Bia.Az

Ərdoğan Qarabağda

Gündəm
 27-10-2021, 09:26     16

Oktyabrın 26-da Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan Azərbaycana səfərə gəlib. Ali qonağı Füzulidə, yeni tikilmiş hava limanında prezident İlham Əliyev qarşılayıb.

Dövlət başçıları Füzuli Beynəlxalq Hava Limanının açılışını ediblər, orada yaradılan şəraitlə tanış olublar.

Arayışa görə, hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada baqaj konveyerləri, qeydiyyat sistemi, VİP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb.



Bu, Türkiyə prezidentinin Qarabağa ikinci səfəridir.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti, Ermənistanın baş naziri və Rusiya prezidenti birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.
10 noyabr 2020-ci il bəyanatına görə, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməli, Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verməlidir.
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan 2021-ci il iyunun 15-də Qarabağa səfər edib. Onu Füzuli rayonunda prezident İlham Əliyev qarşılayıb. Dövlət başçıları birlikdə Şuşa şəhərinə gedib görüşüblər. Təkbətək görüşdən sonra Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi imzalanıb. Sənədə görə, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlərdən təhdid və ya təcavüz edildiyi təqdirdə tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.скачать dle 12.1