Bia.Az

Yeni qanun bahalıq gətirir?

İqtisadiyyat
 2-03-2023, 11:58     663

İqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Milli Məclisin 24 fevral iclasında ilk oxunuşdan keçmiş “Elektroenergetika haqqında” qanun layihəsini şərh edib.

Layihəyə görə, qanun elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması, təchizatı, idxalı, ixracı və istehlakı ilə bağlı elektroenergetika subyektləri, istehlakçılar və elektroenergetika sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyir, elektroenergetikanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.
Elektroenergetika sektorunda bazar münasibətləri bu qaydalarla tənzimlənir: topdansatış bazarı qaydaları; balanslaşdırma qaydaları; kommersiya uçotu qaydaları; pərakəndə satış bazarı qaydaları; ötürücü və paylayıcı sistem operatorlarının elektrik enerjisi itkilərinin hesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsi qaydası; elektrik enerjisi bazarının monitorinqi qaydası.
Sektorda bu işlər icazələr əsasında həyata keçirilir: su elektrik stansiyaları və biokütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enerjisinin istehsalı; elektrik enerjisinin ötürülməsi; elektrik enerjisinin paylanması; 150 kilovatdan yuxarı elektrik qurğularının istismarı; elektrik enerjisinin idxalı və ixracı.
Elektrik enerjisinin ötürülməsinə və elektrik enerjisinin paylanmasına icazə hüquqi şəxslərə, elektrik enerjisinin istehsalına icazə isə hüquqi və ya fiziki şəxslərə verilir.
Qanunun 2024-cü il yanvarın 1-dən (bəzi maddələrin 2025-ci il iyulun 1-dən və 2028-ci il iyulun 1-dən) qüvvəyə minməsi nəzərdə tutulur.
Novator.az-ın məlumatına görə, Qubad İbadoğlu yazır ki, “Elektroenergetika haqqında” yeni qanun rəsmiləşəcəyi təqdirdə “Azərişıq” ASC elektrik enerjisinin alışı və satışı ilə məşğul olmayacaq, bu qurumda yalnız paylaşdırma funksiyası saxlanacaq: “Enerjinin hasilatını “Azərenerji” ASC həyata keçirəcək, satışla özəl şirkətlər məşğul olacaq. Böyük ehtimalla satışın özəl şirkətlərin idarəçiliyinə verilməsi prosesi ərəfəsində enerjinin satış tarifləri qaldırılacaq və hakimiyyət bunu investor marağının artırılması ilə izah edəcək. İkinci mərhələdə özəl şirkətlər adı ilə sağlam investor deyil, hakim ailənin və onların ortaqları bu prosesə cəlb olunacaq və sonra da bazarda qiymətlər liberallaşdırılacaq, yəni enerjinin satış qiymətləri iki mərhələdə artırılacaq.
Bu dəyişiklikdən istehlakçılar satış bazarında keyfiyyətli xidmət göstəriləcəyi təqdirdə uduş əldə edə bilərlər. Keyfiyyətli xidməti isə yalnız rəqabətli bazarda fəaliyyət göstərən şirkətlər göstərə bilər. İndiki şərtlərlə normal şirkətin bazara girməsinə imkan verməzlər. Odur ki, istehlakçıları uduşlar deyil, bahalaşma itkiləri gözləyir. Dəyişikliyin hədəfində investisiya öhdəliyi götürən sağlam biznes dayanarsa, bazarda rəqabət təmin edilərsə, bu, enerji sektorunda irəliyə doğru atılmış addım olardı”.скачать dle 12.1