Bia.Az

Bakıda seyfdən oğurlanan 340 min manatla estetik əməliyyat etdirib, maşınlar alıblar...

Hadisə
 13-06-2024, 16:07     623

Bakıda mənzillərdən birindən içində 340 min manat olan seyf oğurlanıb.


BİA.az Bizimyol.info-a istinadən xəbər verir ki, seyfi oğurlamaqda ittiham olunan 4 nəfər saxlanılıb. Saxlanılanlardan ikisi qadındır.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlar oğurlanmış pulla 6 avtomobil alıblar. Saxlanılanlardan biri isə o pulun hesabına estetik əməliyyat elətdirib.


Hadisə barədə zərərçəkən ev sahibi polisə məlumat verən kimi dərhal araşdırmalar başlayıb. Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən 1986-cı il təvəllüdlü Şəbnəm Hüseynova, bacısı 1996-cı il təvəllüdlü Zemfira Sultanova, onların əmisi oğlu 1991-ci il təvəllüdlü Qurban Sultanov və tanışları 1996-cı il təvəllüdlü Əli Qurbanov saxlanılıb.


"Dindirmə zamanı məlum olub ki, hadisədən əvvəl Şəbnəm Hüseynova müxtəlif vasitələrlə mənzilin açarlarını əldə edib. Daha sonra gecə saatlarında evə girərək dəmir seyfi oğurlayıb və əmisi oğlu Qurban Sultanova təhvil verib. O isə öz növbəsində seyfi Şəmkir rayonuna aparıb, içində olan 340 min manatı götürüb. Bir neçə gün sonra Qurban Sultanov pulun 194 min manatını Əli Qurbanovun vasitəsilə əmisi qızlarına göndərib.


Hadisədən sonra Qurban Sultanov ona çatan pulla 4, Şəbnəm Hüseynova isə Əli Qurbanovun köməyilə 2 avtomobil alıb. Zemfira Sultanova isə oğurlanan pulun bir hissəsi ilə estetik əməliyyat etdirib.


Polis əməkdaşları saxlanılan şəxslərin ünvanlarına baxış keçirərkən oğurlanan pulun bir hissəsini tapıb", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.


Faktla bağlı cinayət işi başlanıb, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.


Araşdırmalar davam etdirilir.

скачать dle 12.1