Bia.Az

“Elmə aidiyyəti olmayanlar müxtəlif yollarla AMEA-da işə düzəlib” - Akademik

Gündəm / Siyasət
 27-04-2022, 15:57     216

AMEA-nın Nizamnaməsində qeyd olunur ki, AMEA dövlət və ali elm təşkilatıdır, mülkiyyəti dövlət mülkiyyətidir, dövlət büdcəsindən maliyyələşdirilir, yəni, dövlət sektoruna aiddir.

APA xəbər verir ki, bu barədə AMEA-nın Ümumi yığıncağında akademik Rasim Əliquliyev deyib.

“Bəs onda dövlət qulluğunda çalışanlara aid olan normativ hüquqi baza niyə tam həcmdə AMEA-ya tətbiq edilmir? Digər tərəfdən, Nizamnaməyə görə AMEA qeyri-kommersiya qurumudursa, bəs onda nə üçün elmi müəssisələrdən, alimlərdən elmi nəticələrin kommersiyalaşmasını, innovativ potensiala malik məhsulların tətbiqini, pul qazanmalarını tələb edirik?”, - akademik vurğulayıb.

O qeyd edib ki, əməyin ödənilməsi dövlət qulluğunda olduğu kimi olsaydı, istedadlı elmi işçilər, xüsusən də gənclər AMEA-dakı tədqiqat prosesindən uzaqlaşıb yüksək maaşlı işlərə getməzdilər: “Sosial müdafiə mexanizmləri dövlət qulluğundakı kimi olsa idi, AMEA-da çalışan işçilər də könüllü olaraq təqaüdə gedərdilər, ömürlərinin sonuna kimi iş yerlərindən bərk yapışmazdılar. Gənc yaşlarından xarici ölkələrdə fəaliyyət göstərərək təqaüdə çıxan həmkarlarımız 70-80 yaşlarında AMEA-da işə düzəlməyə cəhd etməzdilər. 65 yaşında elmə aidiyyəti olmayan insanlar dövlət qulluğundan təqaüdə çıxıb müxtəlif yollarla AMEA-ya işə düzəlməzdilər”.

Akademik Asəf Hacıyev isə deyib ki, AMEA-nın institutları il ərzində məqalələrinin sayını artırılmalıdır. İnstitutların işçi sayı ilə məqalə sayını müqayisə edəndə ortada böyük bir boşluq yaranır.

Onun sözlərinə görə, Azərbaycan alimləri getdikcə beynəlxalq dərəcəli jurnallarda çıxışlar etməli, konfranslara qatılmalıdır: “Bu o baxımdan önəmlidir ki, bu dəvətlər müqabilində həmin təşkilatçılar dəvət olunan alimlərə vəsait ödəyir”.скачать dle 12.1