Bia.Az

QAZAXISTANDA BAHALAŞMA ƏLEYHİNƏ ETİRAZLAR... - Ölkə başçısı əhaliyə müraciət etdi, qazın qiyməti endirildi + VİDEO

Gündəm
 4-01-2022, 16:46     228

Ümumilikdə təkcə postsovet məkanında deyil, demək olar bütün dünya ölkələrində müşahidə olunan bahalaşma ciddi etirazlarla müşaiyət olunur. Xüsusilə də sosial-iqtisadi cəhətdən o qədər də dayanıqlı olmayan ölkələrdə bu etirazlar siyasi çalarlar almağa başlayır.

Bu günlərdə Azərbaycanın qonşusu Qazaxıstanda baş qaldıran etiraz aksiyaları dünya mətbuatının diqqət mərkəzinə düşüb.
“AzPolitika.info” xəbər verir ki, etirazların əyalət şəhəri olan Janaozendən paytaxt Astanaya və digər iri şəhərlərə sıçraması hazırda Qazaxıstanda baş verənlərə diqqəti daha da artırıb.
Mətbuatda yayılan məlumatlardan belə aydın olur ki, hər şey Janaozen şəhərindəki yanacaqdoldurma məntəqələrində sıxılmış qazın qiymətinin iki dəfəyədək bahalaşaraq, 50-60 tengedən(0.13 dollar) 120 tengeyə(0.27 dollar) qalxamasından başlayıb. Yerli əhali buna etiraz əlaməti olaraq, küçələrə çıxıb.
Məlumatda deyilir ki, ilk olaraq, əhali neft şəhəri olan Janaozenin şəhər administrasiyasının qarşısına toplaşıb və şəhərin mərkəzindəki avtomobil yollarını bağlayıb. Daha sonra etiraz aksiyaları Janaozenin aid olduğu Manqistau vilayətinin digər yaşayış məntəqələrinə yayılıb. Artıq yanvarın 3-nə keçən gecə Qazaxıstanın böyük liman şəhəri olan Aktauda etirazçılar küçələrə axışmağa başlayıb. Şəhər sakinləri mərkəzi meydana toplaşaraq, etiraz şüarları səsləndiriblər. Həmçinin, xəbər verilir ki, etirazçıların bir qismi aeroportdan şəhərə gələn yolu bağlayıblar. Polisin etirazçıları mühasirəyə aldığı qeyd olunur.

Manqistau vilayətinin iri sənaye müəssisələrinin işçiləri isə hökuməti tətillə hədələyib. Xarici və yerli media orqanları xəbər verirlər ki, Aktau və digər şəhərlərə çoxlu sayda polis qüvvələri və texnika cəlb olunub. Hətta küçələrdə hərbi yük maşınları görünür. Ölkədə internetin və mobil rabitənin fəaliyyətində məhdudiyyətlər müşahidə olunur. Xəbər verilir ki, etirazlar tədricən paytaxt Astana və ən böyük şəhər olan Alma-Ataya da yayılmaqdadır. Artıq ötən gün paytaxtda 8 etirazçının həbs olunduğu bildirilir. Alma-Atada isə polis Respublika meydanına girişi bağlayıb.
Müstəqil müşahidəçilər bildirirlər ki, baş verən etirazları təsadüfi saymaq və yalnız sıxılmış qazın bahalaşması ilə əlaqələndirmək doğru olmaz. Çünki ümumilikdə əhali özünün sosial durumundan, qiymətlərdən, bir sözlə, dolanışıqdan narazıdır.

Bu arada ölkə başçısı Kasım-Jomart Tokayev öz “tvitter” səhifəsində etirazçılara müraciət edərək, onları qanunlara riayət etməyə çağırıb: “Vətəndaşlar yerli və mərkəzi hakimiyyətə tələblərini çatdırmaq hüququna malikdirlər. Lakin bunu qanunvericiliyə və dinc toplaşma qanununa uyğun şəkildə etməlidirlər.”
O, həmçinin məsələnin tezliklə araşdırılmasına və müvafiq qərarlar verilməsinə dair hökumətə göstəriş verdiyini bildirib.
Qazaxıstanın Energetika Nazirliyi də müraciətlə çıxış edib. Nazirlik hökumət adından bildirib ki, ölkədə sıxılmış təbii qaza ehtiyac ilbəil artsa da, onun istehsal həcmi əvvəlki səviyyədə qalır. Hökumətin son qərarına görə isə təbii qazın qiyməti bazar tərəfindən tələb və təklifə uyğun olaraq tənzimlənəcək. Bu səbəbdən qiymətlərdə artım müşahidə olunur. Lakin bu izahatlar və vədlər əhalini razı salmayıb.

Etirazların artdığını görən hökumət xüsusi komissiya yaradıb. İlk olaraq, qiymətin 120 təngədən 85 təngəyə endirilməsi qərara alınıb. Lakin etirazçılar qiymətlərin əvvəlki səviyyəyə qaytarılmasını tələb edirlər. Hökumət isə vəziyyətin daha da gərginləşməsinin və sosial tələbli mitinqlərin siyasi etirazlara çevrilməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çalışır. Ancaq müşahidəçilər bunun asan olmayacağı qənaətindədirlər. Çünki etirazlar bir günün, bir hadisənin yox, uzun illərdən bəri yığılıb qalan narazılıqların nəticəsidir.
Məlumat üçün bildirək ki, 2011-ci ildə də məhz Janaozendə böyük etiraz aksiyaları keçirilmiş və bu mitinqlər bütünlükdə Qazaxıstanı silkələmişdi. Hətta həmin vaxt polis əhaliyə odlu silahdan atəş də açmışdı. Nəticədə çoxlu sayda etirazçı xəsarət almış, xeyli həbs edilənlər olmuşdu.скачать dle 12.1