Bia.Az

TAYVAN UKRAYNA OLACAQMI? - “Bu, Çini hücum etməkdən yayındıran ən mühüm faktordur”

Gündəm
 Dünən, 12:03     25

“Çin ”qələbəyə əmin olmadan müharibəyə girmə” prinsipinə əməl edəcək”

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Asiya - Sakit okean ölkələrinə səfəri zamanı Tayvanı ziyarət etməsi Çin Xalq Respublikası tərəfindən kəskin etirazla qarşılanıb. Pekin bu səfərin qarşısını almaq üçün hərbi güc tətbiqinə əl atacağı xəbərdarlığını etsə də, gərginlik silahlı toqquşmaya dönüşmədi.

Çinin Tayvanı öz ərazisi saymasına baxmayraq, ABŞ dəfələrlə bildirib ki, bu adanın Pekinin ixtiyarına keçməsinə imkan verməyəcək. Ağ ev strateji mövqedə yerləşən Tayvanın ətrafına aviadaşıyanlar və bir sıra hərbi gəmilər göndərməklə yeri gələrsə, Tayvan uğrunda döyüşəcəyini nümayiş etdirir. Beynəlxalq analitiklərin fikrinə görə, Çin ABŞ-la müqayisədə öz hərbi dəniz qüvvələrinin zəifliyini və Qərbin sanksiyalarını nəzərə alaraq hələlik geri çəkilib. Amma Tayvanı Çinə qatmaq planı Pekinin gündəmindən düşməyib.

“AzPolitika.info” xəbər verir ki, Türkiyənin “Medya Günlügü” internet portalı “Tayvan Ukrayna olacaqmı?” başlıqlı məqaləsində sözügedən məsələyə toxunub. Həmin məqaləni təqdim edirik:

”Ukrayna müharibəsi başlayandan Asiya - Sakit okean regionunda “Tayvan Ukrayna olacaqmı?” sualı verilir. Bəziləri Çinin Ukrayna hadisələrindən dərs çıxarmasını istəyir. Çünki Rusiyanın planladığı baş tutmadı. Ukrayna nəzarətə götürlməli, döyüşlər isə qısa müddətdə qurtarmalıydı. Amma alınmadı. Odur ki, Çinin Tayvana müdaxiləsi halında gözlənilməz anoloji vəziyyət yarana bilər.
Tayvan və Ukraynanın müqayisə edilməsinin başqa bir mərhələsinə keçək. “Çin Rusiya olarmı?” sualına cavab versək, görərik ki, iqtisadi planda Çin və Rusiya arasında ümumi şeylər azdır. Dünya fabriki olan Çinin Ümumi Daxili Məhsulu Rusiyanınkı ilə müqayisədə çox böyükdür.
Çin dünya iqtisadiyyatına sıx bağlandığı halda, Rusiyanın dünya iqtisadiyyatındakı “göbək bağı” yalnız enerji sektorudur. Digər yandan, enerji sferasında Rusiya Avropa Birliyindən asılı deyil, Avropa Birliyi Rusiyadan asılıdır. Amma Çin dünya iqtisadiyyatı ilə elə bağlanıb ki, mümkün sanksiyalar ölkəni dağıdar. Bu, Çini Tayvana hücum etməkdən yayındıran ən mühüm faktordur.

Rusiyanın isə dünya ilə qarşılıqlı təsiri elə səviyyədə deyil, ona görə də sanskiyalardan nisbətən az əziyyət çəkir.
Hərbi baxımdan Rusiya ön plana nüvə arsenalını çıxarır. Hər iki ölkənin quru qoşunları güclüdür və Ukrayna müharibəsi də quruda gedir. Lakin ehtimal edilən Tayvan müharibəsi dəniz müharibəsi olacaq, Çin Hərbi Dəniz Qüvvələri ABŞ donanmasından hələ ki, geridədir. Ukraynadakı hadisələrdən fərqli olaraq, Tayvana hücum edilməsi Amerikanın birbaşa müdaxiləsinə gətirib çıxara bilər. Həm də ki, həmin regionda, əsasən də Cənubi Koreya və Yaponiyada xeyli ABŞ hərbi bazaları var. Bunlarla yanaşı, Tayvan Amerika silahları ilə təchiz edilib. Çin hücum edəcəyi təqdirdə bu, onları durduracaq.
Amerika silahları Rusiyanın Ukraynada irəliləməsini ləngidən və ya onu dayandıran faktordur. Çin tanınmış tarixi sərkərdələri Sun-Çzının müdrik kəlamlarını yada salaraq, ”qələbəyə əmin olmadan müharibəyə girmə” prinsipinə əməl edəcək.

ABŞ hərbi cəhətdən Çindən güclü olduğu üçün Tayvana hücum baş verməyəcək. Bir də ki, Çin Tayvanla birləşməyə tələsmir. Buarada digər məqam ondan ibarətdir ki, Rusiya NATO-nun genişlənməsini təhlükə kimi gördüyü üçün öz strateji prioritetlərini buna əsasən müəyyənləşdirib. Çin isə ilk növbədə dinc yolla iqtisadi böyüməyə önəm verir. Ona görə də Tayvana müdaxilə onun bütün iqtisadi nailiyyətlərini məhv edər.




ƏtraflıAd - 00:13Beləliklə, biz bənzətmənin ikici hissəsinə gəlirik. Yəni, Ukrayna və Tayvanın bir-birinə oxşayan və oxşamayan tərəflərinə. Tayvanın əhalisinin sayı Ukrayna əhalisinin yarısı qədərdir.
Ada əhalisinin 90 faizi hanlardır(etnik çinlilər). Ukraynada yaşayan rusların təxmini sayı isə ümumi əhalinin 20 faizdir. Belə bir etnik xəritə iki region arasındakı mühüm fərqi göstərir.
Digər tərəfdən, Ukraynadakı ruslar ümumən Rusiya nəzarətində müstəqillik və ya Rusiyaya birləşmək çağırışları edirlər. Amma Tayvan əhalisi müstəqillik istəyir və Çinin nəzarətini qəbul etmir. Yəni, başqa sözlə desək, Tayvanda hanların çoxluq təşkil etməsi onların Çinə birləşmək istəmələri anlamına gəlmir. Çinin Tayvanla mədəni yaxınlaşma siyasəti isə lazımi effekt vermir. Tayvanlılıq ayrı bir xüsusiyyət daşıyır.

Ukrayna Tayvanla müqayisədə az inkişaf edib. Tayvanın iqtisadiyyatı Ukrayna iqtisadiyyatından üç dəfə böyükdür. Tayvan regionun informasiya-texnologiya mərkəzidir. ABŞ-ın belə bir ölkədən vaz keçəcəyi mümkünsüz görünür. Yəni, Ukrayna ilə müqayisədə Tayvan ABŞ-ın imtina edə bilməyəcəyi yerdir. Çin quru nəhəngidir, ABŞ isə dəniz nəhəngidir. Ortada isə Tayvan durub.
Tayvanı kim əlində saxlayacaqsa, o da üstünlük qazanacaq. Çinin Tayvanı işğal etməsi Yaponiyaya da əl vermir. Çinin düşməni olan Yaponiya hətta bu müharibəyə müdaxilə edə bilər.
Çin və Tayvan Ukrayna hadisələrindən dərs çıxarırlar. Tayvanın işğala daha hazırlıqlı olduğunu deyə bilərik. İndi artıq Çin də anlayır ki, ildırım sürətli əməliyyat uğurlu olmaya bilər. Yaxın vaxtlara kimi Çinin hərbi strategiyası xalq müharibəsiydi. Həmin strategiyaya görə xalq silahlandırılacaq, müharibəyə yola salınacaq, lazım olduğunda az intensivli strategiya tətbiq ediləcək (məsələn, partizan müharibəsi). Ancaq son dövrlər təsəvvürlər dəyişir.
Çin insan resursuna yox, texnologiyaya üstünlük veriləcək ordu qurmaq yolunda irəliləyir. Çünki artıq Çinin quru müharibələri qurtarıb. Sovet-Rusiya təhlükəsi üfüqdə belə görünmür. 
Vətəndaş müharibəsi və Yaponiya işğalı çoxdan sona çatıb. Tayvanı tutmaq üçünsə quru qoşunları yox, çox güclü hərbi-dəniz donanması tələb olunur. Keçirilən hərbi təlimlər hər iki tərəfin Ukrayna müharibəsindən dərs çıxardığını göstərir.

Beləliklə, Ukrayna və Tayvan arasında bəzi oxşarlıqlar olsa da, fərqlər daha çoxdur. Çin sanksiyalardan ehtiyatlanacaq. İndiki anda onun hərbi-dəniz donanması desant çıxarmaq üçün kifayət edəcək gücdə deyil.
Tayvana daxil olmağa cəhd göstərilməsi Amerikanın müdaxiləsi ilə nəticələnəcək. İqtisadi və strateji nöqteyi-nəzərdən Tayvan ABŞ üçün mühümdür və ABŞ onu Ukrayna kimi qurban verməyəcək. Bir sözlə, yaxın zamanlarda biz Tayvan müharibəsi və adaya hücum gözləmirik”.

BİA.az
скачать dle 12.1