Bia.Az

İCRA BAŞÇILARININ YIĞDIQLARI VƏ “QAYTARDIQLARI”... - Məmurlardan müsadirə olunan vəsaitlərdən aztəminatlı təbəqəyə nə çatır?

Gündəm
 26-04-2022, 16:56     243

Azərbaycanda son illər ərzində nazirdən tutmuş icra başçısına qədər bir çox məmurların korrupsiyaya görə həbs edilməsinə dair çoxsaylı səs-küylü cinayət işlərinin şahidi oluruq.

Bu adamların “topdağıtmaz” mülkləri milyonlarla dəyəri olan sərvətləri, biznesləri, bank hesabları, eləcə də evlərindən dəstə-dəstə pullar üzə çıxarılır, onlara aid mülklərin siyahısı dərc edilir və sair.

Həmin sərvətlərin necə, hansı yolla toplandığı da heç kimə sirr deyil, çünki hər şey onlara nəzarət etməli olan daha yuxarı instansiyalar və hüquq-mühafizə orqanları kimi, həm də “qara camaat”ın gözü qarşısında baş verib və təəssüf ki, hələ də bir çox hallarda baş verməkdədir. Bu sərvətlərin tərkibində təkcə büdcədən təmir-tikintidən tutmuş qələm-dəftərə qədər müxtəlif istiqamətlərə ayrılmış vəsaitlər yox, xeyli sayda kasıb-küsubun bir təhər dolanması, acından ölməməsi üçün nəzərdə tutulan pullar da var.

Məsələn, Neftçala Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı İsmayıl Vəliyevlə bağlı istintaq materiallarında qeyd edilib ki, o, işlədiyi müddət ərzində aztəminatlı işçilərin 152 600 manat pulunu ələ keçirib. Təbii ki, hələ bu, aztəminatlı camaatdan oğurlananın üzə çıxarılan hissəsidir. Digər icra başçılarının da əksəriyyəti eyni “qəhrəmanlıq”ları göstəriblər.
Bundan əlavə, kiçik sahibkarlardan hansısa mağaza, obyekt tikintisi üçün xırda torpaq sahələri ayırmaq üçün rüşvət alınıb.

Yaxud, rayon Təhsil Şöbələri başçıların aylıqlarını çatdırmaq üçün müəllimlərdən pul toplayıb, rayonun “sahibinə” çatdırıblar. Həmçinin, sosial təminatı aşağı səviyyədə olanlar, hətta qazi və şəhid ailələri belə onlar üçün qanunla nəzərdə tutulan mənzillər üçün başçılara rüşvət veriblər.

Bir sözlə, ya zəlzələdən, ya vəlvələrdən cinayətləri üzə çıxarılan və həbsə atılan məmurların böyük qisminin oğurladıqları varidatda büdcədən aztəminatlı ailələrə ayrılan, yaxud digər yollarla kasıb-küsubdan qoparılan vəsaitlərin özünəməxsus payı var. Bunu başçılar özləri də açıq şəkildə etiraf edirlər.

Belədə sual yaranır ki, bəs, bu pulları həmin insanlara, yəni aztəminatlı ailələrə qaytarmaq barədə düşünən, bunun mexanizmini hazırlayan varmı? 

Bu məmurların mənzillərindən milyonlarla dollarla pul çıxması, obyektlərinin, mülklərinin, bank hesablarının həbs edilməsilə bağlı rəsmi məlumatlar yayılıb. Eləcə də həmin şəxslərin dövlətə vurduqları ziyanın qismən, yaxud bütövlükdə ödənildiyinə dair xəbərlər verilir. 

Hüquqşünaslarsa bu vəsaitlərin dövlətə, yəni büdcəyə qaytarılmalı olduğunu qeyd edirlər. Lakin heç kim faktiki olaraq aztəminatlı ailələrə çatmalı olan, lakin mənimsənilən vəsaitlərin həmin ailələrə qaytarılmasına, yaxud 20 kvardat torpağa 5 min-10 min manat ödəyən sahibkara vurulmuş ziyanın ödənməsinə dair heç nə demir. Axı, cinayətkarın həbs edilərək, cəzalandırılması, əlindəkilərin müsadirə edilməsilə iş bitmir. Ədalətin bərpası yarımçıq ola bilməz!

Lakin bizdə bir çox məsələlər kimi, ədalətin bərpası da yarımçıqdır. Belə olmasaydı, məmurlardan müsadirə olunan vəsaitlərdən birinci növbədə aztəminatlı vətəndaşlara çatmalı olan hissə hansısa formada onlara çatdırılardı.
 
Yox, əgər həmin pullar sadəcə büdcəyə qaytarılırsa, o zaman onların yenidən artıq bir dəfə haqqı oğurlanan aztəminatlı ailəyə çatdırılması ehtimalı olduqca aşağıdır. Çünki bu dəfə də o pullar başqa bir məmurun, icra başçısının və s. əlinə düşəcək, yəni ki, sadəcə, yenidən “dövriyyəyə buraxılacaq”./“AzPolitika.info” скачать dle 12.1