Bia.Az

“Azərsu” ASC-nin nəqliyyat parklarında özbaşınalıqlar davam edir

İqtisadiyyat
 17-01-2023, 11:15     353

Ötən il “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə tabeli Nəqliyyat və Xüsusi Texnika İdarəsində baş verən bir sıra qanunsuz hallarla bağlı dərc etdiyimiz məqalədən sonra redaksiyamıza yeni məlumatlar daxil olub. Məlumatlarda  həqiqətən də sözügedən idarədə qanunsuzluqların baş alıb getdiyini bildirilir. Xatırlatmaq istərdik ki, idarənin rəisi hələ ki, Xürrəm Hüseynovdur. O, Xürrəm Hüseynov ki, 2011-ci ildə sabiq Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən az sonra bu vəzifəyə gətirilmişdi.

Qeyd edək ki, ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində üç nəqliyyat parkı, yəni qarajı var. Bundan başqa, Səhmdar Cəmiyyətin rayonlarda fəaliyyət göstərən Regional İdarələrin balansında olan xüsusi texnikalar da Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyindədir. Rayonlarla bərabər ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində minlərlə avtomobil və xüsusi texnikalar var. Bu nəqliyyat parklarının hər biri Qorxmaz Hüseynovun sədrliyi dönəmində, onun qohum-əqrəbasının ixtiyarında olub. Bizə verilən məlumatlara görə hazırda nəqliyyat parklarına “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənovun adamları nəzarət edir.

Ötən yazıdan sonra redaksiyamızla əlaqə yaradan sürücülərin verdiyi məlumatlara görə Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qarajlarında özbaşınalıqlar baş alıb gedir. Qurumun 2 nömrəli qarajına yeni təyin təyin olan rəis Elçin Süleymanov istədiyini edir. Ümumiyyətlə Köçərli Həsənovun təyin etdiyi keçmişdə hərbçi olmuş qaraj rəisləri iş saatlarını azaldıblar ki, bu da maaşların kəsilməsinə səbəb olub. Qarajlarda təmir günlərinin haqqı tam ödənilmir, demək olar yarıbayarı azaldılıb. Səbəb oldu, olmadı dərəcələri aşağı salırlar. Məzuniyyət pulu vaxtlı -vaxtında verilmir. Həmkarların sədri Qurban heç bir işçiyə maddi yardım etmir, yalnız rəisin və özünün yaxın adamlarından başqa.
Sürücülər deyirlər ki, texnikalara ehtiyyat hissələrinin və sürgü yağlarının alınması üçün dövlət büdcəsindən yüzminlərlə manat ayrıldığını sosial şəbəkələrdən, saytlardan özümüz oxumuşuq. Lakin texnikalara lazım olan ehtiyyat hissələri, sürtgü yağları verilmir. İstəyəndə də deyirlər ki, almağa pul yoxdu. Köhnə ehtiyat hissələrini ucuz qiymətə alıb, sazlayıb bizə verirlər. Sənədlərə isə baha qiymətlərlə rəsmiləşdirirlər. Bəs onda dövlətin ayırdığı yüzminlərlə pullar hara gedir? Etiraz edəndə isə bizi işdən çıxarmaqla hədələyirlər.
Sürücülər onu da qeyd edirlər ki, 9-cu  mikrorayondakı qaraja da, “Nargilə”də yerləşən 2 nömrəli qaraja da, Ceyranbatan qəsəbəsində yerləşən qaraja da son vaxtlar yaxın adamlarını yeni mexanik, çilingər kimi işə götürüb onlara yüksək maaş verirlər. Halbuki  əvvəlki mexaniklər işlərinin öhdəsindən lazımınca gəlirdilər.

Xatırladaq ki, ötən yazımızda “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər il avtomobillərə lazım olan ehtiyyat hissələrinin alınması üçün külli miqdarda vəsaitin ayırıldığını qeyd etmişdik. O cümlədən də qurumun Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində olan xüsusi texnikalara və avtomobillərə. Həmçinin dövlət satınalmalarının vahid internet portalı üzərindən araşdırma aparmışdıq və məlum olmuşdu ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son bir il ərzində nəqliyyat vasitələri və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin alınmasına 3 353 569 manat dövlət vəsaiti ayırıb. Biz bu məbləğə xidməti avtomobillərə ayrılan xərcləri aid etməmişdik. Bəs necə olur ki, bu qədər vəsait ayrıldığı halda sürücülərə ehtiyyat hissələri verilmir. Hara gedir bu pullar? Bu suala çox istərdik ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin hələ səlahiyyətlərini icra edən Köçərli Həsənov cavab versin. Hələ sədrin səlahiyyətlərini icra edən Köçərli Həsənov qurumun idarələrində bu kimi özbaşınalıqlara rəvac verirsə, sədr olsa, səlahiyyətləri artsa görəsən nələr edər?/Aktualinfo.orgскачать dle 12.1