Bia.Az

Kim uzaq gedər?

İdman
 26-06-2021, 10:53     276

16-cı Avropa futbol çempionatının final raunduna çıxan 24 komandanın üçdə ikisi, yəni 16-sı yoluna davam edir.

Turnirlə vidalaşanlar arasında Finlandiya və Macarıstan kimi mübariz komandaların olması təəssüf doğursa da, uğursuzlar sırasında Türkiyə millisinin də yer alması bizim üçün xüsusilə məyusedicidir. “Ay-ulduzlular”ın oyununda tənqid edilməli çox məqam olsa da, fikrimcə, onların məğlubiyyətlərinin əsas səbəbi rəqiblərə qapılarına çox zərbə imkanı vermələri idi.
Polşanın qrup sonuncusu olması Robert Levandovskinin “Qızıl top” arzusunu bu dəfə də gözündə qoyur (keçən il pandemiyaya görə bu mükafat verilməmişdi).
Oyunlarında topa sahib olmağa çalışmayan, ötürmələrində tez-tez qeyri-dəqiqliyə yol verən İsveçin qrup qalibi olmasını gözlənilməz nəticə kimi qeyd edə bilərik.
Danimarkanın ilk iki turdakı məğlubiyyətdən sonra qalib gəlib yoluna qrup 2-cisi kimi davam etməsini isə haqq-ədalətin təntənəsi kimi şərh etmək mümkündür. Çox qüvvətli komandadır, oyunçularından 20 yaşlı Mikkel Damsqaard istedadı ilə göz oxşayır.
İyulun 3-də, dörddə bir finalda Niderlandla Danimarka qarşılaşsa, turnirin Bakı bölümünə xüsusi rəng qatılar.
İsveçrə, Xorvatiya, İspaniya kimi komandalar da qələbəsiz ilk iki turdan sonra yollarına davam edirlər. Amma onların çox uzaq gedəcəkləri inandırıcı görünmür.
1/8 finaldakı İngiltərə – Almaniya dueli sayəsində yenə Tofiq Bəhramov yad olunur və olunacaq. Özü də səkkizdə bir finalçılar arasında yalnız ingilislər bu mərhələdə öz meydanlarında – “Uembli”də oynayacaqlar. Bu məqam oyunda həlledici olacaqmı?
Fransa və Belçika komandalarının Avropa çempionu olmaq şansları çoxdur. Amma turnirin sxeminə əsasən, onlardan biri finala çıxa biləcək. Fransızlar qrup mərhələsində uğurlu nəticələrlə öyünə bilməsələr də, komandanın potensialı böyükdür.
Əlbəttə, İtaliyanı da hesabdan silmək olmaz. Amma bu komandanın gücü daha güclü komandalarla görüşdə bəlli olacaq – bəlkə də 1/4 finalda.скачать dle 12.1