Bia.Az

Ağalı sakini sevincindən ölməyib - Oğlundan açıqlama

Hadisə
 26-07-2022, 10:22     69

Ötən gün sosial şəbəkələrdə Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndinə köçən Kübarə Sultanovanın ölüm xəbəri yayılıb. K.Sultanovanın gah sevincdən ürəyinin partlaldığı, gah da həkimin gec gəlməsi nəticəsində dünyasını dəyişdiyi iddia edilib.

Yenipress.az xəbər verir ki,mərhumənin oğlu Valeh İsmayilov Report-a açıqlamasında hadisənin necə baş verdiyinə aydınlıq gətirib.

O bildirib ki, anası xeyli müddətdir dağınıq skleroz və onkoloji xəstəliklərdən əziyyət çəkirmiş:
“Anam birinci qrup əlil və yataq xəstəsi idi. Köçürülmə ərəfəsində bizə tibbi müayinədən keçmək üçün zəng etmişdilər, amma mən anamı aparmaqdan imtina etdim.
Sonra iyulun 21-i Ağalıya köçdük. İki gün vəziyyəti yaxşı idi. Kəndinə qayıtdığına görə sevinirdi. Növbəti gün temperaturu yüksəldi, vəziyyəti pisləşdi. Ağalı kəndində fəaliyyət göstərən tibb məntəqəsindən həkim çağırdıq, gəlib müayinə etdilər. Nə qədər iynə dərman edildisə də, anamın həyatını xilas etmək mümkün olmadı”.
V.İsmayilov anasının vəziyyəti pisləşdiyi zaman həkimin gəlməməsi barədə sosial şəbəkələrdə yayılan iddiaları təkzib edib:
“Anam vəfat edəndən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsindən zəng etmişdilər, nümayəndələri də gəlmişdi. Tanışlarım, dostlarım yazıb vəziyyətin necə olmasın maraqlanırlar. Təəssüf edirəm ki, dəqiq olmayan məlumatlar yayılır. Bunu yazanlar zəng edib dəqiqləşdirə bilərdilər. Anamın nə sevincdən ürəyi partlayıb, nə də həkimin gəlməmisi söhbəti olub. Hamısı yalandı”.
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsi Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev bildirib ki, Ağalı sakini Kübarə Sultanovanın vəfatı ilə bağlı məlumat alan kimi mərhumun ailə üzvləri ilə əlaqə saxlayıblar:
“Kübarə Sultanovanın oğlu Valeh İsmayilov bizə bildirdi ki, anası ağır xəstə olub və bunun nəticəsində dünyasını dəyişib. Mərhuma Allahdan rəhmət diləyirik, yaxınlarına dərin hüznlə başsağlığı veririk".
скачать dle 12.1