Bia.Az

“PROQRESS 2016” ŞİRKƏTİ SAKİNLƏRƏ KƏLƏK GƏLİB… - “3 ildir nə bina istifadəyə verilir, nə pulumuzu qeri ala bilirik”

Gündəm / Sosial
 1-09-2021, 14:19     25

Şəki sakini Məmmədrəhimov Bəşarət İxtiyar oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi tikinti şirkətinin dələduzluğuna məruz qaldığını bildirir:

“Mən 3 il bundan əvvəl Xırdalan şəhəri, Rəsulzadə küçəsi, ev 1 a-dan ikiotaqlı mənzil almışam və dəyərini də (57min 720 manat) tam ödəmişəm. Mənzili alanda mənə dedilər ki, bina 3 ay müddətində istifadəyə veriləcək. Aradan 3il keçməsinə baxmayaraq, bina istifadəyə verilməyib. Binanı “PROQRESS 2016 MTK” tikib, rəhbəri də Emil Səməndərov soyadlı, harınlamış, heç bir qanunu və heç bir instansiyanı vecinə almayan bir şəxsdir. 3 ildir nə bina istifadəyə verilir, nə pulumuzu qeri ala bilirik.

Mənzili alanda pulun bir hissəsini borc almışam. İndi pul verən adamlar haqlı olaraq pullarını geri istəyirlər. Mən də Emil Səməndərovdan pulumu istəyəndə, deyir, “get kimə istəyirsən şikayət et, bu respublikada mənə gözün üstə qaşın var deyən ola bilməz”.

Mərhum Heydər Əliyev deyirdi ki, "Mən müəllim adından yüksək ad, müəllim peşəsindən şərəfli peşə tanımıram". Oğlum və gəlinim hər ikisi müəllimdir.

Sizdən artıq dərəcədə xahiş edirəm, bu işi ictimailəşdirin. Mənim 59 yaşım var, artıq əvvəlki kimi işləyə bilmirəm. Onsuz da fikrim Baş prokurorluğa şikayət etmək və nəinki mənə dəyən maddi ziyanı, həm mənəvi ziyanın hesablanıb təzminat şəklində ödənilməsini tələb etməkdir.

Əlimdə Emil Səməndərovun möhürü və imzası ilə təsdiq edilmiş sənədlərim var”.

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
//hurriyyet.az//скачать dle 12.1