Bia.Az

Lavrovun Bakıya hörmətsizliyi: Kreml gorbagor olan “status”u “xortladır”

Gündəm
 11-06-2021, 11:17     53

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda “status” məsələsinin gorbagor olduğunu dönə-dönə söyləsə də, Rusiya rəsmiləri bu mövzuya qayıtmaqdan yorulmurlar. Deyəsən, nəzəri görünən “status” arzusu Moskvanın Bakıya qarşı uzunmüddətli təsir rıçaqlarından biri olacaq. Əgər elə olmasaydı, “həftə səkkiz, mən doqquz” rus siyasiləri bu məsələnin çürüyünü çıxarmazdılar. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenidən “Dağlıq Qarabağın statusu” haqda danışıb. Baş diplomat “Primakov dərsləri” forumunda verilən suala cavabında “Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə əlaqələndirilməlidir” söyləyib.

Lavrov əlavə edib ki, “indi çoxları Dağlıq Qarabağın statusunun həll olunmamış qaldığını söyləyir. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə biryolluq razılaşdırılmalıdır ki, bu mərhələdə, ehtimal ki, status problemini qarışdırmamalı, əksinə, etimad tədbirlərinin gücləndirilməsinə, humanitar məsələlərin həllinə öz töhfələrini verməlidirlər ki, ermənilər və azərbaycanlılar yenidən təhlükəsizlik və iqtisadi rifah içində birlikdə yaşamağa başlasınlar”.
Bu qarmaqarışıq, dolaşıq ifadələrlə fikirlərini tamamlayan XİN başçısının sözlərindən belə çıxır ki, həmsədr ölkələr - ABŞ, Fransa və Rusiya “status” barədə baş sındırmalıdırlar. Lavrovun fikrincə, “status” Minsk Qrupu ilə əlaqələndirilməlidir...
Bakının qərarına bağlı olan bir məsələnin Minsk Qrupuna həvalə edilməsi rəyinin formalaşdırmaq Rusiya rəsmilərinin arzuları ola bilər. Lavrov hesab edir ki, Minsk Qrupu bu mərhələdə humanitar məsələlərə diqqət etməlidir, status problemini qarışdırmamalıdır. Rusiya XİN başçısı rəsmi Bakının mövqeyinə tamamilə zidd açıqlamalar verib.
Lavrov yadına salmalıdır ki, Azərbaycan “status” söhbətini çoxdan bağlayıb və cəhənnəmə göndərib. İkincisi, bu məsələ rəsmi Bakının daxili işidir və Minsk Qrupu çərçivəsində müzakirə oluna bilməz. Ancaq Lavrov əminliklə və arxayın şəkildə bəyan edib ki, Kreml bu  məsələdə tələsmir. Yəni hələ uzun müddət Rusiya sülhməramlılarının Qarabağda qalacağına açıq işarə vurub.
Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı
Asim Mollazadə: “İstər Minsk Qrupu, istərsə Rusiya olsun, çalışırlar ki, hansısa formada aranı qarışdırsınlar”
Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, bu məsələnin gündəmə gətirilməsi Azərbaycanın işlərinə müdaxilə etmək niyyəti daşıyır: “Hər zaman bizə qarşı əsas axtarmaq üçün bu məsələləri aktuallaşdırırlar. İstər Minsk Qrupu, istərsə Rusiya olsun, onlar çalışırlar ki, hansısa formada proseslərdə iştirak etsinlər, aranı qarışdırsınlar. Əgər ermənilərə hansısa status vermək istəyirlərsə, Rusiya bunu öz ərazisində edə bilər. Eyni sözləri Fransaya və ABŞ-a aid etmək olar. Çünki bu ölkələrdə yaşayan ermənilərin sayı Qarabağda olan ermənilərdən qat-qat çoxdur. Ona görə öz şəhərlərində onlara muxtariyyət versinlər”.
AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Rusiya rəhbərliyi və eləcə də Lavrov Minsk Qrupunun dirçəldilməsi haqda ilk dəfə fikirlər səsləndirmir. Onun sözlərinə görə, Azərbayan rəhbərliyinin, siyasi partiyaların və ictimaiyyətin bu məsələyə münasibəti bəllidir: “Minsk Qrupunun fəaliyyətinə ehtiyac yoxdur, onlar 30 il işğalın rəsmiləşməsinə xidmət ediblər. Ancaq biz görürük ki, Fransa, ABŞ-dan bu mövqe sərgilənirdi, indi də Rusiya davamlı şəkildə Minsk Qrupunun dirçəlməsi yönündə bəyanatlar səsləndirir. Eyni zamanda Ermənistan həmsədr ölkələrdən birinin hərbi kontingentinin sərhədə yerləşməsini isəyir. Görünür, bu məsələdə fikirləri üst-üstə düşür. Burada məqsəd Türkiyənin və Azərbaycanın bölgədə üstün mövqeyini zəiflətməkdir, çünki bu reallığı həzm edə bilmirlər. Ona görə Minsk Qrupunu dövriyyəyə buraxmağa çalışırlar”.
 Lavrova edilən şikayət nə deməkdir?! - Arzuxan Əlizadə - Azinforum.az  İnformasiya Portalı
Arzuxan Əlizadə: “Minsk Qrupu cinayətkar fəaliyyətsizliyi ilə yetərincə ziyan vurub”
AMİP sədrinin sözlərinə görə, Minsk Qrupu cinayətkar fəaliyyətsizliyi ilə yetərincə Azərbaycana ziyan vurub və onun dirçəlməsinə imkan vermək olmaz: “Sadəcə, gələcəkdə yeni həmsədrlər formalaşsa, rəsmi Bakı bunu siyasi proses kimi qəbul etsə, o zaman ilk növbədə Fransanın həmsədrliyindən imtina edilməlidir, Minsk Qrupunun üzvü olan Türkiyə həmsədrliyə gətirilməlidir. Ondan sonra həmsədr ölkələrin iki dövlət arasında, ümumiyyətlə, regionda sülhün bərqərar olması istiqamətində fəaliyyətinə yenidən baxmaq olar”.
Professor, sabiq dövlət müşaviri Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, Rusiya öz aləmində Qarabağı ərazisi hesab edir: “Hətta söhbətlərin birində rus generalı deyib ki, Qarabağ nə ermənilərin, nə azərbaycanlılarındır, bizimdir. Yəni torpağı biz almışıq, biz vermişik, indi də sərəncam vermək hüququna malikik. Son günlər ”status" məsələsini də ehtiyatlı şəkildə aktuallaşdırıblar, Fransa da israrlı mövqe tutur. Belə görünür ki, həmsədr ölkələrin baxışları bir-birinə yaxındır. Ancaq sən kimə status verəcəksən? Qarabağda uzağı 25 min erməni var".
Mənim kəndim - Qabil Hüseynli: “Anamın əziyyət çəkməyinə dözmədim” - LAYİHƏ  - Modern.Az Azərbaycan və dünya xəbərləri
Qabil Hüseynli: “Lavrovun arxayınlıqla fikirlərini bildirməsində təhrik elementləri var”
Analitikin sözlərinə görə, ermənilər bir dəfə qədim Azərbaycan torpağında dövlət yaradıblar, indi 25 min nəfərə görə status müəyyən oluna bilməz: “Cənab İlham Əliyev deyib ki, status yoxdur. Lavrovun belə arxayınlıqla fikirlərini bildirməsinin içində həm də təhrik elementləri var. O, rəsmi Bakının nümayiş etdirəcəyi cavab tədbirlərini eşitmək istəyir. Belə şəraitdə Rusiya həm ”status"məsələsini, həm sülhməramlıların mandat məsələsini əl altından gündəmə gətirməyə çalışır. Ancaq Azərbaycan sülhməramlıların mandatı ilə bağlı mövqeyini açıqlayıb, onların statusu BMT tərəfindən təsdiqlənməlidir".
Ekspert hesab edir ki, rus sülhməramlılarının hüquqlarının BMT tərəfindən müəyyənləşdirilməsi mövqeyini ortaya qoymaqla Rusiyaya “çıx, get” deyilir: “Çünki sülhməramlılar bölgədə erməniləri qorumaqdan başqa bir missiya yerinə yetirmir. Niyə Kəlbəcərə sülhməramlıların müşayiəti ilə getməliyəm?
Öz ərazimizdə suverenliyimiz məhdudlaşıb. Bunlardan icazə alıb bir yerdən başqa yerə getməlisən. Özlərini neoimperialist kimi aparırlar. Bir sözlə, bölgədə münasibətlər yeni mərhələyə qədəm qoyub. Bunun mahiyyəti belədir ki, ruslar Qarabağla bağlı bütün məsələlərin həllini öz əlində saxlamağa və erməniləri düşdüyü fəlakətdən çıxarmağa çalışır".скачать dle 12.1