Bia.Az

Azərbaycan vasitəsilə Qazaxıstana heroin aparılmasının qarşısı alınıb - VİDEO

Hadisə
 1-09-2020, 20:55     267

Gömrükçülər daha bir uğurlu əməliyyat nəticəsində 305 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan verilən məlumata görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İdarənin “Astara” gömrük postunda İran İslam Respublikasının vətəndaşı Arazigojog Abdolrazzaq Moradgoli oğlunun idarə etdiyi “Traktor” markalı, 27A455/56-10 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılıb.

Müvafiq sənədlərdə həmin avtomobillə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Qazaxıstan Respublikasına “kənd təsərrüfatı üçün avadanlıq - kotan” yükünün aparıldığı qeyd edilib.

Lakin sözügedən nəqliyyat vasitəsi kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılarkən xidməti it kotanların dəmir çərçivəsinə reaksiya verib və yüklər stasionar rentgen qurğusundan keçirilib. Bu zaman 22 ədəd kənd təsərrüfatı avadanlığından 12 ədədinin içərisində - kotanların dəmir çərçivəsindəki boşluqda gizlədilən 598 ədəd bağlamada, ümumi çəkisi 305 kq 289 qram olan narkotik vasitə - heroin aşkar edilib və həmin narkotik vasitələrin Avropanın qara bazarında dəyəri 22 milyon avrodan artıqdır.

Faktla bağlı araşdırma aparılır.











скачать dle 12.1