Bia.Az

Ana onu döyən qızından şikayət etdi: - Polis cinayət işi açdı, məhkəmə azad etdi

Hadisə
 29-04-2020, 16:33     647

Ana onu döyən qızından şikayət etdi: - Polis cinayət işi açdı, məhkəmə azad etdiGədəbəy rayonunda anasına xəsarət yetirməkdə ittiham olunan 1971-ci il təvəllüdlü Nazilə Cabbarovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

bia.az-ın əldə etdiyi məlumata görə, Nazilə Cabbarova Gədəbəy şəhərində yerləşən Heydər Əliyev parkının qarşısında anası Dilbər Qurbanova ilə şəxsi münasibətlər zəminində mübahisə edib.

Bu zaman Nazilə Cabbarova anasının baş nahiyəsinə əl çantası ilə vuraraq ona qapalı kəllə-beyin travması xəsarət yetirib.

İstintaq orqanı tərəfindən Nazilə Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Gədəbəy rayon Məhkəməsinin hökmü ilə Nazilə Cabbarova ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilib.

Məhkəmə onun barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində olan cinayət təqibinə xitam verilməsini, cinayət məsuliyyətindən azad olunmasını istəyib.

Zərərçəkmiş Dilbər Qurbanova da apelyasiya şikayəti verib. O, Nazilə Cabbarova öz əməllərini idrak etmək iqtidarında olmamaqla daim təhlükə mənbəyidir. Nazilə Cabbarova tərəfindən daim hədələndiyini deyən Dilbər Qurbanova onun barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini istəyib.

Hər iki tərəfin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Teyyub Muxtarovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Nazilə Cabbarovanın vəkilinin apelyasiya şikayəti təmin olunub. Gədəbəy rayon Məhkəməsinin hökmü ləğv edilib, Nazilə Cabbarovanın barəsində olan cinayət təqibinə xitam verilib, o, cinayət məsuliyyətindən azad edilib.

Zərərçəkmiş Dilbər Qurbanovanın şikayəti təmin olunmayıb.скачать dle 12.1