Bia.Az

Futbol dünyasının qeyri-adi hadisələri: 149-0 hesabı, 22 qırmızı kart, 29 dəfə təxirə salınan oyun...

İdman
 27-11-2022, 15:25     587

Hazırda milyonlarla insanın diqqəti Qətərdə keçirilən futbol üzrə 22-ci dünya çempionatına dikilib. Ən populyar idman növü sayılan futbol bu milyonları qatı azarkeşə çevirib. Yaşıl meydançalardakı mübarizələr, qələbələr, məğlubiyyətlər, mübahisələr zaman-zaman futbol tarixini zənginləşdirib. Bəli, dünyanın futbol tarixi olduqca maraqlı və qeyri-adi hadisələrlə zəngindir...

Futbol ilk dəfə eramızdan əvvəl 476-cı ildə Çində kəşf edilsə də, ilk rəsmi futbol qaydaları 1863-cü ilin dekabrın 8-də İngiltərədə qəbul edilib. Dünyada futbol tarixinin başlanması məhz həmin gündən sayılır.
Dünyada futbol azarkeşlərinin sayının nə qədər olmasını dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Amma bununla bağlı maraqlı statistik məlumatlar da var. 2002-ci ildə keçirilən futbol üzrə dünya çempionatının Yaponiyanın Yokohama şəhərində  baş tutan final oyununu (Braziliya-Almaniya, 2-0) televiziya vasitəsi ilə 1 milyard 100 milyon azarkeş izləyib. Məhz həmin dünya çempionatında İndoneziyanın Sumarta adasındakı həbsxanada növbədə olan əməkdaşlar oyuna o qədər diqqət cəmləyiblər ki, 48 məhbusun həbsxanadan qaçmasını belə hiss etməyiblər.

Futbolda 90 dəqiqə ərzində qolların sayı 5-10-a çatanda, bu say azarkeşlərdə şok, təəccüb yaradır. Amma bu, heç də o qədər təəccüblü deyil. Çünki dünya futbol tarixində 149-0 hesabı ilə bitən matç da olub. Belə ki, Madaqaskar çempionu olan “AS Adema” ilə “Stade Olimpique” komandaları arasında keçirilən görüş məhz bu hesabla yekunlaşıb. Bu rekordun əldə olunmasında məğlub olan komanda özü şərait yaradıb. Hakimin ədalətsizliyinə etiraz əlaməti olaraq oyunçular öz qapılarından top keçirməyə başlayıblar.
Futbolda həm oyunçuları, həm də azarkeşləri məyus edən hallardan biri avtoqollardır. Bu məyusluğu yaradanlardan biri,  braziliyalı müdafiəçi Pineyronun adını dünyanın ən çox qol vuran futbolçularının siyahısına salıblar. Amma öz qapısından keçirdiyi toplara görə yox. Tək bir mövsümdə o, öz komandasına 10 qol vurub. Onu hətta hücumçu cinahına keçirəndə də öz qapıçılarını unutmayıb. 25 illik yubileyində Pineyroya komanda yoldaşları üzərində “rəqib komandanın qapısını tanı” sözləri həkk olunmuş kompas bağışlayıblar.
Pineyorodan fərqli olaraq 1976-cı ilin martın 20-də “Aston villa”nın oyunçusu Kris Nikoll “Lester siti” ilə qarşılaşmada 2 topu  öz qapısından keçirdikdən sonra səhvini düzəldərək rəqib komandasının qapısından da 2 top keçirib.  Beləliklə, oyun 2:2 hesabı ilə sona çatıb.
Yaşıl meydançalarda oyunçularla hakimlərin mübahisəsi futbolda heç də qeyri-adi hadisə sayılmır. Belə mübahisələr fərqli sonluqlarla nəticələnir. Bu mübahisələrin ən maraqlısı isə italiyalı qapıçı Qrosso ilə bağlıdır. Oyun zamanı qapıçı hakimə eynək taxmağı məsləhət gördüyünə görə, hakim qırmızı kart göstərərək Qrossonu oyundan çıxarıb. Böyük mübahisəyə səbəb olan bu hadisə araşdırılanda məlum olub ki, Qrosso optik eynəklər mağazasının sahibidir və o, hakimin gözdən zəif olduğunu bilərək ona bu tövsiyəni verib. O da məlum olub ki, həqiqətən də hakimin görmə qabiliyyəti zəifdir. Son nəticədə Qrosso öz mağazasından hakimə eynək bağışlayıb, hakim isə bunun müqabilində qapıçı ilə “barışıb”.

Yaşıl meydançalarda hakimləri “güclü” edən amillərdən biri də onların ciblərində saxladıqları sarı və qırmızı kartlardır. Məhz hakimlər bu kartlarla futbolçuları “cəzalandırırlar”. Amma futbol tarixində belə bir hadisə də baş verib ki, ingiltərəli futbol hakimi Melvin Silvestp oyun zamanı özünə qırmızı kart göstərərək meydançanı tərk edib. Səbəbi isə hücumçu Riçard Kerdin tez-tez qəsdən onu itələməsi olub. Belə ki, əsəbləri tarıma çəkilən hakim dözə bilməyərək iki güclü zərbə ilə hücumçunu futbol meydançasına sərib və sonra özünə qırmızı kart göstərib.
Qırmızı kartla bağlı daha maraqlı bir hadisə isə İspaniyada baş verib. İspaniyada ikinci liqanın “San İsidro” və “Olimpiko Karrante” komandaları arasında oyunun bitməsinə 3 dəqiqə qalmış hər iki komandanın oyunçuları hakimin oyunu aparmasından narazılığını bildiriblər və hətta kobudluq etməyə başlayıblar. Hakim öz təmkinini pozmayaraq meydançada olan 22 oyunçuya qırmızı kart göstərərək meydançanı tərk etməyi xahiş edib.
Futbol tarixində maraqlı hadisələrdən biri də, oyun başlanmazdan əvvəl komandaların birinə məğlubiyyətin yazılması ilə bağlıdır. Kamerunda tələbələr arasında futbol çempionatı zamanı oyun başlamazdan əvvəl komandaların birinə 3:0 hesabı ilə məğlubiyyət yazılıb. Səbəbi isə oyun başlamazdan əvvəl komandanın kapitanlarından birinin digər kapitanla əl verib görüşmək əvəzinə, soyunub lüt arxasını göstərmək olub.

Oyunlar zamanı hava şəraiti futbolçular üçün vacib şərtlərdən biri sayılır. Sözsüz ki, yağışlı havada açıq stadionda istədiyin oyunu nümayiş etdirmək ən peşəkar futbolçu üçün də problem yaradır. Bununla yanaşı kəskin hava şəraiti həm futbolçular, həm də azarkeşlər üçün təhlükə ehtimalı da yaradır. 1998-ci ildə Konqo Demokratik Respublikasında futbol zamanı çaxan şiddətli ildırım nəticəsində qonaq komandanın 11 futbolçusu həlak olub, 30 nəfər azarkeş isə yanıq xəsarətləri alıb. Şotlandiyalılar bu təhlükəni illər öncə görərək 1973-74-cü il futbol mövsümündə  “Inverness Testl” və “Falkirk” komandalarının oyunlarını hava şəraitinin pis olması nəticəsində 29 dəfə təxirə salıblar.
Futbol tarixində bu cür maraqlı hadisələr və faktlar çoxdur. Zaman keçdikcə onların sayı  artır. Yəqin ki, Qətərdə keçirilən dünya çempionatı da maraqlı hadisələrlə futbol tarixini zənginləşdirəcək.
İlham Cəmiloğlu, Musavat.comскачать dle 12.1