Sərnişinlərin şikayət etdiyi avtobus sürücüsü həbs edildi
Bakıda narkotik maddələrin təsiri altında avtobus idarə edən sürücü sərnişinlərin tələbi ilə saxlanılıb.
Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, hadisə 30 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində baş verib.
Belə ki, 1969-cu ildə Laçın rayonunun Ağanus kəndində anadan olmuş, paytaxtda "Daevoo BS090" markalı avtobusun sürücüsü işləyən F.G. barəsində sərnişinlər polisə şikayət ediblər. İki qadın və bir kişi sərnişin sürücü F.G.-nin avtobusu idarə edən zaman özünü qeyri-adekvat aparmasını müşahidə ediblər, bu barədə ərazidə fəaliyyət göstərən polisə məlumat veriblər. Onlar əvvəlcə F.G.-yə yaxınlaşaraq avtobusu saxlamasını tələb ediblər. Bundan sonra ərazidə xidmət aparan DYP əməkdaşlarını məlumatlandırıblar. Həmin vaxt avtobusun sərnişini olmuş şəxslər digər avtobusa minərək ərazidən uzaqlaşıblar.
Sərnişinlərin şikayəti əsasında sürücü dərhal saxlanılaraq, tibbi müayinədən keçirilib və avtobusu narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub.
Məhkəmənin qərarı ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 333-1.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, bir ay müddətinə inzibati qaydada həbs edilib.