Bakıda “Mall”lar bağlanmayıb - bu qadağalar qoyuldu
Dünən axşam saatlarında sosial şəbəkələrdə koronavirus pandemiyası təhlükəsinə görə Bakıda ticarət mərkəzlərinin martın 17-dən etibarən bağlanması haqda məlumatlar yayılıb.
“bia.az”a daxil olan məlumata görə, molların bağlanması haqda informasiya təsdiqlənməyib. Rəsmi qurumların göstərişi ilə ticarət mərkəzlərini fəaliyyətin məhdudlaşdırılması ilə bağlı göstəriş verilib. Lakin molların tamamilə bağlanması həqiqətə uyğun deyil.
Ticarət mərkəzlərinə müvafiq qurumlar tərəfindən verilən 17 maddədən ibarət tapşırıqları təqdim edirik:
1. Girişlərdə hərarət ölçmə qurğularının istifadəsilə girişdə bütün daxil olanların hərarətinin yoxlanılması (parklanma girişləri daxil olmaqla);
2. Xidmət göstərən personalın xüsusi geyim vasitələri ilə təmin edilməsi;
3. Havalandırma sistemlərinin işlək olması;
4. Sabun və su əl yuma stansiyaları mövcud olmayan yerlərdə alkoqol əsaslı dezinfeksiya dispenserlərinin quraşdırılması və saxlanması;
5. İş saatlarında dezinfeksiya tədbirlərinin mütəmadi həyata keçirilməsi (əsasən işlək sahələrdə giriş-çıxış, lift, kassa və s.);
6. Uşaq əyləncə zonalarının fəaliyyəti dayandırılsın;
7. Qeyri-iş saatlarında tam dezinfeksiya tədbirlərinin görülməsi;
8. Alış-veriş mərkəzlərində mütəmadi gigiyena qaydaları ilə bağlı səsli anonsların verilməsi;
9. Mütəmadi olaraq maarifləndirici video çarxların nümayiş etdirilməsi, giriş və çıxışlarda WHO Covid-19 üzrə məsləhətləri ilə bağlı panoların vurulması;
10. Evlərə ərzaqların çatdırılması xidmətlərinin işə salınması;
11. Kassa qarşısında və ya digər yerlərdə növbələrin vətəndaşlar arasında iki metrlik məsafə saxlanılmaqla təşkil edilməsi;
12. Vətəndaşlara sms vasitəsilə atılacaq addımlar və mövcud məhdudiyyətlər barədə əvvəlcədən xəbər verilməsi;
13. Yerli səhiyyə şöbələri ilə mütəmadi əlaqələrin yaradılması və yerli ictimai göstərişlərə əməl edilməsi;
14. İnsanların ticarət mərkəzi və mollara getməyə təşviq edən endirim və digər aksiyaların qadağan edilməsi;
15. Atılacaq addımlarla bağlı alış-veriş mərkəzlərinin bütün əməkdaşlarının təlimatlandırılması (məlumat bürosu və təchizat əməkdaşları, xadimələr və s.);
16. Xəstə olan əməkdaşların əmək fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması;
17. Bu tədbirlərə əməl edilmədiyi təqdirdə cavabdeh şəxslər barədə ciddi tədbirlərin görülməsi.