Bia.Az

KRIMDAKI AZƏRBAYCANLI İŞ ADAMI ŞANTAJLA ÜZLƏŞİB - Oqtay Ramazanov şantajçıların həbsini tələb edir

Hadisə
 1-07-2021, 12:58     235

Azərbaycanda jurnalist adından sui-istifadə edənlərin cinayətkar fəaliyyətlərinin miqyası artıq ölkə sərhədlərini də aşmaqdadır.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, bir neçə ay əvvəl Krımda yaşayan azərbaycanlı iş adamı, xeyriyyəçi, diasporanın liderlərindən biri olan Oqtay Ramazanovla bağlı Azərbaycandakı tanınmayan saytlardan birinin paylaşdığı yazı məhkəmə çəkişməsinin predmetinə çevrilib. Yazıda iş adamına qarşı ağır ittihamlar yer alıb, açıq böhtan və şantaj xarakterli iddialar irəli sürülüb, onun Birinci Qarabağ Müharibəsində itkin düşən qardaşının ruhunun incidilməsindən də çəkinilməyib. O.Ramazanov da müəllifi və saytın rəhbərini xüsusi ittiham qaydasında məhkəməyə verib. Lakin cavabdeh tərəf müxtəlif bəhanələrlə aylardır məhkəməni uzatmağa və məsuliyyətdən yayınmağa nail olur. Hazırda O.Ramazanovun iddiası Bakının Yasamal Rayon Məhkəməsinin icraatındadır.
Məhkəmədə O.Ramazanovun hüquqlarını tanınmış vəkil Ceyhun Yusifov qoruyur.

Şikayətçi tərəf bildirir ki, “Azerinfo.tv” adlı saytda Oqtay Ramazanovun Krımdakı işgüzar fəaliyyəti, eləcə də Birinci Qarabağ Müharibəsində itkin düşmüş (şəhid olmuş) qardaşı barədə heç bir mənəvi, əxlaqi, insani dəyərlərə sığmayan yalan və böhtanla dolu, şantaj xarakterli yazı dərc olunub. Şantaj cəhdinin səs yazıları da var.
Bu işlə bağlı “AzPolitika.info”-ya açıqlama verən vəkil Ceyhun Yusifov hüquqlarını müdafiə etdiyi şəxsin yuxarıda adı keçən sayt tərəfindən təhqir və təhdid edildiyini bildirib: “Oqtay Ramazanov 26.09.2020-ci il tarixində “Azerinfo.tv” tərəfindən dərc edilmiş “Ermənilər iki dilim kolbasaya görə azərbaycanlı restoran sahibini rəzil ediblər - Krımdakı sahibkar haqda şübhəli məqamlar var” başlıqlı xəbər tipli yazıda həm təhqir edilib, həm də ağır cinayət törətməkdə ittiham olunub. Həmin yazıda guya Oqtay Ramazanovun sahibkarlıq fəaliyyəti göstərdiyi Krımda erməniləri himayə etməsi, onlara bir çox məsələdə güzəştə getməsi və şəhid olmuş qardaşı Ayaz Ramazanovu erməni əsirliyindən qanunsuz formada geri alması qeyd olunub. Hər nə qədər media işçilərinin böyük bir qisminin artıq şəxslərin şərəf və ləyaqətini alçaldacaq məlumatları yaymaqdan çəkindiyini müşahidə etsək də, jurnalist adından sui-istifadə edən bəziləri hələ də medianın əli ilə ayrı-ayrı şəxsləri qaralamaqdadırlar. Halbuki, hər bir həqiqi və peşəkar jurnalist, ləyaqətli insan KİV-də qanunun tələblərinə uyğun olaraq qeyri-dəqiq və şəxslərin şərəf və ləyaqətini alçaldacaq məlumatları dərc etməkdən çəkinməlidir. Xüsusilə də hazırkı məsələ kimi şəhid ailəsi ilə əlaqədar həssas mövzularda daha diqqətli olmaq və mənəvi meyarları nəzərə almaq lazımdır.” 

Vəkil bildirdi ki, müdafiəçisi olduğu Oqtay Ramazanov barədə yayılan əsassız məlumatlarla bağlı bütün hüquq-mühafizə orqanlarına, eləcə də məhkəməyə müraciət edilib: “”Azerinfo.tv” tərəfindən yol verilən qanunsuzluqla əlaqədar Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı müraciətlər edilib. Müraciətlərimizlə bağlı Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılaraq, adıçəkilən saytın rəhbəri və redaktoru ilə, həmçinin Oqtay Ramazanov barəsində əsassız məlumatları yayan şəxslə profilaktik söhbətlər aparılıb. Lakin faktla əlaqədar cinayət mühakimə icraatında araşdırma aparılması yolverilməz olduğundan hüquqi nəticəyə gəlinməyib. Bununla yanaşı, məhkəmə qaydasında da araşdırma aparılıb. Belə ki, xüsusi ittiham qaydasında Yasamal Rayon Məhkəməsinə tərəfimizdən müraciət edilib, lakin Yasamal Rayon Məhkəməsi aidiyyətə əsasən işə Ağdam Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğunu bildirərək, işi Ağdam Rayon Məhkəməsinə göndərib. Ağdam Rayon Məhkəməsi isə aidiyyəti mübahisələndirərək, işi Gəncə Apellyasiya Məhkəməsinə, sonuncu da ən son bizim əvvəlki hüquqi mövqeyimizə əsasən işi Yasamal Rayon Məhkəməsinə qaytarıb. Yaxın vaxtlarda əlimizdə olan digər faktları da əlavə etməklə xüsusi ittiham qaydasında məhkəmə mübahisəmizi davam etdirmək qərarına gəlmişik.”

Vəkil qeyd etdi ki, işin uzanması saytın hüquqi ünvanının olmaması ilə bağlıdır: “Son vaxtlar bir çox "xəbər saytı" adı altında fəaliyyət göstərən saytların hüquqi ünvanının olmaması ilə rastlaşırıq. Belə ki, dəfələrlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə “Azerinfo.tv” saytının hüquqi ünvanı barədə məlumat almaq üçün sorğular versək də, saytın xaricdən alınmış domen vasitəsi ilə açılması və Azərbaycanda hüquqi ünvanının olmaması barədə cavab verildi. Lakin aldığımız məlumatlara əsasən bu saytın “Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərməsi bizə məlumdur. Saytın hüquqi ünvanının olmaması isə xüsusi ittiham qaydasında işə baxılmasına mane olmur. Lakin sayt tərəfindən yol verilən pozuntulara qarşı hüquqi mübarizənin aparılmasında sözsüz ki, bu fakt müəyyən maneələr yaradır. Belə ki, istənilən şəxs xarici ölkədən bir domen sifariş edərək alır və saytı həmin domen vasitəsi ilə açır. Bununla da verilən sorğulara cavab olaraq heç bir hüquqi ünvan əldə etmək mümkün olmur.”

İş adamı Oqtay Ramazanov barədə də danışan vəkil qeyd etdi ki, bu şəxs Krımda Azərbaycan diasporunun ən fəal üzvlərindən biri kimi tanınır və həmvətənlərimizə maddi dəstək də daxil olmaqla, hər cür yardım göstərməsilə seçilir: “Oqtay Ramazanov uzun müddətdir Krımda sahibkarlıqla məşğul olan, vətənini və millətini sevən bir vətəndaşdır. Belə ki, uzun müddətdir həmin şəxs Azərbaycan diasporu üçün öz maddi və mənəvi dəstəyini əsirgəmir. Krımda bir çox azərbaycanlını himayə edir və işlə təmin edir. Buna baxmayaraq, sözügedən sayt və onun rəhbəri Oqtay Ramazanovun qanuni sahibkarlıq fəaliyyəti də daxil olmaqla, ümumilikdə Krımdakı işlərinə, diasporaya münasibətinə kölgə salmağa çalışıb. Bununla bağlı həmin şəxsin özünün göndərdiyi səs yazıları da mövcuddur. Bu şəxs daha sonra “Azerinfo.tv” saytında sözügedən xəbəri dərc etdirib, lakin faktla əlaqədar hüquq-mühafizə orqanlarına müraciətimizdən dərhal sonra həmin xəbər silinib və uzun müddət sayt bağlı saxlanılıb.”

Vəkil bu işdə xüsusilə O.Ramazanovun şəhid qardaşı ilə bağlı yazılanların heç bir mənəvi, əxlaqi dəyərlərə sığmadığını dedi: “Oqtay Ramazanovun ailəsi şəhid ailəsidir. Qardaşı Ayaz Ramazanov Birinci Qarabağ Müharibəsində Ağdərə ətrafında gedən döyüşlərdə itkin düşüb. Lakin jurnalist peşəsini öz çirkin niyyətləri üçün istifadə edən bəzi şəxslər bütünlükdə bir şəhid ailəsini təhqir etməklə, cinayət törətməkdə ittiham etməklə həmin ailəyə və ümumilikdə Azərbaycan xalqına qarşı qarşı hörmətsizlik ediblər. Həm şəhid ailəsi olması, həm də uzun müddət diaspora işi, xaricdəki soydaşlarımızın dəstəklənməsi üçün fəaliyyət göstərən bir şəxsə qarşı belə qaralama kampaniyasının aparılması qəbuledilməzdir.”

Qeyd edək ki, "azerinfo.tv" adlı saytın təsisçisi kimi Rəhim Hümbətov adlı şəxs göstərilir, baş redaktoru haqda isə saytın özündə məlumat verilmir. Vəkilin "səs yazıları var" dediyi şəxsin isə Sənan Həsənoğlu olduğu bildirilir. İddia olunur ki, yazının müəllifi məhz bu şəxsdir.

скачать dle 12.1