Bia.Az

“RUSİYADA HAKİMİYYƏT DƏYİŞİKLİYİ QAÇILMAZDIR” – Putinin keçmiş müşaviri

Gündəm
 11-04-2022, 12:49     240

Rusiya rəhbəri Vladimir Putinin keçmiş baş iqtisadi müşaviri Andrey İllarionov BBC radiosuna açıqlama verib. O bildirib ki, Qərb ölkələrinin Rusiya enerji daşıyıcılarına əməli qadağası Ukraynada müharibəni dayandıra bilər. Çünki Kreml Qərbin Rusiyadan enerji istehlakını azaltmaq barədə xəbərdarlığını ciddi qarşılamayıb.

Xatırladaq ki, Qərb Rusiyadan enerji asılılığını azaltmağa çalışsa da, Avropa bu ölkədən neft və qaz alışını davam etdirməkdədir. Keçən il qiymətlərin bahalaşması Rusiyaya büdcəsinin üçdə birindən çoxunu neft və qaz gəlirlərinin hesabına formalaşdırmağa imkan verib. Bu gəlirin böyük hissəsi Avropa İttafaqından daxil olur. Aİ qazının təxminən 40%-ni və neftin 27%-ni Rusiyadan idxal edir.
Andrey İllarionov hesab edir ki, əgər Qərb ölkələri Rusiyadan neft və qaz ixracına real embarqo tətbiq etsələr, yəqin ki, bir-iki aya Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dayandırılacaq.
"Bu, Qərb ölkələrinin əlində olan çox təsirli alətlərdən biridir", o əlavə edib.
Rusiya Mərkəzi Bankı tərəfindən aparılan son sorğulardan birində iqtisadiyyatın bu il 8% geriləyəcəyini proqnozlaşdırlır. Beynəlxalq Maliyyə İnstitutu isə bu göstəricinin 15% ola biləcəyini bildirib.
Doktor İllarionov hesab edir ki, prezident Putinin iqtisadi zərbələrə dözməyə hazırdır, çünki onun üçün prioritet təşkil edən hədəf fərqlidir: "Onun üçün ərazi ambisiyaları, imperiya ambisiyaları hər şeydən, o cümlədən Rusiya əhalisinin dolanışığından və ölkədəki maliyyə vəziyyətindən, hətta hökumətinin maliyyə vəziyyətindən də qat-qat vacibdir".
Dünya Bankının hesabatları rusiyalıların təxminən 20 milyonunun yoxsulluq içində yaşadığını göstərir. Lakin doktor İllarionova görə, son hadisələr Rusiyada yoxsulların sayının ikiqat, bəlkə də üçqat artacağını güman etməyə əsas verir.
Moskvada mənzillənən Strateji Araşdırmalar Mərkəzinin hesablamalarına görə, bu il Rusiyada iki milyonadək iş yeri itirilə bilər.
Bu narahatlıqları Rusiyanın keçmiş energetika nazirinin müavini, hazırda isə müxalifət lideri Aleksey Navalnının "Gələcəyin Rusiyası" partiyasının üzvü olan Vladimir Milov da bölüşür: "Bir çox insan işlərini itirməkdən narahatdır. Müharibəyə görə ölkədə inflyasiya 15,7% səviyyəsinə qalxıb, bahalaşmaya görə camaat idman zalları və restoranlara pul xərcləməyi azaldacaq. Bu isə kiçik biznes üçün pis xəbərdir".
Milov hesab edir ki, həyat standartlarının hər hansı nəzərəçarpacaq dərəcədə aşağı düşməsi müxalifətin işini asanlaşdıracaq: "Biz insanlara başa salırıq ki, Putinin siyasəti Rusiyanı tam sosial və iqtisadi fəlakətə, o cümlədən onilliklər ərzində görmədiyimiz həyat səviyyəsinin pisləşməsinə gətirib çıxaracaq. Bir neçə ay belə davam etsə, bu, cəmiyyətin əhval-ruhiyyəsini dəyişəcək - daha çox insan etiraz səsini qaldıracaq".
Andrey İllarionov da hesab edir ki, hökumət dəyişikliyi gec-tez qaçılmazdır: "Mövcud siyasi rejimlə Rusiya üçün hər hansı pozitiv gələcək mümkün deyil".скачать dle 12.1