Bia.Az

Putinin Qərblə mübarizə strategiyası – “Deutsche Welle”

Gündəm
 6-07-2021, 13:18     230

Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində “Putin Qərbə qarşı mübarizə strategiyasını dəstəkləyir” başlıqlı məqalə dərc olunub.

Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, Qərblə münasibətlərin gərgin vaxtında Rusiya prezidenti Vladimir Putin ABŞ-ın və onun mütəffiqlərinin “qeyri-dost hərəkətləri”nin qarşısını almağı nəzərdə tutan strateji sənəd imzalayıb.

Söhbət Putinin iyulun 3-də “Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyası”nı yeni redaksiyada təsdiqləməsindən gedir.

“Deutsche Welle” qeyd edir ki, strategiyanın yeni variantında xarici təsirlərə qarşı cavab tədbirlərinin görülməsi məsələsi də əksini tapıb:

“Kremlin bu addımı Rusiya ilə Qərb arasında gərginliyin artması fonunda baş verir. Yada salaq ki, ABŞ və onun müttəfiqləri Qara dənizdə hərbi təlimlər keçirir”.

Məqalədə vurğulanır ki, son illər Qərb ölkələri Kremli bir sıra məsələlərlə bağlı daha çox tənqid atəşinə tutur. Bu tənqidlər əsasən Kremlin himayə etdiyi, Qərbə qarşı yönəlmiş kiberhücumlara, habelə Rusiyada siyasi müxalifət nümayəndələrinin həbs olunmasına görədir.
Məqalədə bildirildiyinə görə, Putinin imzaladağı 44 səhifəlik sənəddə Qərb ölkələrinin artan təzyiqinin Rusiya cəmiyyətinə təhlükə yaratdığı vurğulanır: “Sənəddə ABŞ və müttəfiqlərinin Rusiyanın ənənəvi mənəvi, mədəni-tarixi dəyərlərini, həmçinin transmilli institutlarını fəal şəkildə hücumlara məruz qoyduğu iddia olunur. Moskvanın münaqişələri həll etmək üçün diplomatik üsullardan yararlanmaq öhdəliyinə sadiqliyi qeyd edilsə də, xarici dövlətlərin “dost olmayan hərəkətləri”nin qarşısını almaq məqsədilə simmetrik və asimmetrik tədbirlər görülməsinin tam qanuni olduğu bəyan edilir. Sənəddə bildirilir ki, Qərb Rusiyanın sosial və iqtisadi problemlərindən sui-istifadə edib ölkədə ictimai asayişi pozmağa və etirazları qızışdırmağa çalışır”.
Məqalədə Putinin yeni strategiyanı təsdiqləməzdən bir neçə gün əvvəlki açıqlamasına da diqqət çəkilir: “Rusiyanın Ukraynanın Krım bölgəsini ilhaq etməsini tanımayan Böyük Britaniyanın hərbi gəmiləri iyunun 23-də Qara dənizdə atəşə məruz qalıb. Rusiya bunu Britaniya gəmilərinin onun ərazisinə qanunsuz daxil olması ilə izah edib. Britaniya isə öz gəmilərinin Ukrayna sularında üzdüyünü bildirib. İyunun 30-da Vladimir Putin hadisəni “təxribat” kimi qiymətləndirib. O, bu “təxribat”da tək britaniyalıların deyil, amerikalıların da iştirak etdiyini söyləyib. Putinin sözlərinə görə, məqsəd Rusiyanın nə reaksiya verəcəyini izləmək olub və bu məqsədlə ABŞ-a məxsus kəşfiyyat təyyarəsi Britaniya gəmilərinin başı üzərində uçuşlar edib”.
Rusiya Krım yarımadasını 2014-cü ildə ilhaq edib. Həmin ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişib, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyib. Bundan dərhal sonra Rusiya Ukraynanın Krım bölgəsini hərbi güclə tutaraq özünə birləşdirib, ölkənin şərqindəki iki separatçı rejimin əli ilə Donetsk və Luqansk vilayətlərinin bir hissəsini işğal edib.
“Rusiya Federasiyasının milli təhlükəsizlik strategiyası” əvvəlki redaksiyada 2015-ci ilin dekabrında qəbul olunub. Prezident Putin 2021-ci il iyulun 3-də strategiyanın yeni variantını təsdiqləyəndən sonra əvvəlki variant hüquqi qüvvəsini itirib.
Mənbə: Dw.comскачать dle 12.1