Bia.Az

Hacıqabulda SARAYDAXİLİ ÇƏKİŞMƏ... - Başçını devirmək istəyənlər var...

Gündəm / Bölgə
 26-08-2021, 15:04     25

Az öncə Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən kənarlaşdırılandan sonra qurumun yerlərdəki bir çox struktur vahidlərində rəhbər vəzifələrdə işləyən şəxslərdən bəziləri artıq çemodan “əhval-ruhiyyəsindədirlər”. Bu da başa düşülən tendensiyadır. Çünki Hüseynovun görəvdən alınmasına səbəb olmuş neqativ hallar Cəmiyyətin təkcə yuxarı eşelonuna deyil, bütün strukturlarında müşahidə olunmaqdadır.
Ancaq dabanına tüpürüb qaçmaq fikrinə düşənlərin heç də hamısı hazırki vəzifələrindən gedəndən sonra yığmış olduqları haram kapital hesabına özəl bizneslə məşğul olmaq, yaxud, sakit bir yerə çəkilib nəvələri ilə oynamaq fikrində deyillər. Məsələn, eşitmişik ki, “Azərsu” ASC-nin Kür Su Təchizatı İdarəsinin rəisi Eldəniz Həsənov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı kreslosuna əyləşməyi hədəfləyib.
Orta əsrlərin böyük ispan mütəfəkkiri Baltasar Qrassian özünün “Kamillik elmi” fəlsəfi traktatında yazırdı ki, böyük tikələri həzm etmək üçün böyük mədə lazımdır. Görünür, böyük bir ərazini - Qaradağ, Hacıqabul, Salyan, Heftçala, Biləsuvar, Sabirabad, Saatlı rayonlarını, Şirvan şəhərini içməli su ilə təmin edən idarəyə 2003-cü ildən rəhbərlik edən E.Həsənovun mədəsi bu illər ərzində yetərincə genişlənib ki, özünü Hacıqabulun icra hakimi Rüstəm Xəlilovu taxtdan salmağa iqtidarlı hesab edir.
O da bildirilir ki, E.Həsənov öz yaxın-uzaq qohumlarını rəhbərlik etdiyi idarəyə yerləşdirib və onlar demək olar işləməyərək müftə qazanc əldə edirlər.
Bu və digər məsələlərə aydınlıq gətirmək məqsədilə E.Həsənovun özü ilə telefon əlaqəsi yaradıb mövqeyini bildirməsini xahiş etdik. İdarə rəisi halını pozmadan, Hacıqabula icra başçısı getmək ambisiyasında olduğunu təsdiqlədi və eyni zamanda rəhbərlik etdiyi idarədə qohumlarını işə götürdüyünü etiraf etdi. Yəqin, bütün əlaqələrini və imkanlarını səfərbər edib “va bank” getdiyi məqsədinə mütləq nail olacağına əmindir ki, qohumlarının da aqibətindən narahat deyil. Güman edir ki, Hacıqabula başçı təyin olunarsa, Kür Su Təchizatı İdarəsinə kimin rəis keçəcəyindən asılı olmayaraq, həmin şəxs ondan ehtiyatlanıb qohumlarına “güldən ağır” söz deyə bilməz.
Hətta bir gün eşitsək təəccüblənməyə dəyməz ki, E.Həsənov hazırki vəzifəsini satmaq üçün münasib adam da tapıb. Və əlbəttə ki, bu boyda işləri çevirmək üçün təltif olunduğu “Tərəqqi” medalı, layiq görüldüyü “Əməkdar mühəndis” fəxri adı yetərli deyil, gərək “yuxarıda” havadarın olsun. Yəqin elə həmin havadarının himayəsi sayəsində hər dəfə Kürün səviyyəsi aşağı düşəndə konstruksiyaların guya sıradan çıxdığı barədə verdiyi hesabatların həqiqətə uyğunluğunu yoxlayan olmayıb.

Qarşı tərəfə mövqeyini dərc etməyə hazırıq. Mövzunu davam etdirəcəyik.

Nyus.Az
скачать dle 12.1