Bia.Az

ÜÇ ÖLKƏNİN SƏFİRİ ŞUŞAYA GETMƏKDƏN İMTİNA EDİB - Onların bu cür qeyri-diplomatik demarşının səbəbi nədir?

Gündəm
 12-07-2021, 16:13     30

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-da və 10-da Füzuliyə, oradan isə Şuşaya səfər edən xarici ölkə səfirlərinin arasında ABŞ, Rusiya və Fransa səfirləri olmayıb. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, həmin ölkələrinin səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşaya getməkdən imtina ediblər.

Azərbaycan Prezidentinin köməkçisi, diplomatları səfərdə müşayiət edən Hikmət Hacıyev jurnalistlərə bildirmişdi ki, bu səfər şəxsən Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub. Və diplomatik korpusun nümayəndələri artıq yeddinci dəfədir ki, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Ağdama səfər edirlər.

Maraqlı və qəribədir ki, indiki halda məhz Minsk Qrupunun həmsədri olan ölkələrin Bakıdakı səfirləri uzlaşdırılmış mövqe nümayiş etdiriblər. Və onların bu cür qeyri-diplomatik demarşının səbəbləri haqda düşünmək, təxminlər yürütmək lazım gəlir. Belə görünür ki, həmsədrlər hələ də ölü vəziyyətdə olan Minsk Qrupu formatında danışıqların bərpasına ümid edirlər və İrəvanla körpüləri yandırmaq istəmirlər. Hərçənd aydın deyil ki, əhalisi lap münaqişənin əvvəlindən azərbaycanlılardan ibarət olmuş Şuşanın Qarabağda yaşayan ermənilərə nə dəxli var.
İstər belə, istər elə, bu demarş Azərbaycanın həmin ölkələrlə gələcək münasibətlərinə təsirsiz ötüşməyəcək. Ən azından, Fransanı istisna etməklə, Azərbaycan ABŞ və Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurmuşdu. Və belə mövqe ictimaiyyətin nəzərində həmin ölkələrlə gləcək münasibətlərin inkişafına ciddi ziyan vurmuş olacaq. Onların hərəkəti təkcə Azərbaycan hökumətinə deyil, bütün ölkə ictimaiyyətinə qarşı təhqirdir.
Vaşinqtonun ermənipərəst mövqeyi ilə ilk dəfə deyil ki, qarşılaşırıq. Bəs Azərbaycana dost hesab edilən Rusiyanın hərəkətini necə izah edək? Axı bu ölkə Qarabağ məsələsinin ədalətli həllinin qarantı kimi çıxış edirdi. Son on il ərzində ilk dəfədir ki, Rusiya diplomatı ABŞ diplomatı ilə bu cür həmrəylik nümayiş etdirir. Görəsən səfir bu təlimatı Kremldən alıb?
Səfirlərin bu demarşı xeyli suallar doğurur. Axı səfərin məqsədi dünya ictimaiyyətinə Azərbaycan mədəniyyətinin erməni vandalları tərəfindən necə dağıdıldığını çatdırmağa yönəlmişdi.
İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib ki, Minsk Qrupunun müharibənin nəticələrinin aradan qaldırılmasında, xalqlar arasında sülhün əldə olunmasında dəstəyinə ümid edir. Lakin belə görünür ki, həmsədr ölkələr müharibənin nəticələrinin aradan qaldırılması barədə yox, davam etməkdə olan Azərbaycan-Ermənistan qarşıdurmasının dərinləşdirilməsi yolunu seçiblər. (virtualaz.org)

скачать dle 12.1