Bia.Az

Bakıda ŞOK: Xanım sürücü maşını servisə gətirdi, sonra isə… – VİDEO

Hadisə
 27-03-2023, 13:08     203

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsində yerləşən avtomobillərin texniki servisində oğurluq olduğu bildirilib.

Şikayətçi A.Məmmədovanın Globalinfo.az-a verdiyi məlumata görə, hadisə 2023-cü ilin yanvar ayında baş verib.

Şikayətçinin sözlərinə görə, servis sahibi onlara dəymiş ziyanı ödəməkdən yayınır:

“Avtomobilimi nasazlıq səbəbi ilə 11 noyabr 2022-ci il tarixində təmir üçün servisə təhvil verdim. Maşının orijinal ehtiyat hissələrinin tapılması və ölkəyə gətirilməsi uzun vaxt aldığından 2023-cü ilin yanvar ayına kimi servisdə qaldı. Avtomobili təhvil aldıqdan 2 gün sonra xəbərdarlıq işığı yanmağa başladı. Başqa servisə getdikdə isə məlum oldu ki, maşının katalizatoru oğurlanıb. Dərhal daha öncə müraciət etdiyimiz servisə gedərək katalizatorun oğurlandığını bildirdim və dəymiş ziyanı ödəmələrini tələb etdim.
Servis sahibinin oğlu Elçin Bədəlov bizimlə kobud danışaraq ödəniş etməyəcəyini və kimə istəsək, şikayət edə biləcəyimizi dedi.
Daha sonra obyektin sahibi Bədəlov Yasin Ağaməmməd oğlu ilə əlaqə saxladıqda o, dəymiş ziyanı ödəməyə hazır olduğunu və bizə yeni katalizator verəcəyini bildirdi. Lakin təklif etdiyi katalizator mənim avtomobilimə uyğun gəlmədi. Bizdən ehtiyat hissəsini tapmağımızı, ödənişin servis tərəfindən qarşılanacağını bildirdi.
Bazarda 550 manat dəyərində katalizator tapdıq. Lakin Yasin bəy bizə 300 manat verəcəyini dedi. Biz isə haqlı olaraq razı olmadıq. Avtomobilimə onların servisində ziyan dəydiyi halda niyə bir hissəsini mən ödəməliyəm?! Onu da qeyd edim ki, haqqımızı tələb etmək üçün getdikdə digər müştəri artıq əraziyə polis çağırmışdı. Məlum oldu ki, onların da avtomobilinin katalizatoru narkoman işçi tərəfindən oğurlanıb.
Mən Daxili İşlər Nazirliyindən və jurnalistlərdən xahiş edirəm ki, dəymiş ziyanın ödənilməsində bizə dəstək olsunlar.
Məlumat üçün bildirim ki, Yasin Bədəlov həmin obyekti qeyri-rəsmi istifadə edərək vergidən yayınır, əmək müqaviləsi bağlanılmadan ustaları işə cəlb edir, xarici ölkə vətəndaşını qeyri-rəsmi işlədir, şəxsin narkoman olduğunu və dəfələrlə oğurluq etdiyini bildiyi halda işdən azad etmir, oğlunun polis orqanlarında çalışmasından da sui-istifadə edir”.
Məsələni dəqiqləşdirmək üçün əməkdaşımız servis sahibi Yasin Bədəlovla əlaqə saxladıqda, o, oğurluq hadisəsini təsdiq edib:
“Bəli, deyilənə görə, oğurluq mənim obyektimdə baş verib. Amma mən 300 manat ödəyə biləcəyimi demişəm. Avtomobillərinə uyğun katalizatorun qiyməti 550 manat olduğu üçün onlar 300 manatı götürməyə razı olmadılar. Gedib 6 saylı polis bölməsinə şikayət etsinlər”.
Qeyd edək ki, Yasin Bədəlov dəfələrlə xəbəri dərc etməməyimizi xahiş edərək, məsələni şikayətçi ilə danışıb həll edəcəyini bildirsə də, heç bir addım atmayıb. Hər dəfə əlaqə saxladıqda fərqli açıqlamalar verib. Daha sonra isə əməkdaşımızı 6 saylı polis şöbəsinin əməkdaşı Asim Salayev adlı şəxslə hədələyib.
Onun əməkdaşımızı hədələməsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunub.
скачать dle 12.1