Bia.Az

SUMQAYITI KİMLƏR VƏ NECƏ ZƏHƏRLƏYİR? - Milyona yaxın insanın sağlamlığı təhlükə altındadır

Gündəm / Bölgə
 17-08-2021, 14:27     329

Bir neçə həftədir Sumqayıtda məişət tullantıları poliqonunda baş verən yanğınlar şəhərin havasını çirkləndirir. Şəhər sakinləri yerli mediada və sosial şəbəkələrdə ekoloji vəziyyəti əks etdirən fotolar, videolar paylaşaraq narazılqlarını ifadə edirlər. Qeyd olunur ki, tez-tez baş verən bu hadisə nəticəsində insanlar boğulmaq həddinə çatırlar. Şikayətlərə, narazılıqlara isə reaksiya verilsə də, hələ ki, problem həllini tapmayıb.

"Düşünürük ki, ərazidə zibil tullantıları qəsdən yandırılır", - deyə Sumqayıt sakinlərindən biri "AzPolitika.info"-nun əməkdaşı ilə söhbətində bildirib. Adının yazılmasını istəməyən şəxs qeyd edir ki, bu üsulla ərazidəki zibil tullantılarını məhv etməyə çalışırlar. Ətrafa yayılan pis qoxu, üstəlik, tez-tez zibil qalaqlarının yandırılması nəticəsində yaranan tüstü sakinlərin həyatını dözülməz hala gətirib. "Kəskin qoxu səbəbindən qapı, pəncərəmizi aça bilmirik. Havaların isti keçməsi isə bir yandan bu hadisəni ekoloji fəlakətə çevirib", -Sumqayıt sakini vurğulayıb.

Şəhərin başqa sakini isə qeyd edir ki, ərazidən yayılan kəskin qoxunun səbəbi təkcə ətrafda yandırılan zibil tullantıları deyil: "Həm də kimya zavodundan havaya buraxılan zəhərli qazlar insanları narahat edir. Həmin zavodlar bunu gecə saat 4-dən sonra edirlər ki, ətrafa yayılan qara tüstünü sakinlər görməsin. Yəni ərazidə yanğın olmayan vaxtlarda da bu pis qoxunu hiss etmək mümkündür".

Sakinlər sosial şəbəkələrdə yazırlar ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət unvanlayıblar. Nəticədə, İcra Hakimiyyəti nümayəndələri sakinlərlə bərabər əraziyə baxış keçirib və onların suallarını cavablandırıblar. Qeyd ediblər ki, zibillik qəsdən yandırılmayıb, yanğın "təbii səbəblərdən" baş verib və bir daha təkrarlanmayacaq. "Aparılan monitorinqlərin nəticəsində məlum olub ki, tullantıların tərkibində qaz miqdarı normadan artıqdır, bu da öz növbəsində yanğınlara səbəb olur. Problemin qısa müddətli həlli kimi hazırda həmin yanğın ərazisinin torpaqla örtülməsinə başlanılıb", Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Gündüz Əliyev yerli mediaya bildirib. Onun sözlərinə görə, bu, problemin birdəfəlik həll yolu deyil: "Qısa zamanda bu ərazidə müasir standartlara cavab verən yeni məişət tullantıları emalı zavodu tikilməlidir. Bunun üçün layihələr hazırlanaraq, dövlət qurumlarına təqdim olunub".

Baş verən hadisələrin bir daha təkrarlanmyacağını bildirən icra nümayəndəsi sakinlərdən üzr istəyib. Amma hadisədən bir neçə gün sonra yanğınlar yenidən baş verib və Sumqayıt şəhəri tüstüyə qərq olub. Sakinlərin verdiyi məlumata görə, problemi artıran səbəblərdən biri sözügedən əraziyə Abşeron və Qaradağdakı yaşayış məntəqələrindən də zibil gətirilməsidir. Həmçinin Sumqayıt şəhəri ətrafındakı yaşayış məntəqələrinin tullantıları da ora daşınır. Ona görə də, bu şəhərə mütləq şəkildə tullantıların təkrar emal zavodu lazımdır ki, ekoloji fəlakətin qarşısını almaq mümkün olsun.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) verilən açıqlamaya görə, Sumqayıt məişət tullantılarının idarə olunması poliqonunda ciddi nöqsanların olduğu yerli icra orqanlarının nəzərinə çatdırılıb: “Həmin poliqonun idarə edilməsi ilə məşğul olan “Sumqayıt şəhər Təmizlik Departamenti” MMC cərimələnib. 2021-ci ilin yeddi ayında beş akt, iki inzibati protokol tərtib edilib. Son dəfə 4 800 manat məbləğində cərimə yazılıb. Lakin bu cərimələrlə problem həllini tapmır. Bu gün biz həmin əraziləri monitorinq etdik və müəyyən edildi ki, orada yanğın baş verməsə belə, dəm qazının miqdarı normadan dəfələrlə artıqdır. Bunun da nəticəsində tüstülənmə baş verir ki, öz növbəsində şəhər ərazisində xoşagəlməz qoxunun yayılmasına gətirib çıxarır”.

Şəhər sakini Soltan Fərəcov isə düşünür ki, kəsilən cərimələrin heç bir xeyri yoxdu, illərdi bu problem onları boğaza yığıb. "Bu insanlara kim ixtiyar verib ki, 1 milyona yaxın sakinin sağlamlığını təhlükə altına atsınlar", - deyə o sual edir.

Başqa bir həmsöhbətimiz isə bildirir ki, bu poliqonlar özəlləşdirməyə açılsa və dövlət tərəfindən onu alan şirkətlərə güzəştlər edilsə, problem həllini tapa bilər: "Çünki dövlət tərəfindən bu sahəyə ayrılan vəsait bəzi məmurlar tərəfindən mənimsənilir, onlar da çarə olaraq, heç bir xərc tələb etməyən yandırılma üsulunu seçirlər".

"Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətindən (ASC) "AzPolitika.info"-ya bildirildi ki, Sumqayıtda tullantıların idarə olunması məsələsi onların fəaliyyət dairəsinə aid deyil.

Qeyd edək ki, müxtəlif vaxtlarda dərc olunan ekoloji statistiklara görə, Sumqayıt MDB məkanında ən çirkli şəhərlər arasında 15-ci sıradadır. Abşeron yarımadası ərazisindən il ərzində havaya 1 milyon ton zəhərli qaz buraxlır ki, bunun da 40%-i Sumqayıtın payına düşür. Bu şəhərdə ortalama bir insan ömrü 54-56 yaş aralığındadır.

"AzPolitika.info"

SUMQAYITI KİMLƏR VƏ NECƏ ZƏHƏRLƏYİR? - Milyona yaxın insanın sağlamlığı təhlükə altındadır

скачать dle 12.1