Bia.Az

Türkün ciddiyyəti və mərdliyi, İranın cırtqozluğu, namərdliyi...

Gündəm
 21-10-2022, 00:55     216

Bölgəmiz yenidən şəkillənir. Vətən Müharibəsindən – Qarabağın azadlığından sonra regionumuzda tamamilə yeni bir reallıqlar, mənzərə yaranıb. Bir növ təbii proseslərdir və onun nəbzini tutmayan, tendensiya ilə uzlaşmaq istəməyənləri, sülhə, əmin-amanlığa, inkişafa gedən yolda bərabər yürüməyənləri yumşaq ifadə etsək, ağılsız, nadan adlandırmaq olar.

Əlbəttə, böyük güclərin – Rusiyanın, kollektiv Qərbin bizim regionumuzla bağlı öz planları, niyyətləri, arzuları var. Onlar bölgəyə daha çox nüfuz etmək üçün bütün imkanlarından istifadə edirlər. Bu məqsədlə Ermənistanı sülhdən yayınmağa sövq edənlər də var, Azərbaycana təzyiq göstərənlər də və s.
Mövcud reallıqlar çərçivəsində qonşu, İslam ölkəsi olan İranın davranışları isə heç bir əndazəyə sığmır.
Azərbaycan bəllidir ki, sülhə, inkişafa əngəl törətmək istəyənlərə bütün imkanları ilə müqavimət göstərir, hər kəslə əməkdaşlıq edir, hamıya dostluq təklif edir. Məqsəd birdir: SÜLH VƏ ƏMİN-AMANLIĞA nail olmaq.
Bu mərhələdə İran regionla bağlı optimal planları, razılaşmaları pozmaq üçün əlindən gələni edir: Zəngəzur dəhlizinin açılmaması üçün min oyundan çıxır, “qırmızı xətt” deyib səsini başına atır, təxribat qrupları ilə Azərbaycanı hədələməyə cəhd göstərir və nəhayət, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir.
Və bunu hansı dönəmdə edir? Daxilində iğtişaşlar baş verir, rejim çökür, molla qaydalarını insanlar iqnor edir. Xarici təhdidlər, sanksiyalar da artmaqdadır.
igti.jpg (117 KB)
Belə bir durumda Azərbaycana münasibətdə etdikləri konkret nadanlıq, Turan xofu olmaqla yanaşı, Tehranın ermənipərəst güclərin əlində bir alətə çevrilməsinin də göstəricisidir.
İddialar var ki, İran özünü ABŞ-ın məngənəsindən qurtarmaq üçün Amerikadakı ermənipərəst dairələrlə gizli əməkdaşlığa gedib. Yəni mümkündür ki, o qüvvələr İranın hazırkı rejiminə ABŞ-ın təzyiqləri azaltmasında, çevriliş planlarına dəstək verməməsinə köməklik göstərəcəklərini vəd ediblər.
Digər bir versiya odur ki, İran həm də daxilindəki gərginliyi azaltmaq, əhalinin diqqətini repressiyalarından yayındırmaq üçün Azərbaycanla konfrontasiyaya gedir.
Ancaq bütün hallarda bunların hamısı ağılsız gedişatlardır. Çünki nəticə etibarı ilə İran əslində onun ətrafında həlqənin daraldılmasına təkan verir, paralel olaraq da qeyri-ciddiliyini, cırtqozluğunu, yaxşılıqlara yamanlıqla cavab verən bir rejim olduğunu ortaya qoymuş olur.
Azərbaycanın son 15 ildə İrana hansı yaxşılıqları etdiyini bilirsinizmi? Məhz Azərbaycanın mövqeyi, dirənişi, proseslərə böyük təsiri səbəbindən Qərb İsrail üzərindən bugünədək İranı bombalamayıb.
Xüsusilə 2010-2015-ci illərdə Azərbaycan və Türkiyə İranın bombalanmaması üçün əlindən gələni etdi. Detalların nədən ibarət olduğunu təbii ki, söyləyə bilmərik, ancaq bunu İran özü yaxşı bilir ki, Türkiyə və Azərbaycanın israrları hesabına başına bombalar yağmadı, viran qalmadı...
Azərbaycan heç zaman o taydakı milyonlarla soydaşımızdan İranda təfriqə salmaq üçün istifadə etmədi.
Qarşılığında Tehran Azərbaycandan aparıb ölkəsində yetişdirdiyi bir qrup təxribatçı ilə açıq-aşkar təhdid edir, hətta bir neçə dəfə real təxribatlar da törədiblər, məsələn, Nardaran hadisələri, Gəncə hadisələri...
Azərbaycan hər fürsətdə elan etdi ki, öz ərazilərindən İrana qarşı istifadə edilməsinə imkan verməyəcək. Qardaş Türkiyə isə özünün böyük nüfuzundan istifadə edərək, İranın çökdürülməməsinə çalışıb.
İndi isə İran Azərbaycan və Türkiyənin bölgənin xilası, sülh içində yaşaması üçün birgə addımlarına badalaq atır və bunu niyə etdiyinin normal izahını da tapmaq çətindir.
Təsəvvür edin, Ərdoğanın Zəngilana gəlişi ərəfəsində, eyni zamanda Ermənistanla sülh müqaviləsinin imzalanmasına yaxınlaşılan bir vaxtda Azərbaycan-İran sərhədində təlimlər keçir. Araz çayının öz ərazilərindəki bir qoluna açılıb-yığılan körpü tullayıb, "əzələ" nümayiş etdirir ki, bəs, Arazdan texnika keçirməyə alətimiz var...
311480680_10210821162840732_4957605708608303737_n.jpg (58 KB)
"Axırıncı aşırım" filmində bir səhnə var: Qəmlo deyir ki, Kərbəlayi, bu Şura hökuməti bizdə bir sirr qoymadı. Sirr də nə olsa? Qarabağlara gələn yoldakı taxta körpünün açılıb-yığılan formada olması... Bunu da el-aləm bilirdi, həm də gözlə görünürdü...
İndi də ay molla, Arazda illərdir su topuqdandır, oradan texnika yox ee, piyada keçmək olur.
İkincisi, bu suya tulladığınız açılıb-yığılan körpü ki var, onun kimi "müasir texnologiyanı" brakonyer balıqçılar özləri düzəldib, kanalların üstünə atıb, balıq tutur...
İndi belə “texnologiyalar”la hədə-qorxu gəlmək qeyri-ciddiliyin göstəricisidir. Dövlət dediyin ciddi olar. Hazırkı davranışlar tünəkəlik, cırtqozluqdur.
Siz Arazın o tayında əllaməlik edəndə, Azərbaycan Prezidenti bu tayda – Cəbrayıl, Qubadlı, Zəngilanda (hansı ki, 30 illik işğal dövründə bu rayonları ermənilərlə birgə İran məmurları söküb daşıyıb, viran qoyub) onlarla iqtisadi, sosial əsaslı obyektin təməlini qoydu.
temel.jpg (523 KB)
Ərdoğanın təyyarəsi Zəngilan Hava Limanına endi, iki türk lider beynəlxalq aeroportun açılışını etdilər.
1666258186550165017-1000x669.jpg (473 KB)

Zaman 2021-ci ildir, 90-cı illər deyil, mollabaşlar! Artıq dünya da o dünya deyil, Azərbaycan da o Azərbaycan deyil.
Təkcə iki faktı xatırlatmaq yerinə düşər: Bu gün İsrail yaxın dostumuz, strateji tərəfdaşımız, Türkiyə qardaşımızdır. Üstəlik, Rusiya ilə də münasibətlər tamamilə normaldır, 2021-ci ilin əvvəlində müttəfiqlik sazişi də bağlanıb.
İranın isə bir həsirdir, bir Məmmədnəsir! Dünyada bircə dostu yoxdur! Üstəlik, daxildə başından dartıb ləçəyini açırlar rejimin...
İran həm də unutmasın: Cənubi Azərbaycandakı soydaşlarımız heç də yatmayıblar! Sadəcə, Azərbaycan normal qonşuluq siyasətinə sadiqdir. Bircə faktı qeyd edək: İran Araz qırağında xaotik təlimlər keçib Azərbaycana mesaj göndərəndə, Ərdəbildə soydaşlarımız Azərbaycan əsgərinə dəstək şüarı ilə meydana çıxmışdı!...
 311569266_5908708545829005_5759691326765765920_n.jpg (30 KB)

Bütün bu qeyd edilənlərin fonunda - reallıqda hazırda və yaxın on illiklərdə İranın Azərbaycana, Türkiyəyə, Zəngəzur dəhlizinə əşhədü-ehtiyacı olduğu göz önündədir. İran özü də bilir ki, bir neçə il ərzində region da, dünya da dəyişəcək. Buna mane olmaq isə İranın bacaracağı iş deyil.
Sadəcə, indi etdikləri gerizəkalı, korazehin molla rejiminin məkridir, Qərbdəki erməni lobbisinin yalançı vədlərinə aldanmasının nəticəsidir.

Elşad MƏMMƏDLİ
Musavat.comскачать dle 12.1