Bia.Az

MEHDİYEVİN ƏTRAFINDA OLANLAR KİMLƏRDİR? – Və ya AMEA-da dövlət əleyhinə siyasətdə kimlər yer alır?

Gündəm
 14-02-2022, 12:00     253

AMEA prezidenti Ramiz Mehdiyevin akademiyanın rəsmi saytında dərc etdiyi məqalə odun üstünə sanki yağ töküb. Deputatlar, ictimaiyyət nümayəndələri, ekspertlər onun dərhal istefaya göndərilməsini tələb etməyə başlayıb. Bu tələblə Milli Məclisin rəhbər şəxsləri və üzvləri, akademiklər, elm xadimləri, politoloqlar, siyasi partiya nümayəndələri də çıxış edir. Amma bu qalmaqalda diqqətçəkən bir məqam var:

Ramiz Mehdiyevin məsələsi AMEA-da müzakirə olunmur, qurumun Rəyasət Heyəti üzvləri, başqa rəhbər strukturların nümayəndələri onun haqqında bir kəlmə də olsun danışmır. İndiyə qədər heç bir kollegial qurumda onun istefaya getməsi məsələsi qaldırılmayıb.
Əksinə, Mehdiyevin hər həftə keçirdiyi toplantılarda bir nəfər kimi iştirak edir, çıxışılar, məruzələr edib AMEA-da işguzar mühitin olduğuna dair görüntü yaradırlar. Paralel olaraq rəhbərə sədaqət nümunəsi göstərilir. Görünür, R.Mehdiyev akademiya sükanı arxasına keçəndən dərhal sonra apartdırdığı “maliyyə yoxlamaları” ilə bir çoxlarının dilini-ağzını bağlamağa müvəffəq olub...
Gözləmək olardı ki, Ramiz Mehdiyevin 2 gün əvvəl yayımladığı qalmaqallı məqalə, nəhayət, bu qurumları hərəkətə keçirəcək. Çünki sözügedən yazıda AMEA prezidenti açıq şəkildə siyasi sistemə qarşı çıxış edir, bu zaman müxalifətin istifadə etdiyi epitetlərdən, ifadələrdən gen-bol yararlanır. Həmin yazını isə AMEA rəhbərliyinin adından yayır. Dövlət əleyhinə olan bəyanatına AMEA rəhbərliyini də şərik edir.
Amma akademiyanın əksər vitse-prezidentləri, Rəyasət Heyətinin, eyni zamanda qurumun həqiqi və müxbir üzvləri buna göz yumur.

Onların sırasında AMEA Rəyasət Heyətinin üzvlərindən akademiklər - Arif Həşimov, İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, Tofiq Nağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, İsmayıl Hacıyev, Fuad Əliyevi, eləcə də AMEA Rəyasət Heyətinin aparat rəhbəri Seyfəl Həsənovu, AMEA prezidenti katibliyinin rəisi Eldar Əmirovu, eyni zamanda regional bölmələrin rəhbərlərini göstərmək olar.
Mehdiyev "Amerikanın səsi" radiosuna müsahibəsində AMEA daxilində aldığı dəstəkdən ruhlanaraq istefaya getməyəcəyini, ətrafındakı akademiklərin onu dəstəklədiyini bildirib.

Beləliklə, AMEA rəhbərliyində - Rəyasət Heyətində təmsil olunan şəxslər susqun dayanmaqla məsuliyyətdən yayınmağa çalışsalar da, əslində Mehdiyevin ətrafında yer alıblar. Bu da onların əksəriyyətinin akademik adını məhz Mehdiyevin hesabına aldığını, əslində heç elmlər namizədi səviyyəsində belə savadlarının olmamasını düşünməyə əsas verir. Məsələn, İsa Həbibbəyli, İradə Hüseynova, Gövhər Baxşəliyeva hansı elmi nailiyyətlərinə görə akademik olublar? Onların və digərlərinin ortaya çıxarılacaq, dünya alimlərinin istinad etdiyi bir elmi əsəri varmı? 
Bu şəxslər unutmamalıdırlar ki, onların Mehdiyevə açıq dəstəyi Azərbaycan dövlətçiliyinə və hakimiyyətinə qarşı yönəlib. Bu antimilli fəaliyyətdə Mehdiyevin yanında yer almaq, onunla komanda oyunu nümayiş etdirmək heç də yaxşı perspektiv vəd eləmir...
Rasim
"AzPolitika.info"  скачать dle 12.1