Bia.Az

Əli Hüseynov - "Yeni Azərbaycan Partiyası formalaşmış və regionda böyük nüfuzu olan siyasi təşkilatdır"

Gündəm / Siyasət
 23-11-2021, 23:12     443

Bu gün ölkəmizin hər yerində böyük sevgi və coşqu ilə zamanın tələbindən yaranmış, Azərbaycan vətəndaşlarının bütün arzu və istəklərinin tərənnümçüsü, ölkəmizin sürətli inkişafının təminatçısı olan böyük siyasi təşkilatın-Yeni Azərbaycan Partiyasının ölkənin siyasi səhnəsinə gəlişinin 29 illik yubiley təntənələri keçirilir.

Yeni Azərbaycan Partiyası dedikdə, təbii ki, dərin minnətdarlıq duyğusu və məhəbbətlə ümummilli liderimiz Heydər Əliyevi yada salır, onun hər birimizə örnək olan bənzərsiz ömür yoluna nəzər yetirməli oluruq. Son 500 illik tariximizi araşdıranda görürük ki, bu əsrlərdə Vətənimiz üçün heç kəsin edə bilmədiyini ulu öndərimiz edib. Odur ki, hər birimiz fəxrlə, qürurla müasir Azərbaycanımızı “Heydər Əliyevin Azərbaycanı” adlandırırıq. Tarixi-xronoloji inkişaf baxımından sübut olunub ki, ümummilli liderimizin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr intibah dövrüdür və bugünkü uğurlu inkişafımızın təməli o illərdə qoyulub. Elə buna görə də XX əsrin 70-ci illərini və 80-ci illərinin birinci yarısını Azərbaycanın “qızıl dövrü” adlandırırıq.

Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi on ildə  respublikamız bütün sahələrdə inkişaf etdi, güclü dövlətə çevrildi. Güclü iqtisadiyyatımız, nizami ordumuz yaradıldı. Tarixi baxımdan qısa vaxtda belə böyük işlərə nail olmaq dostlarımızı da, düşmənlərimizi də heyrətdə qoydu. Xalqımız isə yekdilliklə böyük dövlət qurucusu Heydər Əliyevi xilaskar, ümummilli lider kimi qəbul edib. Bu gün həmin siyasi kurs Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Bütün bölgələrimiz kimi Agsu da inkişaf edir, gözəlləşir, abadlaşır. İnsanlar daha firavan yaşayırlar. Bütün bunlar ulu öndərin arzuları, ideyaları idi. Bu gün onların hamısı həqiqətə çevrilir və əlbəttə ki, zamanın tələbindən yaranmış, dünənin, bugünün və gələcəyin partiyası adını haqq etmiş Yeni Azərbaycan Partiyasının rəhbərliyi altında.

 Xalqı bəlalardan, müstəqil dövlətçiliyimizi məhv olmaqdan xilas etmiş ümummilli liderimizin formalaşdırdığı bu siyasi təşkilatın 29 illik fəaliyyəti o qədər əhatəli və genişdir ki, onun əzəmətini sözlərlə ifadə etmək çox çətindir. YAP yarandığı gündən vəzifələrinin öhdəsindən uğurla gəlir. İstər seçkilərin keçirilməsi, istərsə də partiyanın nüfuzunun gücləndirilməsi, həyata keçirilən siyasətin insanlar tərəfindən daha yaxşı qəbul olunması və təşviq edilməsi istiqamətində partiya öz vəzifələrini ardıcıl şəkildə, həm də müvəffəqiyyətlə yerinə yetirir. Bu gün partiyanın ən böyük uğurlarından biri onun sıralarının günbəgün genişlənməsidir. İndi YAP öz sıralarında 760 mindən artıq insanı birləşdirib. Bu say artmaqda davam edir. Və mən böyük sevinc hissilə bildirmək istəyirəm ki, bizim rayon təşkilatının üzvlərinin də sayı fəxr etməyə imkan verir. İndi üzvlərimizin sayı 5656 nəfərdir. Bu, sadəcə statistika deyil, Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevin siyasətinə münasibətidir. YAP Azərbaycanda fəaliyyət göstərən partiyalardan ən demokratiki, daim mübariz əhval-ruhiyyədə olan bir partiyadır. YAP bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi bir siyasi təşkilatdır. Və Prezidentə sevgisi, inamı olan insanlar, əlbəttə ki, YAP-ı dəstəkləyirlər. 

29 il ərzində ölkəmizdə əldə olunan nailiyyətlər, qələbələr, Azərbaycanın müasir, güclü dövlətə çevrilməsi, sözün həqiqi mənasında, Yeni Azərbaycan Partiyasının şərəfli tarixini ifadə edir və partiyamızın keçdiyi yolu Azərbaycanın bu illər ərzində keçdiyi yoldan ayrı təsəvvür etmək mümkün deyildir. Müstəqil Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər, respublikamızın sosial-iqtisadi inkişafı ümummilli liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bilavasitə bağlıdır. Xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi olan Yeni Azərbaycan Partiyasının üzvləri Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində, dövlət quruculuğunda yaxından iştirak etmiş, uğurlara imza atmışlar.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illərdə şəhərimizdə həyata keçirilən geniş abadlıq, quruculuq, tikinti işlərində Yeni Azərbaycan Partiyasının Agsu rayon təşkilatının üzvləri də fəal iştirak etmişlər. Dövlətə, xalqa xidməti fəaliyyətinin əsas prinsipi kimi qəbul edən YAP üzvləri bu gün də rayonumuzun ictimai-siyasi, sosial və mədəni həyatının bütün sahələrində əzmlə, yüksək ruhla çalışır, şəhərimizin daha da müasirləşməsi, inkişafı istiqamətində görülən işlərə öz töhfələrini verirlər.

Yeni Azərbaycan Partiyası formalaşmış və regionda böyük nüfuzu olan siyasi təşkilatdır. Partiya keşməkeşli bir yol keçmişdir. Bu siyasi təşkilatın digərlərindən fərqi ondadır ki, onun ətrafında ziyalılar və dünyagörmüş insanlar toplaşıblar. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında  Azərbaycanın dövlət müstəqilliyinə diş qıcıdan irticaçı qüvvələr qarşılarında ümummilli lider Heydər Əliyevi və Yeni Azərbaycan Partiyasını görəndə geri oturmaq məcburiyyətində qaldılar. Həmin qüvvələr polad iradəli bir siyasətçinin qətiyyətli ifadəsini eşitdilər: “Əgər kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, mən son damla qanıma qədər mübarizə aparacağam. Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin keşiyində bir vətəndaş kimi də, bir Prezident kimi də durmuşam, duracağam və bu yolda hər dəqiqə, hər gün şəhid olmağa hazıram”. Yeni Azərbaycan Partiyasının və Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, ölkənin parçalanması cəhdləri dayandırıldı, silah gücünə hakimiyyətə gəlmək praktikasına son qoyuldu, cəbhədə atəşkəsə nail olundu, yeni neft strategiyasının zirvəsi olan “Əsrin müqaviləsi» imzalandı, Konstitusiya layihəsi işlənib hazırlandı və qəbul olundu, parlamentə ilk demokratik seçkilər keçirildi, cəmiyyət həyatının bütün sahələrində köklü islahatlara start verildi və s. Yəni iqtidar partiyası xalqın bütün etimadlarını ən yüksək səviyyədə doğrultdu. Mən çox xoşbəxtəm ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm, xoşbəxtəm ki, onun rayon təşkilatına rəhbərlik etmək kimi bir səadət mənə də nəsib olub.

Bu gün möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi altında xalqımız gözəl günlər yaşayır, ölkəmizdə stabillik hökm sürür. Bunun üçün hər birimiz hakim Yeni Azərbaycan Partiyasına minnətdar olmalıyıq. Ölkəmizdə əmin-amanlıq, insanların rifah halının durmadan yaxşılaşdırılması və s. həyatımızın istiqamətini müəyyən edir. Ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət bu gün Azərbaycanı regionun ən qüdrətli dövlətinə çevirib. Ölkəmizin səsi-sorağı ən mötəbər məclislərdən gəlir. Bu yolla inamla addımlayan ölkəmizi daha işıqlı və nurlu gələcək gözləyir.

Bu gün Azərbaycan Zəfəri ilə dünyaya səs saldı. Artıq tarixi Zəfərimizin birinci ildönümünü qeyd etdik. Ötən il sentyabrın 27-də xalqa müraciətində Ali Baş Komandan hər kəsi birliyə çağırdı və dövlət-xalq-ordu vəhdəti milli həmrəyliyin bəhrəsi oldu. Cənab İlham Əliyevin xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, qüdrətli Sərkərdə güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz Liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi. Vətən müharibəsi dövründə Azərbaycan bütün cəbhələrdə öndə idi. Cənab İlham Əliyev Ali Baş Komandan kimi hərbi fəaliyyətindən tutmuş informasiya cəbhəsində apardığı mübarizəyə qədər hamısından qalib çıxdı. Dünyanın aparıcı media orqanlarına verdiyi müsahibələrdə tutarlı, sərrast cavabları, dəmir məntiqə əsaslanan arqumentləri ilə Ermənistanın bu sahədə apardığı yalan, heç bir həqiqətə əsaslanmayan böhtan dolu təbliğatını alt-üst etdi. Təkcə Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-ə müsahibə verən dövlət başçısı Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqla ölkəmiz haqqında beynəlxalq aləmdə müsbət rəy formalaşdırmağı bacardı. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini, müharibənin başlama səbəblərini açıqladı, terrorun Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəkləndiyini sübut etdi. Qərəzli, təxribat xarakterli suallara verdiyi təmkinli, səbirli, həmçinin əsaslandırılmış cavablarla hər kəsə öz yerini göstərdi. Müzəffər Ali Baş Komandanın “Dəmir yumruq” əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər bir addımı qəhrəmanlıq dastanına çevrildi. Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən savaşı müddətində Azərbaycan Ordusu tərəfindən 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Qələbənin əldə edilməsində müasir ordumuzla yanaşı, güclü iqtisadiyyatımız, milli həmrəylik, iqtidar-xalq birliyi mühüm rol oynadı. Prezidentin həyata keçirdiyi siyasət yalnız ölkə daxilində deyil, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların sıx birliyini, həmrəyliyini təmin etdi.

Göründüyü kimi, tarixin bütün sınaqlarından şərəflə çıxan Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə uğurlarımıza bələdçilik etməklə dövrün, zamanın tələblərinə uyğun olaraq daim yeniləşməyə maraq göstərir, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində bütün qüvvə və bacarığını birləşdirir.

Əli HÜSEYNOV,
YAP Agsu rayon təşkilatının sədri.
скачать dle 12.1