Bia.Az

Şirvandakı qətlin anbaan görüntüsü - Daşla vurulan mərhumun ürəktutmasından öldüyü deyilir

Hadisə
 5-01-2023, 12:29     242

Şirvan şəhərində toy məclisindən sonra yaşanan mübahisə 2 ay sonra ölümlə nəticələnib. Mərhum baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib. Amma onun ürəktutmasından vəfat etməsi ilə bağlı rəy var. Bu rəy mərhumun ailə üzvlərini narazılığına səbəb olub.

Musavat.com xəbər verir ki, qətl hadisəsi 25 avqust 2022-ci il tarixdə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində baş verib.

1969-cu il təvəllüdlü Kamran Qocayev başından aldığı zərbədən sonra dünyasını dəyişib. Onun başına daşla vuran 1984-cü il təvəllüdlü Alışov Daşqın Oktay oğlu olub. Bu hadisəni anbaan əks etdirən kamera görüntüləri də var.

Hadisənin baş verməsinin səbəbi Kamran Qocayevin telefonunun oğurlanması olub. Qətl hadisəsindən təxminən 2 ay əvvəl Kamran Qocayev toy məclisində telefonunu itirib. O, telefonunun oğurlandığından şübhələnib. Mərhum Kamran Qocayevin məclisdə iştirak edən Daşqın Alışovdan və onun qardaşından şübhələnməsi mübahisə yaradıb. Bu söz-söhbətlər bir müddət davam edib. 2 ay sonra tərəflər arasında yenidən mübahisə baş verib. Daşqın Alışov yerdən götürdüyü daş parçası ilə Kamran Qocayevin başına zərbə endirib. Hadisə yerində olanlar tərəfləri sakitləşdirib. Kamran Qocayev hadisə yerindən bir neçə uzaqlaşandan sonra yerə yıxılıb. Məlum olur ki, daş parçası sərt şəkildə onun gicgah nahiyəsinə dəyib. Xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin tarixdə Şirvan şəhər prokuroru Kamal Talıbov tərəfindən Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi- silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi) maddəsi ilə cinayət işi başlanılıb. İş polis müstəntiqi Xəzər Eldarovun icraatına verilib. Mərhumun xanımı Ruhiyyə Qocayeva hüquqi varis kimi tanınıb.

Ruhiyyə Qocayeva deyir ki, cinayət əməlinə düzgün hüquqi qiymət verilməyib. Onun sözlərinə görə, vəkillərinin iş üzrə dindirilmiş şahidlərin təkrar dindirilməsi, mərhumun ölüm səbəbinin müəyyən edilməsi üçün təkrar ekspertizanın təyin edilməsi, kamera görüntülərinin izlənilməsi ilə bağlı vəsatətləri təmin edilməyib.

Həmçinin cinayət aləti olan daş parçası da qanunvericiliyə uyğun olaraq mərhumun ailə üzvlərindən götürülməyib. Hazırda vəsatətlərə heç bir münasibət bildirilməyib.

“İbtidai araşdırmaya rəhbərliyi həyata keçirən Şirvan şəhər prokurorluğu tərəfindən də işin qanuni, ədalətli araşdırılmasına nəzarət edilmir. İstintaq tərəfindən təqsirləndirilən şəxsə köməklik göstərilməsinə göz yumulur. Hazırda müstəntiq tərəfindən iş araşdırılmadan yekunlaşdırılıb məhkəməyə verilmək istənilir. Mərhum Kamran Qocayevin qardaşı Kamil Qocayevə ekspertizadan sənəd verilib ki, guya həyat yoldaşım Kamran infarktdan vəfat edib. Həmin sənəddə yoldaşımın guya 2 ildir ürək xəstəsi olması yazılıb. Bildirirəm ki, həyat yoldaşım heç vaxt ürək xəstəsi olmayıb. Ürəyi ilə bağlı heç vaxt problemi olmayıb, həkimə müraciət etməyib”- deyə mərhumun xanımı müraciətində yazır.

Ruhiyyə Qocayeva deyir ki, həyat yoldaşı öldürüləndən bir həftə sonra təqsirləndirilən şəxsin qayınanası Şərqiyyə və atası Oktay onlara gəlib: “Deyirlər ki, hadisədir, olub. Kamranın ürəyinin xəstə olduğunu dedilər. İndi də təqsirləndirilən şəxsin ailəsi deyir ki, heç yerə şikayət etməyin faydası yoxdur. Təqsirləndirilən şəxsin ailəsinin dedikləri ilə ekspertizanın rəyi üst-üstə düşür”.

Ruhiyyə Qocayeva Baş Prokurorluğa müraciət edərək cinayət işinin ədalətli araşdırılmasını xahiş edib. Hazırda R.Qocayevanın müraciəti araşdırılır.
скачать dle 12.1