Bia.Az

Körpəsi ilə özünü damdan atan Aytənin anası: - "Kürəkənimin təqsiri yoxdur deyə...."

Hadisə
 26-08-2022, 17:38     251

"Belə başa düşürəm ki, Rəhmanın təqsiri yoxdur deyə azadlıqda gəzir. 10 aydır istintaq uzadılır. Deməli, istədikləri kimi yönləndirə bilirlər. Əgər bu iş açılmasa, deməli, Allahın cəzasına qalıb”.

BİA.AZ xəbər verir ki, bunu Cebhe.info-ya bir il öncə Bakıda körpə övladı ilə birgə özünü damdan atdığı deyilən Aytən Niftəliyevanın anası Mehriban Süleymanova deyib. Mərhumun anası istintaqın hələ də yekunlaşmamasını, uzadılmasını keçmiş kürəkəni Rəhman Niftəliyevi qoruyan, arxasında dayanan adamların olması ilə izah edib:

"Artıq şübhələnirik ki, onun arxasında dayanan, qoruyanı var. İstintaqı nə səbəbə uzadırlar? Baş prokurora qızımın ölümünün araşdırılması üçün dəfərlərlə məktub yazmışam. Hər ay demək olar ki, məktub yazırdım, çağırmırdılar. Elə deyirdilər ki, bu gün, sabah. Artıq 10 ay keçəndən sonra yenə şikayət yazdım. Ondan sonra çağırdılar və dedilər ki, araşdırma gedir. Deyirlər elə hər şey yekunlaşır, amma hələ ibtidai istintaq yekunlaşmayıb. İki aydır ki, gözləyirik yenə məktub gəlib ki, istintaq aparılır. Hələ Baş prkurorun qəbuluna düşə bilməmişəm. Bildirirlər ki, qərar veriləcək, ondan sonra məhkəmə prosesi başladılacaq. Bizim də materialımız əlimizdə məhkəməyə müraciət edə bilmirik".

Mehriban Sülymanova iddia edir ki, istintaq birtərəfli aparılır. Vəkil qızının xəstəxanada dünyasını dəyişməzdən öncə etiraflarını çəkib:

“Videoda qızım uşağın damdan düşməyini xatırlamadığını, yerə düşməyini gördüyünü, amma onu Rəhmanın itələdiyini deyib. Deyirlər ki, guya qızım özündə olmayıb, yalan danışıb. Mənim qızım yalan danışan deyil. Kaş qızım elə yalan danışardı, bu işlər başına gəlməzdi. Qızım yalan danışsaydı, uşağın da damdan düşməyini Rəhmanın boynuna atardı. Amma elə demədi, dedi ki, xatırlamıram. Deyirlər ki, istintaqda qızımın uşaqla damdan qapının ağzına düşməyinin kamera görüntüsü var. Gözləyirəm. Baş prokuror məni qəbul etsə, iş düzgün aparılar. Olmasa, Allaha həvalə edib oturmuşam".

Qeyd edək ki, avqustun 30-u 2021- ci ildə Bakıda Niftəliyeva Aytən İlham qızı 1 yaş yarımlıq körpəsi Tahirə ilə birlikdə yaşadıqları üçmərtəbəli mülkün damından yerə yıxılıb. Hadisənin qəsdən və ya intihar olması hələ məlum deyil, araşdırma gedir.
скачать dle 12.1