Bia.Az

“BÖYÜK SOÇİ ANLAŞMASI” OLACAQMI? – Ərdoğanla Putinin bugünkü görüşündən sürpriz nəticələr çıxa bilər

Gündəm
 29-09-2021, 13:50     242

Təkcə Rusiya və Türkiyə deyil, bütünlükdə dünya mətbuatının bugünkü əsas gündəm mövzularından biri Soçidə keçiriləcək Putin-Ərdoğan görüşüdür. Xatırladaq ki, sonuncu dəfə belə görüş ilyarım əvvəl baş verib.

Görüşdə müzakirə olunacaq mövzuların tərəflərin rəsmi açıqlamalarında göstərilənlərdən daha böyük diapazonu əhatə edəcəyi şübhə doğurmur. Bunun adi rəsmi görüş olmadığını təsdiq edən faktlardan biri də odur ki, Soçidə iki ölkənin geniş nümayəndə heyətlərinin hər hansı formal təmasları nəzərdə tutulmur. Türkiyə Prezidentinin də dediyi kimi, bu sammitdə yalnız Ərdoğanla Puitinin təkbətək danışıqları nəzərdə tutulub. Gözlənildiyi kimi, Soçi görüşündən öncə Türkiyə və Rusiya siyasi icmalçılarının müzakirə olunacaq məsələlərlə bağlı fərqli yanaşmalarına rast gəlinir. Tərəflər bir-birilərini həm 2017-ci ildə İranın da iştirakı ilə İdlibdə təhlükəsizlik zonasının yaradılmasına dair, həm də 2019-cu və 2020-ci illərdə əldə olunmuş digər qarşılıqlı razılaşmaları yerinə yetirməməkdə günahlandırırlar.
Rusiyalı ekspertlər Türkiyəni xüsusilə Suriya ilə bağlı əldə olunmuş razılıqlara riayət etməməkdə, o cümlədən İdlibdə normal, sivil müxalif qüvvələrlə terror təşkilatlarını ayıracağıyla bağlı vədlərə əməl etməməkdə günahlandırır. Həmçinin, ruslar Türkiyəni 2020-ci ilin mart ayında əldə olunan anlaşmaya görə İdlib zonasından keçən və Suriyanın Aralıq dənizi sahili ilə şərqini birləşdirən M4 yolunun açılmasını təmin etməməkdə ittiham edirlər.
Əvəzində, Türkiyənin də Risyaya deyiləcək sözü çoxdur. Türkiyəli ekspertlər Suriyanın şimalındakı kürd yaraqlılarına münasibətdə Rusiyanın əldə olunmuş razılıqlara əməl etmədiyini bildirirlər. Məsələn, Rusiyanın RBK kanalı etiraf edir ki, rəsmi Moskva hələ 2019-cu ildə tərəflər arasında kürd terrorçularıyla bağlı əldə olunmuş razılaşmalara əməl etməyib. Belə ki, həmin razılaşmalara görə, Rusiya kürd yaraqlılarının Menbic və Tel-Rifatdan çıxarılmasını təmin etməliydi. Ancaq bu, hələ də baş verməyib. Bununla yanaşı, xüsusilə İdlib istiqamətində gərginlik xeyli artıb, Rusiya hərbi təyyarələrinin bu zonaya reydlərinin sayı çoxalıb, Türkiyə isə əraziyə xeyli sayda qoşun hissələri göndərməyə məcbur olub

Türkiyənin “Milliyyet” qəzeti iddia edir ki, bu görüş gözlənilməz sürprizlər vəd edir. Qəzet qeyd edir ki, Ərdoğan ABŞ-ın bütün hədələrinə rəğmən, Rusiyadan növbəti “S-400” Zenit-Raket Kompleksini almaqda qərarlıdır. Ərdoğanın Putindən “Su-35” və “Su-57” istəyəcəyi də istisna olunmur. Ancaq təbii ki, tərəflərin rəsmi açıqlamalarında qeyd edilənlərdən fərqli olaraq, müzakirələrin təkcə Suriya, Liviya və Əfqanıstanla bağlı olmayacağı şübhəsizdir. Xüsusilə Rusiya mətbuatı Soçi görüşünün ümumilikdə gərgin keçəcəyi fikrindədir və görüşdə həmçinin, Cənubi Qafqazdakı vəziyyətin geniş müzakirə olunacağını qeyd edir. 

Məsələn, RBK yazır ki, 10 noyabr sazişinin bir çox bəndləri yerinə yetirilməmiş qalır, baxmayaraq ki, Ağdamda Türkiyə-Rusiya birgə mərkəzi yaradılıb, tərəflər ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar və “status” müzakirələrilə bağlı fərqli mövqedədirlər. Həmçinin, Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiya və delimitasiyası və kommunikasiyaların açılması prosesini də “ölü nöqtə”dən tərpətmək istiqamətində addımlar atıla bilər. Hakimiyyətyönlü Rusiya mətbuatı eyni zamanda, Türkiyənin Azərbaycanda möhkəmlənməsi, hətta hərbi baza yerləşdirməsi perspektivlərilə bağlı narahatlığını gizlətmir. Ərdoğanın görüş öncəsi BMT tribunasından Krım yarımadasının işğalı və orada keçirilən son seçkilərlə bağlı söylədikləri, eləcə də bundan öncə Putinin Bəşər Əsədlə Moskvada görüşü və Rusiya hərbi aviasiyasının Suriyada aktivləşməsi onu göstərir ki, tərəflər arasında münasibətlər heç də ideala yaxın deyil və ölkə başçılarının üz-üzə müzakirə edəcəyi çoxlu sayda problemlər mövcuddur.
Bütün bunlar onu göstərir ki, Soçi sammiti hətta “tarixi görüş” adı daşımağa iddialı ola bilər. Bunu dünyada, beynəlxalq arenada yaranmış durum, xüsusilə də Yaxın Şərq və Cənubi Qafqazdakı situasiya diqtə edir.скачать dle 12.1