Hidayət Heydərova bayraq qadağası – Qanun nə deyir?

Parisdə keçirilən Yay Olimpiya Oyunları zamanı Azərbaycan və Qazaxıstan idmançılarının qələbəni bayraqla qeyd etməsinə icazə verilməyib. Bu, ölkədə ciddi narazılığa və müzakirələrə səbəb olub. Ümumiyyətlə, protokol qaydası varmı ki, idmançılar bayraqla qaça, qələbəni qeyd edə bilməzlər?
Mövzunu Globalinfo.az-a şərh edən idman jurnalisti Kənan Məstəliyev deyib ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal mərasimi ilə bağlı anlaşılmazlıqlar var və bunu Hidayət Heydərovun dünən çempion olarkən bayrağımızla bir yerdə qeyd etmək istədiyi əsnada gördük.
Jurnalistin fikrincə, baş verənləri qaydaların imkan verməməsi ilə izah edə bilərlər:
“Əlbəttə, qaydalara hörmət edirik, amma digər ölkələrin mərasimlərində bu qayda bir qədər pozulmuş kimi görünür. Bunu Yaponiya, ABŞ idmançılarının yarışlarında görmək olur. Burada müxtəlif məqamlar var”.
K.Məstəliyevin sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin “Paris 2024”-lə bağlı yarış əsasnaməsinin 13-cü maddəsinin B bəndində qeyd olunur ki, idmançılar mükafatlandırma mərasiminə heç bir əlavə avadanlıq gətirə bilməzlər:
“Həmin qadağan edilmiş avadanlıqlar arasında bayraqlar da var. Amma bayraqların gətirilməsinə qadağa varsa, bu qadağa niyə məhz bizə tətbiq olunur?! Açığı, mübahisəli məqamdır. Düşünürəm ki, istər “Paris 2024”-ün təşkilat komitəsi, istərsə də Beynəlxalq Olimpiya Komitəsi bununla bağlı açıqlama verməlidir”.