən, bilmirəm ki... Siz bəyəm pomidor satırsınızı ki, 3 gün oyan-buyan olanda xarab olsun?! Siz üç-beş illik kredit verirsiniz eee. Necə yəni karantin başladı dayanaq, karantin açıldı başlayaq. Əgər siz proqnozlarınızı aylıq tutursunuzsa, o zaman bir ildən sonra nə baş verəcəyinizi necə bilirsiniz. Savadsız yığını...", - Ş.Sadiq sosial şəbəkədəki hesabında yazır.

Sahibkar daha sonra bildirir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən sahibkarlara dəstək məqsədilə güzəştli kreditlərin verilməsi ilə bağlı onlayn qeydiyyatdan keçib, müvəkkil bankı seçiblər: "Üstündən on gün keçib, bütün sənədləri təqdim etmişik, qohum-əqrabanın evini girov kimi göstərmişik, indi də deyirlər ki, bilirsiniz, sizdə təhsil sektorudur, birdən sentyabrda dərs açılmaz, o riski gözə ala bilmirik, bir az səbir edin, görək nə olur".

"Hədəf"in rəhbəri Operativ Qərargaha ünvanladığı müraciətdə ironiya ilə qurumu karantin şərtlərini yumşaltmğa çağırıb: "Sizə and verirəm, bir aylıq yumşalın, biz kredit götürək, maaşlarımızı adam kimi verək, layihəmizi tamamlayaq, sonra bir illik karantin edin, görüm, bu uzaqgörənlər nə edəcək. Bu nə deməkdir? İndi nə edək ki, kitabla, təhsillə məşğuluq. Gəlirliliyi azdır. Nə edək, indi xaricdən sərmayədar dəvət edib, strateji məsələni onlara etibar edək? Axı ən yaxın Türkiyəmiz idi, ordan gəlib təhsili ələ keçirənlərin acısını indi də yaşayırıq dövlət olaraq. Bu nə düşüncədir, bu nə məntiqdir? Dərdimizi kimə deyək, yenə hər şeyə Prezident qarışmalıdır? Axı o boyda sərəncam verilib, niyə İqtisadiyyat Nazirliyi, KOBİA bu məsələlərə düzgün nəzarət etmir? Yeni açılacaq bir məktəbdə ən azından 150 nəfər adam işləyəcək axı. Dövlət 150 nəfəri işlə təmin etmək üçün milyonlarla vəsait ayırır. Sizin məqsədiniz nədir, nə düşünürsünüz?

12 ildir ki, təhsil sektorundayam, şükür ki, zəhmətimizlə geriyə yox, önə getmişik. İndi sən dədənin qiymətinə faiz verəcəksən, onu da... 90-cı illəri arzu edirsiniz ki, milli kapital olmasın, xaricilər də gəlib daraşsın canımıza?"


BİA.azскачать dle 12.1