Bia.Az

100 min manatı ölkədən necə çıxarmaq olar? – Məmurlar üçün çətin sual

İqtisadiyyat
 10-08-2023, 16:44     749

Mərkəzi Bankın hər ay ölkə xaricinə 20 min dollardan çox pulun çıxarılmaması ilə bağlı qərarı ölkə ərazisindən xaricə pul köçürmələrinə daha ciddi nəzarət edilməsi üçün qəbul olunub”.

BİA.az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Mütəxəssis Mərkəzi Bankın məlum qərarından sonra yarana biləcək problemlərdən söz açıb.


N. Cəfərli əlavə edib ki, limitlərin müəyyənləşdirilməsi istənilən halda məhdudlaşdırıcı addımdır:


“Mərkəzi Bankın əsas qayəsi isə çirkli pullar və korrupsiya ilə mübarizədir. Buna görə də müəyyən limitlərin müəyyənləşdirilməsi nəzərdə tutulub. Prosesin məntiqi izahı bundan ibarətdir. Lakin istənilən halda şəxsi istifadə üçün aylıq 20 min dollar limitin müəyyən edilməsi müəyyən problemlərə də yol açacaq. Hətta bu, adi vətəndaşlara daha çox təsir edəcək”.
“Məsələn, insanlar var ki, Bakıda evini satırlar və həmin məbləğdə Gürcüstan, yaxud Türkiyədə ev almaq istəyirlər. Onlar nə etməlidir indi? Hər ay cəmi 20 min köçürməlidir? Nəticədə bu qeyri-leqal pul köçürmələrinin həcmini artıracaq. Hamı bilir ki, ölkə ərazisində əldən-ələ pul köçürmələri mövcuddur. Müəyyən faiz məbləğində ödəniş etdiyiniz şəbəkələr var ki, pulu onlara verirsən və dünyanın istənilən yerində o pulu sənə qaytarırlar”, – deyə ekspert aydınlaşdırıb.


İqtisadçının fikrincə, bu prosedura çirkli pullarla mübarizə üçün edilirsə belə, əks-effekt də verə bilər, çünki bu dərəcə sərt məhdudiyyətlərin olması, nəticə etibarilə, qeyri-leqal pul dövriyyəsini də artıra bilər. O, söyləyib ki, bu məsələdə diqqətli olmaq lazımdır.


Müsahibimiz onu da vurğulayıb ki, istənilən məhdudiyyətlər, ümumiyyətlə, məntiqsizdir:
“Yeganə məhdudiyyət vəsaitin mənbəyi ilə bağlı ola bilər. Yenə deyirəm, əgər insan evini, torpağını satırsa və əlində 100 min pul varsa, o, niyə bir dəfəyə onu keçirə bilməsin? Niyə hər ay 20 min keçirməlidir? Bu, problemdir. Bunu məmur biznesi, korrupsiya, çirkli pullar kimi əlaqələndirib, məmurların pul köçürməsinin qarşısını almağa yönəlmiş bir addım kimi dəyərləndirə bilərlər, lakin bu, əks-effekt verəcək və sadə insanlara daha çox mənfi təsir göstərəcək”.скачать dle 12.1