Bia.Az

3 turnir, 96 komanda

İdman
 26-08-2022, 10:59     290

UEFA-nın klub turnirlərində təsnifat raundları bitib. Novator.az bildirir ki, 2022-2023 mövsümünə buraxılmış 233 komandanın 96-sı marafonu davam etdirir – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının qrup mərhələlərinin hər birində 32 klub yarışacaq.
55 UEFA üzvünün (Rusiya yarışlardan kənardır) 18-i komandasız qalıb.


Çempionlar Liqasındakı komandaların 14-nün turnirdə zəfəri var. 1955-ci ildən keçirilən, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə “Real” 14, “Milan” 7, “Bavariya”, “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) 3, “Benfika”, “Yuventus”, “Portu”, “Çelsi” 2, “Seltik”, “Marsel”, “Borussiya” (Dortmund) 1 titula sahibdir.
Avropa Liqasında yer alan komandaların 3-ü turnirdən qalib ayrılıb. 1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış turnirdə “Feyenoord” 2, PSV, “Mançester Yunayted” 1 zəfər əldə edib.
Konfrans Liqasında ilk mövsümü – 2021-2022 mövsümünü udan “Roma” Avropa Liqasındadır.
Çempionlar Liqasının qruplarında üçüncü yeri tutan komandalar Avropa Liqasına, Avropa Liqasının qruplarında üçüncü yeri tutan komandalar Konfrans Liqasına adlayacaq.
Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasında mübarizə aparacaq. Ölkə UEFA-nın klub reytinqində 29-cu pillədə qərar tutur. Reytinq turnirlərdə son beş mövsümdə qazanılan əmsala əsaslanır. Təsnifat mərhələlərində qələbə 1 xal, heç-heçə yarım xal, qrup mərhələsində, 1/8 final, 1/4 final, yarımfinal və finalda qələbə 2 xal, heç-heçə 1 xaldır.
Çempionlar Liqasının qrup mərhələsi 4 bonus xalı, 1/8 finalı 5 bonus xalı, 1/4 finalı, yarımfinalı və finalı 1 bonus xalı verir.
Avropa Liqasında qrup qalibi olmağa 4 bonus xalı, qrupda ikinci yeri tutmağa 2 bonus xalı, 1/8 finala, 1/4 finala, yarımfinala və finala adlamağa 1 bonus xalı düşür.
Konfrans Liqasında qrup qalibi olmaq 2 bonus xalı, qrupda ikinci yeri tutmaq 1 bonus xalı, yarımfinal və final 1 bonus xalı qazandırır.
Toplanan xallar qitə turnirlərinə vəsiqə almış ölkə klublarının sayına bölünür və mində bir dəqiqliklə əmsal çıxarılır.
2022-2023 mövsümündə Azərbaycan 2,000 əmsal əldə edib.скачать dle 12.1