Bia.Az

RUSİYA SİNDROMU - “Hər şeydə Putini günahlandırmaq asandır, amma...”

Gündəm
 23-11-2021, 12:47     24

Polşa-Belarus sərhəddinə minlərlə miqrant yığılanda, Polşanın baş naziri Mateuş Moravetski əsl günahkarın adını söyləyib. Moravetski parlamentdə deyib ki, Belarus lideri Aleksandr Lukaşenko yalnız icraçıdır, hadisələrin arxasında dayanan və ortalığı qarışdıran Rusiya Prezidenti Putindir.

Moravetski deyib: “O, qəti şəkildə Rusiya imperiyasını bərpa etmək fikrindədir və biz, bütün polyaklar buna qarşı çıxmalıyıq. Qaçqınlar dəstəsi Rusiyanın yeni imperiya siyasətinə uyğundur. Bu, yeni tip müharibənin koordinasiya olunmuş hücumu çərçivəsində edilir”.
Polşalıların rus imperiyası qarşısındakı qorxularının şübhəsiz ki, dərin tarixi kökləri var. Putinin ixtiyarında hibrid müharibə forması üçün geniş imkanlar durur. Amma Lukaşenkonun miqrantları “silaha” çevirməsinin arxasında həqiqətənmi Putin dayanır?
Bunun belə olmasının heç bir sübutu yoxdur, əksinə, Lukaşenko öz hoqqaları ilə Kreml üçün çoxlu narahatlıq törədir.

Birincisi - Bu gün Putin üçün Avropa Birliyi ilə münasibətləri pozmaq yox, möhkəmləndirmək üçün bütün stimullar var. Kremlin bu il ən böyük strateji qələbəsi, Vaşinqtonun “Şimal axını-2” qaz boru kəmərinə qarşı qoymuş olduğu sanksiyanı götürməsidir.
Avropanın karbohidrogenlərdən imtinaya meyli energetika sahəsində təbii qaza olan ehtiyacı xeyli artırıb və qiymətlərin qalxması Rusiya üçün yeni imkanlar yaradır. Avropalıların “Qazprom”la uzunmüddətli müqavilələr bağlaması Rusiya büdcəsinə daha çox gəlir gətirəcək və ona görə də, Putinin öz müştərilərinə təsir göstərmək imkanları genişlənəcək. Bu mənada “COP26” beynəlxalq iqlim forumunun qarşısına qoyduğu məqsədlər və tapşırıqlar Rusiyaya qısamüddətli iqtisadi və diplomatik fayda gətirəcək.
Lukaşenkonun gündəliyi tamamilə bunun əksinədir. O, Avropanı qorxutmaq üçün heç nə qarşısında dayanmayacaq. Hərçənd ki, Belarusdan keçən qaz kəməri ona məxsus deyil, amma o, təhdid edərcəsinə deyib: "Biz Avropanı qızdırırıq, onlar isə hələ bizi hədələyirlər... Bəs, əgər biz təbii qazı bağlasaq, necə olacaq?”
Təəccüblü deyil ki, Putin məsələyə tələsik müdaxilə edərək bildirib ki, təbii qaz tədarükünə təhlükə yoxdur.
İkincisi - Putin miqrantların Rusiyaya və ya istənilən keçmiş sovet respublikasına axınının müvafiq risklər gətirəcəyini hələ öncədən söyləyirdi. Minlərlə suriyalının, əfqanın və kürdün Belarusa gəlişi ilə məşğul olan Lukaşenkonun davranışları Putinin öz ölkəsini islam fundamentalizmindən qorumaq niyyəti ilə ziddiyyət təşkil edir. Biz, xüsusilə nəzərə almalıyıq ki, bu miqrantların Avropaya keçmək şansı praktik yoxdur.

Üçüncüsü - Putinin yaxın ətrafından gələn qeyri-rəsmi siqnallara görə, Lukaşenkonun hərəkətləri Putini məyus edib və hətta hiddətləndirib.
Putinin çıxışlarından və builki məqaləsindən də görünür ki, onun indiki ikili gedişinin məqsədi Rusiya maraqlarının Vaşinqton tərəfindən inkar edilməməsi ilə yanaşı, həmçinin də ABŞ-ın Ukraynaya siyasi və hərbi dəstək göstərməsinin dayandırılmasıdır. Elə bu səbəbdən də Rusiya Ukrayna sərhəddinə martda, sonra isə bu ayda qoşun yığıb. Lakin bu hədəflərə nail olmaq üçün Putinə Avropanın pulu və eyni zamanda da avropalı müttəfiqlər lazımdır. Ona görə də qaçqınlar üzündən Avropa Birliyi ilə münaqişəyə girişmək Kreml üçün özünəqəsd deməkdir.
Praqada yerləşən Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı əməkdaşı Mark Qaleotti deyib: ”Mən burada heç bir Rusiya izi görmürəm, mən ancaq tam yöndəmsizlik görürəm. Ola bilər ki, Lukaşenko Putinin regiondakı müttəfiqlərindən biridir, amma o, küsəyəndir, azad iradəlidir və müstəqil, hətta xoşagəlməz gedişlər edə bilər. Ruslar yaranmış vəziyyətdən maksimum fayda götürməyə çalışır. Amma hələ ki, Lukaşenko ilə hesablaşmaq məcburiyyətindədirlər. Lukaşenko bunu bilsə də, Moskvaya qətiyyən lazım olmayan qarşıdurmaya gedir”.
Polşa-Belarus sərhəddindəki böhran məxfi əməliyyata tam ziddir. O, hədsiz səs-küylüdür, təxribat xarakterlidir və Avropanın miqrant axını qarşısındakı dərin qorxusunu göstərir. Başqa yandan isə, bu, öncədən məğlubiyyətə məhkumdur. Çünki Avropa sərhədlərinə minlərlə qaçqınla hücum çəkməyə nə Varşava, nə Brüssel icazə verər. Əlbəttə, Putin bu dava-dalaşa qatılmaz.
Putinin bütün hərəkətləri onun şəxsi maraqları əsasında cızılmış və onun təsəvvür etdiyi Rusiya maraqlarının diapazonuna uyğun gəlir. Putin tez-tez səhv etsə də, sağlam məntiqini çox nadir hallarda itirir.

Krımın 2014-cü ildə ilhaq olunmasına Putinin əmr verməsinin səbəbi, onun müşavirləri ilə birlikdə Kiyevdəki “Şərəf inqilabı”nı Qərb tərəfindən hazırlanan çevriliş hesab etmələrindən irəli gəlib. Putin fikirləşib ki, NATO-nun Sevastopol hərbi dəniz bazasını zəbt etmək planı var.
Müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə Putin (və ya onun ətrafındakılardan biri) göstəriş verib. Çünki Navalnı tərəfindən düşünülmüş “ağıllı səsvermə” göstərdi ki, Kremlin mövqeyi yerli seçkilərdə nə dərəcədə laxlayıb. Ukryana sərhəddinə 100.000 hərbçini Putin göndərib, ona görə ki, bu, həm Kiyev, həm də Vaşinqton üçün kəskin xəbərdarlıqdır.
Ancaq qaçqınlardan Brüsselə qarşı bir tələ kimi istifadə olunması Putinin indiki strategiyasının heç birinə uyğun gəlmir. Putin çoxsaylı qeyri-qanuni, dağıdıcı fəaliyyətlərdə günahkardır, amma Belarusdakı sərhəd böhranında demək olar ki, onun heç bir təqsiri yoxdur.
(“The Spectator”-Böyük Britaniya)
Təcümə "AzPolitika"nındırскачать dle 12.1