Bia.Az

İran prezidenti olmaq riskli işdir

Gündəm
 1-08-2021, 12:16     205

Avqustun 5-i İran İslam Respublikasının yeni seçilmiş prezidenti İbrahim Rəisi and içib səlahiyyətlərinin icrasına başlayacaq.
Paytaxt Tehranın prokuroru və ölkənin baş prokuroru, İran Məhkəmə Sisteminin başçısı olmuş İbrahim Rəisi 2021-ci il iyunun 18-də keçirilmiş seçkidə qalib gəlib. O, prezident postunda Həsən Ruhanini əvəz edəcək.

Həsən Ruhani 2013 və 2017-ci illərdəki seçkilərin qalibidir.
Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq seçkisində 4 il müddətinə seçilir.
İran İslam Respublikası 1979-cu il inqilabı nəticəsində qurulub. Prezident vəzifəsi 1980-ci ildə yaradılıb. O vaxtdan bu kürsüdə Əbülhəsən Bənisədr, Məhəmmədəli Rəcai, Əli Xamneyi, Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədinejad da əyləşiblər.
Novator.az-ın məlumatına görə, Böyük Britaniyanın “Middle East Eye” saytı yazır ki, Əli Xamneyi istisna olmaqla İran İslam Respublikasının heç bir prezidenti prezidentlik dövründən sonra xoş tale yaşamayıb.
Əbülhəsən Bənisədr impiçmentlə kənarlaşdırılıb, Məhəmmədəli Rəcai 1981-ci ildə Prezident sarayında törədilən partlayışda həlak olub.
1981-1989-cu illərdə İranın prezidenti olmuş Əli Xamneyi 1989-cu ilin iyunundan ölkənin ali lideri – dövlət başçısıdır.
Qalan prezidentlər bu postu tutmadıqları dövrdə ya şübhəli şəkildə dünyasını dəyişib, ya sürgün edilib, ya da siyasət aləmindən tamam uzaqlaşdırılaraq ev dustağına çevriliblər.
“Middle East Eye” saytı yazır ki, deyəsən, onların bu taleləri yaşamasının kökündə bir səbəb durur – ali liderlə toqquşma.
Prezident idarə üsulu yaradılana qədər İran İslam Respublikasında baş nazir postu olub. İslam respublikasının ilk baş naziri Mehdi Bazərgan hökumətə doqquz ay rəhbərlik edib. İranın o vaxtkı ali dini lideri Ayətullah Xomeyni ilə aralarında yaranmış ziddiyyətə görə istefaya gedəndən sonra Bazərganın özünə və tərəfdarlarına qarşı sərt təqiblər başlanıb, onun sədr olduğu siyasi partiyanın fəaliyyətinə yasaq qoyulub. Bazərgan 1995-ci ildə ürək çatışmazlığından vəfat edib.
İranın ilk prezidenti Əbülhəsən Bənisədr də Mehdi Bazərgan kimi dövləti dini liderin idarə etməsinin əleyhinə çıxıb. Bir ildən sonra Ayətullah Xomeyninin dəstəyi ilə parlament Əbülhəsən Bənisədrə impiçment elan edib. Ölkədən qaçmağa məcbur olan Bənisədr indiyədək Fransanın Versal şəhərində xüsusi mühafizə altında yaşayır.
Ölkənin üçüncü prezidenti (1989-1997-ci illər) Əli Əkbər Haşimi Rəfsəncani faktiki olaraq ali lider olmağa doğru bir yol gedirdi. Ancaq Ayətullah Xamneyi onu hakimiyyətdə monopoliya yaratmaqda ittiham edəndən sonra Rəfsəncaninin mövqeləri zəifləməyə başladı, 2013-cü ildə ona prezident seçkisində iştirak etmək qadağan olundu. 2017-ci ildə İranın dövlət telekanalı Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun sədri olan Rəfsəncaninin ürək tutması nəticəsində keçindiyi barədə xəbər yaydı. Rəfsəncaninin qızının iddiasına görə isə atası öldürülüb.
1997-ci ildə prezident seçilən Məhəmməd Xatəminin ali dini liderə tabe olacağı gözləntisi vardı, lakin o, İranda islahatların simvoluna çevrildi. Onun səyi nəticəsində ölkədə mətbuata xeyli azadlıq verildi. Ancaq Xatəminin sistemi dəyişmək cəhdləri uğursuzluğa düçar oldu. İki dəfə prezident seçilən Xatəmi 2005-ci ildən daha hər hansı tədbirdə görünmür, İran mediasına onun haqqında xəbər yaymağın qadağan edildiyi bildirilir.
Prezident seçkisinə qatılana qədər elə də tanınmayan Mahmud Əhmədnejad məhz ali liderin və İnqilab Keşikçiləri Korpusunun dəstəyi sayəsində  Məhəmməd Xatəmini əvəzləyə bildi. Onun 2009-cu ildə ikinci dəfə prezident seçilməsi daha böyük mübahisələrə və kütləvi etirazlara yol açdı, lakin etirazlar yatırıldı. Dörd il sonra Əhmədinejad da dini liderin himayəsindən məhrum olan və faktiki siyasətdən qovulan bir adama çevrildi. Onun bir çox yaxın adamı, müttəfiqləri həbs edildi. 2017 və 2021-ci illərdə Əhmədinejada prezident seçkisində iştirak etməyə imkan verilmədi.
Postunu təhvil verməyə hazırlaşan Həsən Ruhani heç vaxt açıq şəkildə Ayətullah Xamneyinin əleyhinə çıxmayıb. Amma “Middle East Eye” saytı yazır ki, İran prezidenti olmaq riskli işdir və mühafizəkar dairələrlə, İnqilab Keşikçiləri Korpusu ilə mübahisələri Həsən Ruhaninin də sonrakı taleyi barədə suallar yaradır.скачать dle 12.1