Bia.Az

KREML PAŞİNYANA YEGANƏ ÇIXIŞ YOLUNU GÖSTƏRDİ – “Öhdəliklər yerinə yetirilməlidir”

Gündəm
 18-11-2021, 12:16     235

"Biz hələ də ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli bəyanatların həyata keçirilməsidir. Hesab edirik ki, bütün ölkələr ilk növbədə götürdükləri öhdəliklərə əməl etməlidir və bu, belə insidentlərin yenidən baş verməməsinin zəmanəti olacaq”.

Bu sözləri Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalara münasibət bildirərkən deyib.

Peskov Kremlin sözçüsüdür, onun dedikləri təbii ki, Rusiyanın mövqeyini əks etdirir. Bu açıqlamada əsas vurğu üçtərəfli bəyanatın tam icra olunmasının vacibliyinə salınıb. Söhbət ötən il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 9 bəndlik atəşkəs razılaşmasının icrasından gedir. 

Ötən 1 ildə sənədin bir neçə mühüm bəndi icra olunmayıb:
1. Bütün kommunikasiyaların açılması həllini tapmayıb. Azərbaycan sülhməramlıların müvəqqəti nəzarət zonasında olan Tərtər-Ağdərə-Kəlbəcər yolunun və Zəngəzur dəhlizinin açılmasını tələb edir. Bu yoldan ancaq Rusiya hərbçilərinin müşayiəti altında həftənin iki günü hərəkət etməyə icazə var.
2. Rusiya sülhməramlılarının məsuliyyət zonasından erməni hərbçilərinin çıxarılması mümkün olmayıb. Əksinə, Ermənistan onların dayandıqları mövqeləri toxunulmaz təmas xəttinə çevirməyə çalışır. Bu da Azərbaycan üçün qəbuledilməzdir.
3. Qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılması. Məlumdur ki, sülhməramlılar Xankəndi və ətraf ərazilərə 20 mindən artıq erməni qaçqınını geri qaytarıb. Amma azərbaycanlıların geri dönüşü ilə bağlı hər hansı proses getmir. BMT strukturunun prosesə müdaxiləsi isə müəmmalı şəkildə yubanır.

Bunlardan əlavə Azərbaycan Laçın dəhlizində dövlət sərhədinə hələ də nəzarət edə bilmir, bu da Ermənistan və Qarabağdakı separatçılar üçün əlverişli imkanlar yaradır.
Azərbaycan təklif edib ki, Ermənistan ilk növbədə ərazi bütövlü və sərhədlərin qarşılıqlı olaraq tanınması ilə bağlı sənədə imza atsın. Ardınca sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı üçtərəfli komissiya fəal işə başlasın. İrəvan bu təklifdən imtina etməklə bərabər sərhəddə daxili ictimai rəyə hesablanmış toqquşma şousu yaradır. Amma hesablar tutmur, erməni hərbçiləri Azərbaycanın üstün qüvvələri qarşısında əzilir, itkilər verərək geri çəkilir.
Beləliklə, vəziyyət yenidən sıfır nöqtəsinə qayıdır və böhranın həlli üçün 10 noyabr sənədinin tam icra olunmasına alternativ olmadığı məlum olur. Kremldən verilən bu açıqlama bir daha təsdiq edir ki, Paşinyan iqtidarı bu razılaşmaya əməl etmək istəmir, bunun əksinə fəaliyyətə cəhd göstərməsi Azərbaycanın həyata keçirdiyi cəza tədbirlərinə tamamilə legitimlik qazandırır.
Proseslərin bundan sonra hansı ssenarilər üzrə hərəkət edəcəyi xeyli dərəcədə Ermənistan rəhbərliyinin verəcəyi qərarlardan asılı olacaq. Növbəti gərginlik daha böyük itkilərə və daxili ictimai rəydə hakimiyyətin nüfuzdan düşməsinə gətirib çıxaracaq. Paşinyanın belə bir seçim eləmək lüksu yoxdur, onun üçün yeganə yol üçtərəfli bəyanatın tam icrasına şərait yaratmaqdır. Çünki bunu həm də Rusiya istəyir...скачать dle 12.1