Bia.Az

Bir vaxtlar Türkiyədəki "əjdaha"dan bizdə vardı... "Bitən" qadın voleybolumuz yenidən "canlan"a bilər

İdman
 6-06-2024, 15:48     611

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası dünyanın ən güclüsü sayılır. Millətlər Liqasındakı uğurlar özünü göstərir. “Filenin sultanları” 2023-cü ildə ABŞ-da çempion olandan sonra vəziyyət bir az da yaxşılığa doğru dəyişib. İndi Türkiyə milli komandası ilə hamı hesablaşır. Bir neçə gün əvvəl ABŞ milli komandası üzərində əzmkar qələbə də qazanılıb. Türkiyəli qadın voleybolçular yenə çempionluq şansını saxlayır.


Bizimyol.info xəbər verir ki, Tailandın paytaxtı Banqkokda keçirilən Millətlər Liqasında Azərbaycan milli komandası yoxdur. Ümumiyyətlə, 2018-ci ildən təşkil olunan yarışda azərbaycanlı qadınlar görünməyib. İndiyə qədər cəmi 20 ölkənin voleybolçuları bu turnirdə çıxış etmək imkanı qazanıb.


FİDE-nin milli komandalar üçün tətbiq etdiyi reytinq cədvəlində Azərbaycanın adını 33-cü yerdə görürük. Avstriyaya son məğlubiyyətdən sonra xal itirərək geriləmişik. Ümumilikdə, geriləmə 2020-ci ildən sürətlənib. Halbuki 2019-cu ilin sentyabrında durum xeyli qənaətbəxş görünürdü.

Təsəvvür edin, Azərbaycan milli komandası bir vaxtlar Dünya Çempionatında oynayırmış. Komanda idman növlərində belə nəticəyə alışmamışıq. 1994-cü ildə 9-cu yeri tutaraq tarixi göstərici əldə etmişdik. Azərbaycan sonralar 24 komanda arasında iki dəfə 15-ci, bir dəfə 13-cü olub. Bizim voleybolçular axırıncı dəfə Dünya Çempionatında 2018-ci ildə meydana çıxıb.


Avropa Çempionatlarında da pis çıxış etməmişik. İki dəfə yarımfinala gedib çıxmışıq. Amma indi milli komandamız nə Dünya Çemionatına vəsiqə qazana bilir, nə də qitə birinciliyinə.


Türkiyənin uğuruna sevinirik. Lakin biz Dünyua Çempionatında oynayanda heç “Filenin sultanları” müzakirə mövzusu deyildi. Azərbaycanın ciddi voleybol ənənələri var. Alla Həsənova, Yelena Şabovta, Oksana Parxomenko, Valeriya Məmmədova, İnessa Qorxmaz, Oksana Məmmədyarova, Yelena Parxomenko, Natalya Məmmədova, Polina Rəhimova dünya, qitə voleybolunda özündən söz açdırıb. İndi isə yavaş-yavaş mövqeyi əldən veririk. Dünya və Avropa birincilikləri bizə əlçatmaz görünməyə başlayıb.


Faiq Qarayevin rəhbərliyi ilə iki dəfə Avropa klub turnirlərinin qalibi olmuş “Azərreyl” hələ də yaşayır. Klub apreldə növbəti dəfə Azərbaycan çempionu olub. Amma beynəlxalq müstəvidə əvvəlki uğurlar yoxdur.


Bütün bunlara baxmayaraq, yeni ümid yaranıb. Faiq Qarayev uzun fasilədən sonra milli komandaya qayıdıb. Onun qayıdışı ilə uğurların sıralanacağını da gözləyirik.

скачать dle 12.1