Bia.Az

Qazaxıstan hadisələrinin üzdə olan xronologiyası

Gündəm
 6-01-2022, 16:56     289

Qazaxıstan keçmiş sovet məkanında az-çox inkişaf etmiş ölkələrdən sayılır. Bəs nə üçün bu ölkədə maye qazın bahalaşması kütləvi etirazlara, qanlı hadisələrə rəvac verdi?

Novator.az saytı Qazaxıstanda baş qaldıran və hələ davam edən hadisələrin xronologiyasına nəzər salıb.
Sayt Rusiyanın müstəqil “Novaya qazeta” qəzetinə istinadla bildirir ki, əslində son vaxtlar Qazaxıstan əhalisi sürətlə yoxsullaşıb: “Ölkənin qərbində, xüsusilə Janaozen şəhərində vəziyyət daha acınacaqlıdır. Neft-qaz şəhəri olan Janaozen əslində normal yaşayış üçün əlverişsiz yerdir. Bu küləkli şəhər yayda çox isti, qışda çox soyuq olur. Bir növ kompensasiya kimi Janaozendə işləyənlərə daha yüksək maaş verilir. Ancaq şəhərdə çoxlarının maaşı 300 dollara (130 min təngə) çatmır. Ona görə də sürücülərin çoxu avtomobilini maye qazla işlədir. Bu, benzindən ucuz başa gəlir.
2022-ci ilə qədər maye qazın bir litrinin qiyməti 60 təngə olub. Bu il yanvarın 1-dən isə qiymətin iki dəfə qaldırılması qərara alınıb. Buna formal olaraq qaz operatoru “KazMunayQaz” cavabdehdir. Onun qiyməti qaldırmasının məntiqi çox sadədir. Qazaxıstanda maye qaz 2019-cu ildən birja əmtəəsi hesab olunur. Ancaq maye qazın birjada satışına yalnız 2022-ci ildən başlanıb. Əslində bazar reallıqlarını nəzərə alanda qiymət doğrudan da 60 təngədən çox ola bilər. O biri yandan başqa reallıq var: qiymətin bazara uyğunlaşdırılması vətəndaşların büdcəsinə ağır zərbə vurur. Ona görə də maye qaz bahalaşan kimi ilk növbədə Janaozen əhalisi küçələrə axışdı.
Ardınca yanvarın 2-si axşam Manqistau vilayətinin sakinləri ayağa qalxdılar.
Sayı iki-üç min nəfəri aşmayan etirazçıların tələbi sırf iqtisadi xarakter daşıyırdı və aksiyanın yatırılması üçün onlara dərhal cavab vermək kifayət edərdi.
Ancaq regional hakimiyyət etirazlara məhəl qoymadı. Prezident Qasım-Comərd Tokayev isə etirazlara yalnız gecə vaxtı, həm də sadəcə “Tvitter” sosial şəbəkəsi vasitəsilə reaksiya verdi. O, sosial şəbəkədə yerləşdirilən açıqlamasında hökumətə Janaozendəki vəziyyəti təcili nəzərdən keçirməyi tapşırdığını diqqətə çatdırdı və nümayişçiləri ictimai asayişi pozmamağa çağırdı.
Tokayevin xalqla ünsiyyətdə seçdiyi taktika – “Tvitter” diplomatiyası uğursuz oldu: ertəsi gün etirazçıların sayı bir neçə dəfə çoxaldı”.
“Novaya qazeta” yazır ki, vəziyyəti dinc yolla həll etmək mümkün idi: “Sadəcə, xalqın qarşısına çıxıb vəziyyəti izah etmək lazım idi. Bunun əvəzinə energetika naziri Maqzum Mirzəqaliyev mətbuat konfransını təxirə saldı, üstəlik, qiymətin əvvəlki səviyyəyə qaytarılmayacağını bəyan etdi. Formal olaraq o, haqlı idi. Ancaq belə situasiyada bu cür açıqlama vəziyyəti gərginləşdirməkdən savayı bir işə yaramadı.
Hakimiyyət yanvarın 4-ü axşama yaxın maye qazın bir litrinin qiymətini 50 təngəyə endirməyə razılaşdı. Ancaq bu, yalnız Manqistau vilayətinin sakinlərinə şamil edildi. Elə həmin andan hakimiyyətin istənilən hərəkəti və ya bəyanatı sırf bəhanə kimi qəbul olunmağa başlandı və etirazlar iqtisadi məcradan çıxdı.
Əhali Qazaxıstanda siyasi rejimin dəyişməsi məsələsini ortaya qoydu: ölkənin ilk prezidenti, 2019-cu il martın 20-də öz istəyi ilə dövlət başçısı postundan ayrılmış, amma Təhlükəsizlik Şurasının sədri kimi yenə hakimiyyəti əlində saxlaya bilmiş Nursultan Nazarbayev idarəçilikdən tam uzaqlaşdırılsın, prezident Qasım-Comərd Tokayev isə könüllü olaraq postunu tərk etsin.
Etiraz dairəsi genişləndi, ölkənin cənub bölgələrində – Qızılorda, Çimkənd, Taraz, hətta Qazaxıstanın ən sakit şəhəri olan Taldıkurqanda insanlar oxşar tələblərlə küçələrə axışdı.
Hakimiyyət buna texniki cəhətdən hazır olsa da (internet, bir sıra müstəqil media orqanları dərhal bloklanmışdı), Almatı şəhərindəki etirazlar radikal həddə çatdı, iğtişaşlar törədildi.
Qərb bölgələrində ilk günlərdə iğtişaşlar qeydə alınmasa da, Almatıdakı etirazlar dərhal qanlı qarşıdurmaya çevrildi. Təhlükəsizlik qüvvələri öncə nümayişçilərə qarşı yalnız gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə etdi. Buna cavab olaraq etirazçılar bir neçə polis avtomobilini yandırdılar və Almatı meriyasının binasını ələ keçirməyə cəhd etdilər. Əvvəlcə bu cəhdin qarşısı alındı.
Elə həmin anda Janaozenə çağırılan, ancaq bu tələbə məhəl qoymayan ölkə prezidenti Qasım-Comərd Tokayevin etirazçılara müraciətinin videosu yayıldı. O öz müraciətində “Hakimiyyət yıxılmayacaq” dedi və etirazçıları səbirli olmağa çağırdı. Prezident nümayişçilərin tələblərinin nəzərə alınacağına söz verdi.
Yanvarın 5-də aksiyaçılar Almatı şəhərində icra hakimiyyətinin binasına, şəhər prokurorluğuna, hakim Nur Otan Partiyasının yerli təşkilatının ofisinə hücum çəkərək yanğınlar törətdilər. Ölkənin başqa bölgələrində də vəziyyət xeyli gərginləşdi.
Yanvarın 5-i Tokayev Almatı və Manqistau vilayətlərində, daha sonra paytaxt Nur-Sultanda fövqəladə vəziyyət elan etdi, habelə baş naziri və hökuməti istefaya göndərdi.
Həmin axşam prezident ölkənin bütün ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqinə qərar verdi.
Xalqa müraciətində Qasım-Comərd Tokayev Təhlükəsizlik Şurasına sədrliyə başladığını da söylədi. Bu, Nursultan Nazarbayevin postu itirməsi deməkdir.
Həmin gün artıq birinci prezidentin Taldıkorqan şəhərindəki heykəli də aşırdılmışdı.
Yanvarın 5-i axşam Qasım-Comərd Tokayev ritorikasını xeyli sərtləşdirdi. O, say açıqlamasa da ölən və yaralananların olduğunu, Qazaxıstanın terrorla üz-üzə qaldığını bəyan etdi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istədi.
Yanvarın 6-na keçən gecə hazırda KTMT-yə sədrlik edən Ermənistanın baş naziri Nikol Paşinyan təşkilatın Qazaxıstana sülhməramlı hərbi kontingent yeridəcəyini bəyan etdi.
Ölkənin iri şəhərlərində vəziyyət çox gərgindir. Atışmalar gedir, neçə nəfərin öldüyü və yaralandığı dəqiq bilinməsə də, bu sayın xeyli artdığı deyilir.
Politoloq Dimaş Alcanov “Novaya qazeta”ya bildirib ki, Qazaxıstanın bu gün üzləşdiyi problemin kökü dərindir: “Cəmiyyətin böyük hissəsi həqiqətən də yoxsul vəziyyətdə yaşayır. Bu üzdən həm siyasətdə, həm iqtisadiyyatda böyük islahatlara ehtiyac var. Avtoritar ölkədə isə hakimiyyətin siyasi islahatlar aparması demək olar mümkün deyil. Siyasi rəhbərliyin buna meyili olmur və nəticədə siyasi sistem gec-tez böhran vəziyyətinə düşür”.
Rusiyanın nəzarəti altındakı KTMT-nin Qazaxıstana qoşun yeridəcəyi bəlli olandan ekspertlər iğtişaşlarda Moskvanın əli olduğuna dair fikirlər səsləndirməyə də başlayıblar.
Rusiya prezidenti Vladimir Putin hələ ki, Qazaxıstan hadisələrinə açıq münasibət bildirməyib.
Mənbə: Novayagazeta.ruскачать dle 12.1