Bia.Az

AZƏRBAYCAN-ERMƏNİSTAN SƏRHƏDİNDƏ İLK GÖMRÜK! - Bu gecədən etibarən fəaliyyətə başlayıb (Yenilənib)

Gündəm
 11-11-2021, 16:52     21

Azərbaycan bu gecə saat 00:00-dan etibarən Ermənistanın Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsinə gömrük və sərhəd prosedurlarını tətbiq etməyə başlayıb.

"AzPolitika" xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir açıqlama verib.

O bildirib ki, Azərbaycan Ermənistana bu gecədən etibarən Qafan-Gorus yoluna gömrük tətbiq edəcəyi haqda xəbərdarlıq edib. "Bu gün Azərbaycan Ermənistan tərəfini məlumatlandırıb ki, gecə saat 00:00-dan etibarən Gorus-Qafan yolunda gömrük və sərhəd prosedurlarının tətbiqinə başlayacaq".

A.Qriqoryan bildirib ki, Ermənistan tərəfi də anoloji addım atmağa hazırlaşır. Qriqoryan işin artıq başladığını deyib. Və bildirib ki, Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsinə alternativ Qafan-Tatev yolu artıq hazırdır, bu yolla həm Gorusa, həm Yerevana getmək mümkündür.
“Bu isə o deməkdir ki, Ermənistanın həm avtomobillərin keçməsi, həm yükdaşımalar üçün təhlükəsiz alternativ yolu var”,-Qriqoryan deyib.

Beləliklə, bu gecədən etibarən Azərbaycanla Ermənistan sərhəddində ilk gömrük postu və sərhəd keçid məntəqəsi fəaliyyətə başlayıb.

Xatırladaq ki, indiyədək ermənilər bu yoldan maneəsiz istifadə edirdilər. Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən 21 kilometrlik hissəsində qurulan polis postlarında isə yalnız İran maşınları yoxlanılırdı.  

Onu da qeyd edək ki, Azərbaycan ötən ilin dekabrında Zəngilan-Qubadlı istiqamətində öz dövlət sərhədlərini bərpa edəndən sonra Gorus-Qafan yolunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçmişdi. Lakin Azərbaycan tərəfi alternativ yolun çəkilməsinə qədər Ermənistan vətəndaşlarının həmin yolla maneəsiz, yəni gömrük və sərhəd prosedurlarından keçmədən hərəkətinə imkan yaratmışdı.

Bu ilin avqustundan isə vəziyyət dəyişməyə başladı. Əvvəlcə Azərbaycan tərəfi Qarabağa qanunsuz yükdaşımalarla məşğul olan İran TIR-larına görə Gorus-Qafan yolunun üzərində polis postu yerləşdirdi. Və İran TIR-larından tranzit yükdaşımalarla bağlı qanunvericiliyin tələbi əsasında yol vergisi tutmağa başladı. Nəticədə İran tərəfi Qarabağa Laçın dəhlizindən keçməklə yükdaşımaları dayandırmalı oldu, eyni zamanda Ermənistana yük daşıyan İran TIR-ları o zaman qrunt yol olan Qafan-Tatev yolundan istifadə etməyə başladı.

"Virtualaz.org"un məlumatına görə, indi isə Azərbaycan Gorus-Qafan yolu üzərində sərhəd-nəzarət məntəqəsi yerləşdirir və belə vəziyyətdə Ermənistan vətəndaşlarının da bu yoldan istifadəsi sual altına düşür. Çünki sərhəd-gömrük postunu keçmək üçün xarici ölkə vətəndaşları viza təqdim etməlidir. Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər isə yoxdur və deməli Ermənistan vətəndaşları viza almaqla bu yoldan istifadə edə bilməyəcək. Və ümumiyyətlə, onların bir şəhərdən digərinə getmək üçün başqa ölkənin, yəni Azərbaycanın gömrük-sərhəd postunu keçməsi ağlabatan deyil və deməli indiki halda öz ölkələrinin ərazisindən keçən alternativ yoldan istifadə edəcəklər.

Hərçənd Ermənistan vətəndaşları üçün Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən istifadə ilə bağlı qanuni gömrük-sərhəd prosedurlarının da ötən gecədən etibarən işə düşdüyü hələ aydın deyil.

BİA.AZ
скачать dle 12.1