Bia.Az

TEHRAN QARABAĞDAKI SEPARATÇILARLA ƏMƏKDAŞLIĞINI RƏSMƏN ETİRAF ETDİ! - Və Bakını təhdid etməkdə davam edir

Gündəm
 4-10-2021, 12:37     202

İranın Ali dini lideri Seyid Əli Xamenei İran-Azərbaycan münasibətlərinə dair fikirlərini açıqlayıb. 

"Turan" İnformasiya agentliyinin məlumatına görəİranın dini lideri Bakıya qarşı Tehran rəsmiləri tərəfindən irəli sürülən ittihamları dəstəkləyib.
Hərbi məktəb məzunları qarşısında çıxış edən İran lideri belə deyib: “İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə baş verən hadisələr, xaricilərin hərbi iştirakı olmadan həll edilməlidir. Hamı xatırlasın ki, kimsə qardaşları üçün quyu qazarsa, özü ora düşər".
"Təhlükəsizliyini başqasının hesabına təmin edə biləcəyini düşünən, tezliklə bunun üçün bir şapalaq alacağını bilsin", - Xamenei xəbərdarlıq edib.

Eyni zamanda Xamenei heç bir ölkənin adını çəkməyib. O, yalnız Əfqanıstanda və Avropada uğursuzluğa düçar olan Amerikanı kəskin tənqid edib.
Ayətullah Xameneinin çıxışlarından dərhal sonra İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian danışıb. O, yerli televiziyaya verdiyi müsahibədə, "İran sərhədləri yaxınlığında saxta sionist rejimin varlığına və onun təxribatçı hərəkətlərinə, bölgə və sərhədlərindəki geosiyasi dəyişikliklərə heç vaxt dözməyəcəyik", - deyib.
"Dağlıq Qarabağın azad edilməsindən sonra xoşagəlməz hadisələr baş verdi... İsrail bu fürsətdən istifadə edərək Azərbaycanın bir sıra bölgələrində yer alaraq, İranın sərhədlərinə yaxınlaşmağa çalışdı. Biz bunu diplomatik kanallarla Azərbaycan hakimiyyətinə elan etdik" - deyə, İranın xarici işlər naziri bildirib.

Nəhayət, nazir Tehranın narazılığının əsl səbəbini açıqlayıb. "İranın Ermənistana və "Dağlıq Qarabağa" yanacag tədarükünun Azərbaycan tərəfdən blokadası yolverilməzdi" - deyə o, bildirib.
"AzPolitika.info" qeyd edir ki, bu, İran rəsmisinin Tehranın erməni separatçılarla əlaqədə olduğunun açıq etirafıdır. Rəsmi Tehran özünün xarici işlər nazirinin dili ilə bəyan edir ki, İran Qarabağda qalan separatçı ermənilərə yanacaq tədarük edir.
İranın Xarici işlər naziri daha sonra böhtanlarını və təhdidlərini davam etdirib: "Biz Azərbaycan Respublikasındakı vəziyyəti anlayırıq və xarici müdaxilələrdən, o cümlədən ölkədə sionistlərin və terrorçuların olmasından xəbərdarıq. Gələcəkdə bunun Bakı üçün problemə çevriləcəyindən narahatıq". 
Nazir daha sonra deyib: "Azərbaycan Respublikası sərhədində hərbi təlimlər keçirərək bölgədəki sionistlərə və terrorçulara bir siqnal ötürdük".
Beləliklə, İran açıq şəkildə göstərdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması ilə bağlı bəyanatlar tam riyakarlıqdır.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva İran xarici işlər nazirinin müsahibəsində Azərbaycanla bağlı söylədiklərinə münasibət bildirib. O, müsahibə zamanı səsləndirilən bəzi fikirlərlə bağlı aşağıdakıları qeyd edib: "İlk növbədə vurğulamaq istərdik ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın yerli televiziya kanalına müsahibəsində qeyd etdiyi kimi, iki ölkə xalqları arasında münasibətlər ən yüksək səviyyədədir. Azərbaycan və İran arasında əlaqələr möhkəm tarixi bağlar, dostluq və əməkdaşlıq üzərində qurulub.
Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bugünədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib.
Beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı Azərbaycanın hər zaman rəhbər tutduğu fundamental prinsiplərdən biridir. Məlumdur ki, məhz Azərbaycan, ərazilərinin bir hissəsinin hərbi işğalından və beynəlxalq sərhədlərinin pozulmasından onilliklər ərzində əziyyət çəkib. O cümlədən, bizim İran ilə sərhədimizin 130 km. dən çox hissəsi uzun illər ərzində Ermənistanın işğalı altında olub. Təəssüf ki, bu illər ərzində dost İran dövlətinin sərhədimizin bir hissəsinin işğal altında olması ilə bağlı indiki kimi qəti reaksıyasını eşitməmişik.
Ümumiyyətlə, Azərbaycan bütün dövlətlərlə münasibətləri məhz bir-birlərinin beynəlxalq sərhədlərinə hörmət əsasında qurulmasının tərəfdarıdır, bu ölkəmizin dəyişilməz mövqeyidir. Məlumdur ki, tərəfimizdən o cümlədən, Ermənistan ilə münasibətləri elə bu fundamental beynəlxalq hüquq prinsipi əsasında normallaşdırmağa və sərhədlərin delimitasiyası üzrə danışıqlara başlamağa hazır olduğumuzu bəyan etmişik. Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası prosesi ikitərəfli məsələdir və son zamanlar qarşı tərəfdən bu xüsusda müsbət siqnalların verilməsi prosesin konstruktiv istiqamətdə inkişafına ümid yaradır.
Kənar qüvvələrin Azərbaycana müdaxiləsi fikrinə gəldikdə vurğulamaq istərdik ki, Azərbaycan Respublikası hər zaman milli maraqlarına əsaslanan müstəqil xarici siyasət həyata keçirib və 30 il ərzində atdığı konkret addımları ilə bunu dəfələrlə sübut edib. Qonşu dövlətlərlə dostluq və mehriban qonşuluq münasibətlərinin inkişaf etdirilməsi xarici siyasətimizin əsas prioritet məsələlərindəndir və tərəfimizdən bu istiqamətdə davamlı addımlar atılmaqdadır.
Onu da bildirmək istərdik ki, Azərbaycan İslam həmrəyliyi məsələsinə böyük həssaslıqla yanaşır və məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatında (İƏT) fəal mövqeyi ilə seçilir. Ölkəmiz son onilliklər ərzində Azərbaycan ərazisində İslam tarixinə və mədəniyyətinə məxsus irsin dağıdılması, talan edilməsi və təhqir edilməsi ilə bağlı məsələni diqqət mərkəzində saxlayıb və bu məsələdə bizim haqq mövqeyimizin İƏT üzv ölkələri tərəfindən dəstəklənməsini yüksək qiymətləndiririk.
Hesab edirik ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması, həmin bölgədə Ermənistanın qanunsuz əməllərinə, o cümlədən böyük həcmdə silah-sursat cəmləşdirməsi, qeyri-qanuni iqtisadi və digər əməllər, narkotik qaçaqmalçılığı, terrorçuların hazırlanması, İslam dini və mədəniyyət abidələrinin təhqir və məhv edilməsi hallarının dayandırılması və 30 illik həsrətdən sonra azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması İran İslam Respublikasının maraqlarına cavab verən şərait olmalıdır".скачать dle 12.1