Bia.Az

“PUTİN SƏNİ ÇOX PİS TƏRBİYƏ EDİB...” - Kadırova qarşı narazılıq pik həddə çatır və...

Gündəm
 10-02-2022, 15:16     298

“Salam, Ramzan. Mənim adım İlya Yaşindir. Mən sənin əlaltılarının 7 il əvvəl qətlə yetirdiyi Boris Nemtsovun dostuyam...”
“AzPolitika.info” xəbər verir ki, Rusiyada tanınmış müxalif siyasətçi və hüquq müdafiəçisi olan İlya Yaşinin Çeçenistan rəhbəri Ramzan Kadırova birbaşa videomüraciəti bu cümlələrlə başlayır.

İki gün öncə yayımlanan müraciət böyük maraqla qarşılanıb və “Youtub”-da bu videoçarxa artıq 3 milyon izləyici baxıb. Həmin müraciətində müxalif siyasətçi Ramzan Kadırovun istefası tələbilə petisiya açdığını elan edib. Cəmi iki gün ərzində həmin petisiyaya 200 minə yaxın izləyici qoşulub ki, bu da kifayət qədər yüksək rəqəm sayılır.
Videomüraciətin özünə gəlincə, burada İ.Yaşin Ramzan Kadırova “padşah” deyə müraciət edir və onu Rusiyada dövlət içində dövlət yaratmaqda, Rusiya konstitusiyası və qanunlarını kobud şəkildə pozmaqda, çoxlu sayda qətllərə və digər ağır cinayətlərə fərman verməkdə, həmçinin, dövlət vəsaitlərini mənimsəməkdə günahlandırıb. 
Məşhur müxalif siyasətçi Boris Nermtsovun qətli də daxil olmaqla, Kadırovun əlaltılarının törətdikləri cinzayətləri “banditlik və qorxaqlıq” adlandıran Yaşin küçədə silahsız adamları, özü də arxadan güllələyərək qətlə yetirməyin qəhrəmanlıq yox, qorxaqlıq olduğunu bildirib və Kadırovun hərbi dəstələrilə Çeçen xalqını eyniləşdirməyin doğru olmadığını vurğulayıb.

 İlya YaşinArdınca İ.Yaşin Kadırovun öz rəqiblərinə, onu tənqid edənlərə qarşı ləyaqətsiz tərzdə mübarizə apardığını bildirir və misal olaraq, keçmiş federal hakim Saydi Yanqulbayevin ailəsinə qarşı törədilən əməlləri qeyd edir. 
Məlumat üçün bildirək ki, Ramzan Kadırovun hələ 2015-ci ildə Çeçenistan Ali Məhkəməsinin hakimi olan Saydi Yanqulbayevin ailəsinə qarşı repressiyalara başladığı qeyd olunur. Həmin vaxt hakimin oğlu İbrahim sosial şəbəkələrdə Çeçenistanın tarixi və bu respublikadakı insan haqları mövzusunda səhifə yaradaraq, aktiv şəkildə paylaşımlar edib. 

Həmin paylaşımlarda müxalif fikirlər yer alıb və insan haqlarının kobud şəkildə pozulduğu vurğulanıb. O vaxt rəsmən Rusiya Federasiyasının hakimi statusu daşımasına baxmayaraq, Yanqulbayev oğlu ilə birgə Kadırovun iqamətgahına gətirilərək, vəhşicəsinə döyülüb. Bunun şəxsən Kadırovun göstərişi ilə və onun gözləri qarşısında baş verdiyi bildirilir. Ardınca Yanqulbayev hakimlikdən istefa verməyə məcbur edilib və bundan sonra sabiq hakim ailəsi ilə birgə Nijni Novqoroda köçüb. 
2022-ci ilin yanvarında isə Yanqulbayevin böyük oğlu, hüquqşünas və hüquq müdafiəşisi kimi tanınan Əbubəkir Yanqulbayev Çeçenistanda onların bir neçə qohumunun yoxa çıxdığını bildirib. Həmçinin, Nijni Novqorodda yaşayan anasının, yəni sabiq federal hakim S.Yanqulbayevin həyat yoldaşı Zarema Musayevanın özlərini Çeçenistan polisi kimi təqdim edən şəxslər tərəfindən oğurlanaraq, Qroznıya aparıldığını deyib. Kadırovun özü də bunu təsdiqləyib və bildirib ki, həmin qadın “polisə müqavimət” maddəsilə ittiham edilir. Yanqulbayev özü isə bundan sonra təcili şəkildə qızını da götürərək, Rusiyanı tərk edib.
Son günlər Rusiyada böyük rezonans doğuran və ictimai qınağa səbəb olan bu əhvalatı və günahsız yaşlı qadının həbsini nəzərdə tutan İ.Yaşin müraciətində üzünü Kadırova tutaraq deyib: “Bilirsənmi ki, bu hərəkət kənardan nə qədər ləyaqətsiz görünür? Qadınlarla savaşmaq ayıb deyilmi?”

Kadırovun bütün hədləri aşaraq, qanunları pozaraq Rusiya Federasiyasının hakiminin ailəsinə divan tutmasını, eləcə də ayrı-ayrı rusiyalı jurnalistləri, hüquq müdafiəçilərini, müxalif siyasətçiləri ölümlə hədələməsini misli görünməmiş özbaşınalıq kimi qiymətləndirən Yaşin Çeçenistan rəhbərinin bu davranışlarının Vladimir Putindən qaynaqlandığını deyib. 
Müxalifətçi məhz Putinn dəstəyi sayəsində Kadırovun özünü dövlətdən və qanunlardan üstün tutduğunu vurğulayıb: “Bütün bunları sənə mən yox, Vladimir Putin hələ 2007-ci ildə səni Çeçenistanın rəhbəri təyin edərkən deməli idi. Sən Putini ikinci atan adlandırırsan. Siyasi mənada belə də var. O, səni böyüdüb, sənə nəsihətlər və federal büdcədən “cib xərcliyi” üçün pul da verib. Lakin təəssüf ki, o, səni çox pis tərbiyə edib. Putin sənə heç cür müasir Rusiyanın həyat qanunlarını, davranış normalarını başa salmayıb. Yəqin ona görə ki, onun özü də bu norma və qaydaları o qədər də yaxşı başa düşmür. Bəli, sənin indiki kimliyinə görə Putin birbaşa məsuliyyət daşıyır... Putin səni hər dəfə müdafiə edir, haqlı çıxarır, sənə pul göndərir. Sənsə fəxrlə deyirsən ki, əvvəllər Rusiya ilə savaşmısan, indi isə Rusiya sənə ildə 300 milyard rubl verir... Bax, gör sənin əlində nə qədər qan var. Gör sənin ətrafında nə qədər cəsəd var”.
Nəhayət, Kadırovun Ukrayna barədə “mən prezidentin yerinə olsaydım, Ukraynanı çoxdan götürmüşdüm” fikrini reallıq hissinin itirilməsi kimi dəyərləndirən Yaşin hazırkı Çeçenistan rəhbərinin dövlət məmuru statusu daşımasının doğru olmadığını qeyd edərək, ona qarşı mübarizə aparmağın və onun istefasına nail olmağın vacibliyini bildirir. Kadırovdan qorxmadığını və ona nifrət etdiyini bəyan edən və ona sonda “sən getməlisən!” deyən Yaşin, ardınca da petisiya açdığını bildirir və hamını bu təşəbbüsə qoşulmağa çağırır.
Yaşinin çağırışına və çox qısa müddət ərzində böyük sayda imza toplamasına münasibət bildirən Kreml sözçüsü Dmitri Peskov əvvəlcə Kadırovun və ətrafının açıqlamalarının onların şəxsi mövqeləri olduğunu söyləyib. Ardınca isə bu imzatoplama kampaniyasına Kremlin heç bir münasibət bildirmək fikrinin olmadığını qeyd edib.
Rusiyadakı müxalif mətbuat və siyasətçilərin də qeyd etdiyi kimi, Kadırovun və ətrafının əməlləri ilk növbədə Putinin özünün reputasiyasına mənfi təsir göstərir və onun idarəetmə təfəkkürü, şəxsiyyəti, mənəvi keyfiyyətləri barədə neqativ rəy yaradır. Həmçinin bu, bir daha göstərir ki, məhz qeyd edilən kriteriyalar sarıdan Putin Kadırovdan o qədər də seçilmir. Xatırladaq ki, Rusiya Prezidenti bu “yüksək siyasi mədəniyyətini” və “tərbiyəsini” son olaraq iki gün öncə Ukraynanın ünvanına söylədiyi “xoşuna gəlsə də, gəlməsə də döz, gözəlim” ibarəsilə də ortaya qoymuşdu...скачать dle 12.1