Bia.Az

Korrupsiyanın üç çarəsi - İqtisadçı Rövşən Ağayev yazır

İqtisadiyyat
 2-11-2022, 12:14     347

İqtisadçı Rövşən Ağayev korrupsiyanı cilovlamaq reseptindən yazıb. O qeyd edir ki, son iki ildə Mədəniyyət Nazirliyində iki dəfə korrupsiya əməliyyatı keçirilib və iki nazir müavini tutulub: “Geniş və asan büdcə korrupsiyasının qarşısını almağın üç yolu var. Nəticə və proqram əsaslı büdcə sisteminə keçid birinci şərtdir. Bu mexanizm nəticəsi əvvəlcədən göstərilməyən, strateji məqsədi və hədəfi müəyyən olunmayan, əsasında proqram dayanmayan hər hansı istiqamətə büdcə ayırmasını mümkünsüz edir.

İkincisi, büdcə üzərində effektiv parlament və vətəndaş cəmiyyəti-media nəzarəti olmalıdır. İcra hakimiyyəti və məmurlar özlərini büdcənin sahibi kimi yox, ona həvalə olunan pulun xərcləyiciləri-icraçıları kimi aparmalıdırlar. Parlamentə hər qəpiyin izahatı və hesabatı verilməlidir. Bütün investisiya layihələri cəmiyyətə və parlamentə açıq olmalıdır. İqtisadi strukturu və funksional təyinatı parlamentə və cəmiyyətə açıqlanmayan hər hansı xərc maddəsi olmamalıdır.

Nəhayət, satınalmalarda şəffaflıq ən yüksək səviyyədə olmalıdır – büdcə pulu hesabına tender udmaq istəyən istənilən özəl şirkətin öz gerçək təsisçisini cəmiyyətə açıqlamaq öhdəliyi olmalıdır”.

Noyabrın 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində əməliyyat keçirdiyi xəbəri yayılıb. Məlumata görə, saxlananlar var. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin də tutulduğu iddia olunur.

Novator.az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidməti 2020-ci il mayın 8-də də Mədəniyyət Nazirliyində əməliyyat keçirmiş, iki məmur, o cümlədən nazir müavini Rafiq Bayramov tutulmuş, mayın 21-də Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən azad edilmişdi.скачать dle 12.1