Bia.Az

“Qarabağ”ın UEFA turnirlərində iştirak statistikası

İdman
 19-02-2023, 16:38     713

Novator.az Azərbaycanın “Qarabağ” futbol komandasının UEFA-nın əsas turnirlərində iştirak statistikasına nəzər salıb.

1951-ci ildə Ağdam şəhərində yaradılan komanda 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb, 1 dəfə Azərbaycan SSR-in, 9 dəfə müstəqil Azərbaycanın çempionu olub, 7 dəfə Azərbaycan kubokunu qazanıb.
“Qarabağ” 18 dəfə UEFA-nın əsas klub turnirlərinə vəsiqə əldə edib.
1996-1997 mövsümündə “Qarabağ” Kuboklar kubokunun (1960-cı ildən keçirilib, 1999-cu ildə ləğv edilib) ilk təsnifat mərhələsində ələnib.
Komanda 1997-1998 mövsümündə UEFA kubokunun (1971-ci ildən keçirilən turnir 2008-ci ildən Avropa Liqası adlanır) ilk təsnifat raundunu adlaya bilməyib.
1998-1999 mövsümündə Kuboklar kubokunun, 2004-2005 və 2006-2007 mövsümlərində UEFA kubokunun ilk təsnifat mərhələsini keçmək mümkün olmayıb.
2009-2010 mövsümündə “Qarabağ” Avropa Liqasında iki, 2010-2011 mövsümündə üç, 2011-2012 mövsümündə iki, 2013-2014 mövsümündə üç təsnifat mərhələsini aşıb.
Qarabağ” 2014-2015, 2015-2016, 2016-2017 mövsümlərində Çempionlar Liqasında (1955-ci ildən keçirilən turnir 1991-ci ilə qədər Çempionlar kuboku adlanıb) start götürüb, sonra Avropa Liqasına adlayaraq qrup mərhələsində mübarizə aparıb.
2017-2018 mövsümündə komanda Çempionlar Liqasının qrup mərhələsində oynayıb.
2018-2019, 2019-2020, 2020-2021 mövsümlərinə Çempionlar Liqasında başlayan “Qarabağ” ələnərək Avropa Liqasının qrup mərhələsində yarışıb.
Konfrans Liqasının siftəsi olan 2021-2022-ci il mövsümündə “Qarabağ” 1/16 finala qədər irəliləyib.
2022-2023 mövsümünə Çempionlar Liqasında başlayan “Qarabağ” əvvəl Avropa Liqasına adlayıb, sonra Konfrans Liqasına ələnib, indi 1/16 finalda yarışır.
2008-ci ildən “Qarabağ” komandasına Qurban Qurbanov baş məşqçilik edir. 1972-ci il təvəllüdlü Qurban Qurbanov Azərbaycanın “Daşqın”, “Turan”, “Kür-Nur”, “Neftçi”, “İnter”, Gürcüstanın “Mertsxali”, “Alazani”, Rusiyanın “Dinamo” (Stavropol), “Fakel”, “Baltika”, “Volqar” klublarının və Azərbaycanın milli komandasının hücumçusu olub.
2006-cı ildə futbolçu karyerasını başa vuran Qurban Qurbanov “Qarabağ”a gəlməzdən əvvəl Bakının “İnter” klubunda idman direktoru, “Neftçi”də (Bakı) baş məşqçi və idman direktoru vəzifələrini tutub. Mütəxəssis 2017-ci ilin noyabr ayından 2018-ci ilin dekabr ayınadək Azərbaycan milli komandasının da sükanı arxasında dayanıb.скачать dle 12.1