Bia.Az

AZƏRBAYCANDA SU BASAN MAGİSTRAL YOLDA SON VƏZİYYƏT - Fotolar + VİDEO (Yenilənib)

Hadisə
 15-10-2022, 13:55     201

“Hadisə dünən gecə saat 12-1 aralığında baş verib. Bizim operativ şöbəyə məlumat daxil olan kimi dərhal Səngəçal stansiyasından su verilməsi dayandırılıb. Əraziyə qəza briqadalarımız göndərilib. Çox böyük həcmdə su dağılıb, həm ətraf əraziləri, həm də Bakı-Qazax yolunu subasma halları baş verib”.

Bu sözləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib. 

O, Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində partlamasının səbəblərindən və görüləcək tədbirlərdən danışıb: “Hadisə nəqliyyatın hərəkətinə pis təsir göstərib. Mütəxəssislərimiz hadisə yerində olublar. Qərara alınıb ki, qəzanın miqyası müəyyən olunsun, xəttin təmirinə və ya dəyişdirilməsinə qərar verilsin. Qeyd edim ki, bu müddətdə əhalinin içməli su təchizatına heç bir problem yaşanmayacaq. Çünki bu istiqamətdə bizim Bakı şəhərinə iki magistral su kəmərimiz daxil olub: “Kür-3” və “Kür-1” xətti. Qəza “Kür-3” xəttində baş verib, ancaq “Kür-1” xətti tam işlək vəziyyətdədir”.
Qurum rəsmisi vurğulayıb ki, hazırda Lökbatan qəsəbəsi, 20-ci sahə deyilən ərazi, Hacıqabul şəhərinin kəndləri, Binəqədi və Qaradağ rayonunun bəzi ərazilərinə həmin o kəmərlə suyun verilməsi təmin olunub: “Eyni zamanda əks-istiqamətdə Oğuz, Qəbələ və Ceyranbatan xətlərindən də suyun verilməsi həyata keçiriləcək ki, ictimai su təchizatında problem yaşanmasın. Bu kəmər sovet dövründə çəkilən kəmərdir, uzun müddət istismar olunub, hər il bir neçə dəfə müxtəlif yerlərində qəzalar baş verib. Biz də hər il qəzanın baş verdiyi hissələri yeniləmişik. İndi isə xəttin digər hissələri yenilənəcək. Çünki sovet dövründə çəkilmiş və şoran torpaqdan keçən xətdir. Hazırda Bakı şəhərində digər mənbələrdən də normal qaydada su verilir. Kür-Bakı su kəməri 1970-ci ildə istismara verilib. Yenilənməyə ehtiyac var və yenilənəcək. Çünki Kür su kəməri Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatında müstəsna yeri olan mənbədir”.
Bakı Şəhər Baş Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev də hadisə ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, gecə saatlarında magistral su xəttində baş verən qəza səbəbindən Lökbatan dairəsi yaxınlığında avtomobil yoluna axan su avtomobillərin hərəkətində çətinlik yaradıb.
Hazırda hadisənin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür: “Hazırda qəza səbəbindən Lökbatan qəsəbəsindən keçən yolun 19-cu kilometrliyində polis əməkdaşları yolda nəqliyyatın hərəkətini tənzimləməyə çalışırlar. Qısa zaman ərzində yolda nəqliyyatın hərəkəti tam bərpa ediləcək”.
***
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf ərazilərdə, o cümlədən Bakı-Qazax avtomagistralında baş vermiş subasma halının qarşısının alınması istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
Bununla bağlı FHN məlumat yayıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün ərazidə fəaliyyət göstərir.
Ümumilikdə FHN-dən 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət suçəkmə işlərinə cəlb olunub.
Baş nazirin müavini Şahin Mustafayev Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza yerinə gəlib.
Hadisə yerindəki son vəziyyəti təqdim edirik:





10:44
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza əhalinin fasiləsiz içməli su ilə təchizatına ciddi təsir etməyib.
Bunu “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, hazırda bu istiqamət üzrə “Azərsu” ASC-nin iki xətti fəaliyyət göstərir:
“Digər magistral xətt üzrə dayanıqlı və fasiləsiz su təminatı təmin edilir”.
09:57
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza ilə əlaqədar Bakı-Qazax avtomagistralında hərəkətin təhlükəsizliyi məqsədilə polis əməkdaşları tərəfindən tədbirlər görülür.
 DİN Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, Baş Dövlət Yol İdarəsinin və rayon polis idarəsinin əməkdaşları tərəfindən əlavə qüvvələr cəlb edilməklə avtomagistralda hərəkət tənzimlənir:
"Bütün zəruri tədbirlər diqqətə saxlanılmaqla hərəkət iştirakçılarının - avtomobillərin təhlükəsiz keçidi təmin olunur".
***
Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin Mülki müdafiə qoşunları, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri suçəkmə, zərurət yarandığı təqdirdə təxliyə və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi üçün əraziyə cəlb olunub.
***
Kür-Bakı magistral su kəmərində qəza baş verib, nəticədə Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
Bu barədə Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı magistral su kəmərinin Qaradağ rayonu ərazisində (Qaz Emalı Zavodunun yaxınlığı) gecə saatlarında baş vermiş qəza nəticəsində ətraf əraziləri, o cümlədən Bakı-Qazax avtomagistralını subasma halı baş verib.
“Hazırda "Azərsu" ASC-nin rəhbərliyi ərazidədir. Əraziyə xüsusi texnika, maşın-mexanizm, suyu kənarlaşdırmaq üçün nasoslar, qəza briqadalarə cəlb olunub, lazımi tədbirlər görülür”, - deyə “Azərsu” ASC-dən bildirilib.






скачать dle 12.1