Bia.Az

“Öldürməsələr, Bakı ilə sülh müqaviləsini imzalayacaq...” - Paşinyan üçün gerisayım bitir

Gündəm
 8-10-2022, 13:26     215

İrəvan kritik yol ayrıcında; erməni xalqı Qarabağ xəyalı ilə vidalaşmaq zorundadır; ilin sonunadək o öz tarixinin faciəvi səhifəsini çevirə bilər, əgər...

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini hədəfləyən Brüssel prosesi sürətlənib. Praqada srağagün keçirilən iki və çoxtərəfli görüşlərin ilkin nəticələri belə deməyə nikbin əsaslar yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşdə Bakının Brüssel formatını dəstəklədiyini söyləyib və Mişel Əliyevə buna görə minnətdarlığını bildirib.
Azərbaycan telekanallarına müsahibəsində isə dövlət başçısı iki ölkə XİN başçılarının bir neçə gün ərzində sülh müqaviləsinin mətnini hazırlamalı olduğunu söyləyib. Bu gəlişmələr Avropa Birliyinin, daha dəqiqi, Ş.Mişelin vasitəçiliyi ilə gedən sülh prosesinə rəsmi Bakının etibar etməsinin təsdiqi sayıla bilər. Deməli, danışıqlar Azərbaycanın məlum 5 prinsipi əsasında aparılır.
*****
Prosesin həlledici fazaya girdiyini göstərən mühüm məqamlardan biri də, şübhəsiz ki, qardaş Türkiyənin aktiv şəkildə Brüssel prosesində yer almasıdır. Ermənistan baş naziri Nikol Paşinyanla görüşdən sonra Türkiyə liderinin mətbuat konfransında erməni jurnalistin sualına verdiyi cavab bu xüsusda diqqət çəkir: “Biz Türkiyə-Ermənistan-Azərbaycan münasiblərinin isinməsini, həll olunmasını istəyirik. Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz. Qapılarımızı, hava, quru və dəmir yollarımızı açarıq”.
Diqqətçəkən başqa bir məqam: Əliyev-Mişel görüşü zamanı bəlli olub ki, gələn ay Brüsseldə İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçiriləcək. Söhbət zamanı həmin görüşün gündəliyinin müzakirə olunduğu bildirilib.
Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə  görüşü keçirilib - TURAN
Xatırladaq ki, 31 avqustda Brüsseldə baş tutmuş sonuncu Əliyev-Mişel-Paşinyan görüşü zamanı bu formatda növbəti dəfə noyabrın sonunda bir araya gəlmək barədə razılıq əldə olunmuşdu. Ona qədər isə Azərbaycan və Ermənistan XİN rəhbərləri sülh müqaviləsinin mətnini razılaşdırmalı idilər. Ancaq indi məlum olur ki, görüş təxminən 1 ay qabağa - oktyabra çəkilir. Bu bir daha sülh danışıqlarının intensivləşdiyi qənaətini gücləndirir.
“Mən Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm. Çünki bildiyiniz kimi, Brüsseldə bir neçə dəfə üçtərəfli görüş keçirilib və hər dəfə biz sülhə daha da yaxınlaşırıq”.
Bunu da Praqada İlham Əliyev söyləyib. Dördtərəfli görüşün Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edildiyini qeyd edən dövlət başçısı həmçinin deyib: “Bu görüş zamanı da önəmli məsələlər müzakirə edilib və hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq”.
“Ermənistan tərəfindən xoş məram olarsa, sülh müqaviləsi ilin sonunadək imzalana bilər. Vaxt keçir, bizim təşəbbüslər heç də asan irəliləmir, xarici işlər nazirlərinin birinci görüşü konkret nəticələr verməsə də, amma hesab edirəm ki, bu, müsbət addımdır. Düşünürəm ki, yaxın vaxtlarda qərar qəbul edilərsə, iki ölkənin işçi qrupları sülh müqaviləsinin mətni üzərində işləməyə başlayacaqlar, biz ilin sonunadək razılaşmaya nail ola bilərik”.
Sonuncu sitat da Azərbaycan Prezidentinə məxsusdur.
*****
Qalır nəticə. Artıq hər şey Nikol Paşinyanın və komandasının iradəsinə bağlıdır. Ermənistan baş naziri öz xalqını, nəhayət, sülhə hazırlaya, yeganə doğru yola inandıra biləcəkmi? 
Alma-Ata bəyannaməsi” - Mütəllibovla Ter-Petrosyanın imzaladığı sənəddə nə  YAZILIB…
“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır”.
Bu sitat Praqada 4 tərəfli görüşdən sonra tərəflərin qəbul elədiyi bəyanatdandır. Lakin təbii ki, kifayət də deyil. Ermənistan Azərbaycanla normal münasibətlər qurmaq istəyirsə konkret, ikitərəfli sülh müqaviləsi imzalamalı və həmin u sənədi öz parlamentində ratifikasiya eləməlidir. Rəsmi İrəvan buna hazırdırmı?
*****    
“Paşinyan indiki halda çox mürəkkəb vəziyyətdədir. O yaxşı anlayır ki, Ermənistan yanlış, xəyali arzulardan, planlardan əl çəkməli və reallıqla barışmalıdır. Bununla yanaşı Ermənistan gec-tez Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh müqaviləsinə qol çəkməlidir. Digər tərəfdən N.Paşinyan da dərk edir ki, erməni cəmiyyəti xəstədir. Cığal, harın, azğın erməni müxalifəti isə hər an Paşinyanı devirmək üçün bəhanə axtarır. Onlar istənilən sülh müqaviləsini millətə xəyanət kimi qiymətləndirib baş nazirin üzərinə, onun hakimiyyətini devirmək üçün gedəcəklər. Ona görə də Paşinyan hazırda belə bir seçim qarşısındadır”.
Zərdüşt Əlizadə: “Paşinyan müharibəni qəsdən uduzur”
Zərdüşt Əlizadə
“Yeni Müsavat” xəbər verir ki, bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.
O hesab edir ki, N.Paşinyan hazırda reallığı tanımaq, ya da məsələni uzatmaq kimi bir yol ayrıcında qalıb: “Paşinyan düşünür ki, bəlkə şərait dəyişəcək, kimsə gəlib onlara dəstək olacaq. Bu kimi xəyali düşüncələr də var. Ona görə də N.Paşinyan çalışır ki, addım-addım həqiqəti erməni cəmiyyətinə yedizdirsin. İzah etmək istəyir ki, erməni xalqının 30 il və daha çox inandığı fərziyyələr həqiqətə uyğun deyil. Onlar həqiqəti dərk etməlidirlər. Bununla da Azərbaycanla sülh müqaviləsi imzalamalı və Qarabağ xəyalı ilə vidalaşmalıdırlar. Paşinyanın sərgiləməyə çalışdığı mövqe buna hesablanıb”.
Ekspertin fikrincə, N.Paşinyan hakimiyyətdən uzaqlaşdırılmasa, öldürülməsə, o, Azərbaycanla sülh müqaviləsi imzalayacaq: “Bununla da o, erməni xalqını böyük bir bəladan xilas etmiş olacaq”.
*****
Təbii ki, problem həm də Rusiyanın Ermənistandakı, Qarabağdakı əlaltılarından istifadə edərək, prosesə nə dərəcədə pəl vura biləcəyinə bağlıdır. Rusiya isə belə görünür ki, Praqa danışıqlarından məmnun deyil. Bunu XİN sözçüsü Mariya Zaxarovanın qısqanc reaksiyasından görmək çətin deyil.
 “Rusiya onun müttəfiqi olan iki dövlət arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin hazırlanmasına hərtərəfli yardım edir. Bizim hərtərəfli təkliflərimiz İrəvana və Bakıya verilib. Artıq xəbər verdiyimiz kimi, XİN-in xüsusi nümayəndəsi İqor Xovayev bu mövzuda məsləhətləşmələr aparmaq üçün bölgəyə bir sıra səfərlər edib. Bizim rolumuzu şübhə altına almağa, hərəkətsizliyimizdən danışmağa çalışanlar, mənə elə gəlir ki, arzularını reallığa çevirməyə çalışırlar”, - Zaxarova qeyd edib.
Onun iddiasına görə, Rusiya praktiki işlə məşğuldur: “Və Rusiya bunu hansısa tarix və ya hansısa gözəl format üçün deyil, konkret nəticələri birləşdirəcək şəkildə edir. Rusiya heç bir xüsusi reklam fəaliyyəti ilə məşğul deyil, bunun altında heç nə yoxdur”.
Göründüyü kimi, Moskva Brüssel formatından narazılığını gizlətmir. Onu da unutmaq olmaz ki, Rusiya yeganə xarici gücdür ki, hərbi cəhətcə həm Ermənistanın içində, həm də Qarabağda (Azərbaycanda) legitim şəkildə mövcuddur.
“Rusiyanın vasitəçi olmadığı görüşlərdən əvvəl və ya sonra biz cəbhədə təxribatların şahidi olmuşuq. Ola bilsin, Paşinyanın özü bunda maraqlı deyil, amma inanmıram ki, Paşinyan orduya tam nəzarət edə bilsin”.

Bunu isə “TV Müsavat”ın efirində politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Ermənistan ordusunda Rusiyaya bağlı güclər var.
Gözləyək görək, Moskva bu dəfə tərəflərə, Brüssel formatına hansı “sürprizi” edəcək...

BİA.az
скачать dle 12.1