Bia.Az

“SÜLH MÜQAVİLƏSİ HAQDA DANIŞILMIR, AMMA DANIŞILACAQ!” – “Mehri xəttinin açılması elə Zəngəzur dəhlizinin açılmasıdır”

Gündəm
 2-06-2021, 17:08     30

Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası zərurət kimi ortaya çıxsa da, rəsmi İrəvan faktiki olaraq, bundan boyun qaçırır, hansısa şərtlər və bəhanələr irəli sürür, təxribatlara əl atır. Həmçinin, Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan elan edir ki, Naxçıvana dəhliz məsələsi indiyə qədər müzakirə edilməyib və bundan sonra da edilməyəcək.

Ermənistan tərəfinin bu mövqeyi və davranışları nəyə xidmət edir və hansı nəticələrə gətirib çıxara bilər?

“AzPolitika.info” mövzu ətrafında Milli Məclisin komitə sədri, hüquqşünas Ziyafət Əsgərovla söhbətləşib.

- Ziyafət müəllim, Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi başlar-başlamaz təxribatların şahidi olduq və gərginlik indi də qalmaqdadır. Siz sərhəddəki vəziyyəti necə qiymətləndirirsiniz?
- İyunun 20-də Ermənistanda seçkilər keçiriləcək. Ancaq mən Ermənistandakı indiki durumu normal seçkiqabağı vəziyyət kimi qiymətləndirməzdim. Dünyanın heç bir ölkəsində seçki öncəsi belə xaos və qarışıqlıq olmur. Nikol Paşinyana qarşı olan qüvvələr birləşərək bir istiqamətdə fəaliyyət göstərir, Paşinyanı dəstəkləyənlər digər istiqamətdə, üçüncü qüvvələr isə başqa istiqamətdə işləyirlər. Bu durumdan da istifadə edərək müəyyən təxribatlar törədilir. Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatlar da birinci növbədə bundan qaynaqlanır.
İkincisi, dövlətlər arasında sərhədlər olur və bu sərhədlər əvvəl delimitasiya, sonra da demarkasiya olunur. Delimitasiya zamanı tərəflər sərhədlərin ümumi parametrlərini müəyyən edirlər, konkret razılığa gəlirlər. Bundan sonra demarkasya işlərinə başlanılır.
30 ilə yaxın dövrdə ermənilər nəinki Azərbaycan ərazilərini işğal ediblər, eyni zamanda bizim torpaqlarımızı öz ərazilərinə qatmaqla sərhəd müəyyən ediblər. Xəritələr ortaya çıxanda bütün bunlar da üzə çıxıb. Yeri gəlmişkən qeyd edim ki, belə xəritələr Azərbaycanda da, Ermənistanda da, Rusiyada da var. Biz sovet dövründə olan xəritələrə əsasən deyirik ki, gəlin sərhədlərimizi demarkasiya və delimitasiya edək. Sərhədləri delimitasiya edəndə aydın olur ki, bunlar bizim ərazimizin müəyyən hissəsini işğal dövründə özlərinə götürüblər. Biz də deyirik ki, bu ərazilər xəritəyə və faktlara əsasən bizimdir, işğal faktından istifadə edərək buranı özününküləşdirmisiniz, amma artıq ərazidən çıxın.
Nəhayətdə barəsində danışdığımız hadisələr Qarabağ ərazisindən kənarda baş verənlərdir. Mayın 28-də biz erməni tərəfinin 6 təxribatçısını tutduq. Kəlbəcər istiqamətində saxlanılan bu təxribatçılar Azərbaycan tərəfə keçərək yollara mina düzməyə çalışıb. Ermənistan bunu “əsgərlərimiz mühəndis-istehkam işləri görürlər” formasında təqdim edir. Gecə saat üçdə hansı mühəndis-istehkam işlərindən söhbət gedə bilər? İkincisi, sən mühəndis-istehkam işlərini niyə Azərbaycan ərazilərində aparırsan? Nikol Paşinyan özü də etiraf etdi ki, hərbçilər orada mina düzürlərmiş. Ermənistan Baş Qərargah rəisinin müavini bir söz deyir, Paşinyan başqa söz. 
- Biz Ermənistanla sərhədlərimizin delimitasiya və demarkasiya prosesini həyata keçirmək istəyirik, erməni tərəfi bundan qaçır. Belə olduqda hadisələr hansı ssenari üzrə inkişaf edə bilər?
- Bəli, onlar bundan hələlik qaçmağa çalışırlar, amma ömür boyu qaça bilməzlər. Mənim ehtimalıma görə, ona görə qaçırlar ki, qarşıda seçkilər var. Odur ki, müəyyən qədər prosesi uzatmaq istəyirlər. Məncə, seçkilərə qədər belə təxribat aktları yenə də ola bilər, belə risklər mümkündür. Ancaq seçkidən sonra onlar mütləq delimitasiya və demarkasiya məsələsinə qayıtmağa məcbur olacaqlar. Biz mütləq bu məsələni həll etməliyik. Üstəlik, Paşinyan üçtərəfli bəyanata imza atıb. Burada isə dövlət sərhədinin müəyyən edilməsi məsələsi var. Sərhədsiz nə qədər yaşamaq olar? İndi Ermənistnda “ayının min oyunu bir armudun”, yəni seçkilərin başındadır. Hesab edirəm ki, seçkidən sonra hər şey qaydasına düşəcək.
- Sizcə, Ermənistanda hakimiyyət dəyişikliyinin hansı ssenariləri daha realdır?
- Ssenarinin nə olmasından, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, onlar bir faktı qəbul etməlidirlər: Azərbaycan qalibdir, haqq və ədalətin tərəfdarıdır və beynəlxalq hüququn tərəfdaşıdır. Biz beynəlxalq hüquqa əsasən tələb edirik ki, gəlin sərhədlərimizi bərpa edək. Yeri gəlmişkən, Paşinyan çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) müharibəyə cəlb etsin. Bunu müharibə vaxtı da etməyə çalışdılar. Ancaq Vladimir Putin iki dəfə bəyanat verərək bildirdi ki, müharibə Azərbaycan ərazisində gedir və beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu dəfə də çalışıldı ki, KTMT-ni öz oyunlarına cəlb etsinlər, ancaq alınmadı. Niyə? Çünki KTMT-də çox gözəl bilirlər ki, bunların hamısı Ermənistanın təxribatıdır.
- Söhbət Rusiyadan düşmüşkən, sərhədlərin müəyyənləşdirilməsi məsələsində Rusiyanın rolunu necə görürsünüz?
- Rusiya Xarici İşlər Nazirliyi bəyan etdi ki, delimitasiya və demarkasiya prosesini sürətləndirmək lazımdır. Sergey Lavrov da bəyan etdi ki, bu işlər müəyyən olunan xəritə əsasında aparılmalıdır. Hesab edirəm ki, bu məsələdə Rusiyanın mövqeyi aydındır. Aydın olmayan Ermənistanın mövqeyidir. Bu da erməni xislətindən doğur və həm də seçkilərlə əlaqəlidir.
- Rusiyanın mövqeyi bəllidirsə, bu halda Ermənistanın buna müqavimət göstərmək imkanı varmı?
- Əlbəttə, Ermənistanın Azərbaycana qarşı ciddi təxribat törətmək imkanı yoxdur. Cənab Prezident dəfələrlə qeyd edib ki, “dəmir yumruq” hər zaman hazırdır. Əgər, bunlar yenidən ciddi təxribat törətmək istəsələr başları elə əziləcək ki, özlərinə gələ bilməyəcəklər.
- Ehtimal edirsiniz ki, kiçik miqyaslı hərbi əməliyyatlar ola bilər?
- Mən müharibə başlamasını ehtimal etmirəm, ancaq təxribat ola bilər. Onlar müharibədə Azərbaycanın gücünü hiss etdilər. Ermənistanda ordu deyilən anlayış yoxdur, orudunun beli sınıb, erməni generalları, siyasi xadimləri, hətta Levon Ter-Petrosyan da deyir ki, Qarabağ məsələsini unudun, Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələr yaratsın, kommunikasiyalar açılsın, Ermənistan inkişaf etsin. Normalda ağlı başında olan insan bu cür düşünməlidir.
- Hazırda qonşu İranın bu proseslərdəki rolunu və siyasətini necə analiz etmək olar?
- Bu ölkənin xarici işlər naziri Bakıya gəlmişdi, İrəvanda da oldu. İrəvanda bəyan etdi ki, Tehran məsələnin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Biz, həqiqətən də problemin sülh vasitəsilə həllinin tərəfdarıyıq. Bu, sadəcə söz və ya ritorika deyil. Azərbaycan bütün qonşularıyla, o cümlədən Ermənistanla sülh şəraitində yaşamaq, həmçinin sülh müqaviləsinin imzalanmasını istəyir. Eyni zamanda 11 yanvar 2021-ci ildə Moskvada imzalanan üçtərəfli razılaşmanın işləməsini - kommunikasiyaların açılmasını istəyirik. Bu, bütövlükdə region ölkələrinə xeyirdir.
- Amma Ermənistan buna da müqavimət göstərir...
- Bəli. Amma ağılları başlarında olsa, mütləq buna getməlidirlər və gedəcəklər də. Başqa çıxış yolları yoxdur.
- Erməni tərəfi deyir ki, razılaşmada dəhliz ifadəsi yoxdur, kommunikasiyaların açılması var və bunu əsas gətirməklə guya dəhliz məsələsindən imtina edirlər. Hüquqşünas kimi bunu necə qiymətləndirirsiniz?
- Kommunikasiyanın açılması nə deməkdir? Mehri xəttinin açılması elə Zəngəzur dəhlizinin açılmasıdır. Onlar seçkidən ehtiyat edərək düşünürlər ki, “Zəngəzur”, “dəhliz” ifadələrini işlətsələr, bu, onların əleyhinə işləyər. Ancaq ötən gün Paşinyan özü bildirdi ki, əgər azərbaycanlılar Ermənistana gəlirlərsə, burada pis nə var? Hiss edirsən ki, cəmiyyətə mesaj vermək istəyir. Elə son fikirlərinə də diqqət çəkmək olar. Paşinyan açıq etiraf edir ki, 1999-cu ildə Ermənistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olmasına səs verib. Amma seçki ərəfəsində bir qədər ehtiyatlanır, müəyyən gedişlər edir və oyun oynayır ki, səs yığa bilsin. Seçkidən sonra kimin qalib gəlməsindən asılı olmayaraq biz məsələni qoyacağıq ki, bunu uzatmaq olmaz.
- Ermənistanda hakimiyyət uğrunda Nikol Paşinyan, Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyan mübarizə aparır. Sizcə, onların hansı ilə işləmək bizim üçün daha münasib olar?
- Ermənistan bizim üçün rahat dövlət deyil. Biz, sadəcə Ermənistanı məcbur edəcəyik ki, oturub beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq delimitasiya və demarksiya məsələsini birgə həll edək. Eyni zamanda, sülh müqaviləsini hazırlayaq və onu imzalayaq.
- Sülh müqaviləsi haqqında ümumiyyətlə danışılmır...
- Danışılmır, ancaq danışılacaq. Özbaşına deyillər ki, danışmasınlar. Əgər sülh müqaviləsi imzalanmayacaqsa, delimitasiya və demarkasiya olmayacaqsa, bu halda Ermənistanın gələcəyi olmayacaq. Ermənistan bir dövlət kimi onsuz da çöküb, iqtisadiyyatı yox, ordusu yox. Sən nə ilə yaşayacaqsan və ya nə deyib Azərbaycanla sülh müqaviləsi imzalamayacaqsan? Axı, sən hansı qüvvənlə müharibə apara bilərsən? Ona görə də başa düşməlidirlər ki, Azərbaycan və Türkiyə ilə düşmənçilik etmək Ermənistanı uçuruma aparır. 
- 30 il əvvəl Ermənistan Rusiyanın dəstəyi ilə bizim ərazilərimizi işğal etdi, başımıza oyunlar açdı. 30 ildən sonra biz işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsini azad etdik, düşməni vurub torpaqlarımızdan çıxardıq. Məsələn, 20-30 ildən sonra Ermənistan yenidən Rusiyanın və digərlərinin dəstəyilə nəsə edə bilərmi?
- Fakt odur ki, 44 günlük Vətən müharibəsində Rusiya neytrallığını tam saxladı.
- Amma 30 il əvvəl tam başqa vəziyyət idi... 
- Burada artıq Minsk Qrupunun fəaliyyətindən danışmaq olar. Minsk Qrupu 30 ildə heç nə etmədi. Onlar bizə deyirdilər ki, siz Ermənistanla danışıqlar aparın, razılığa gəlin və biz də bunu dəstəkləyək. “Sizin fəaliyyətiniz nədir” sualını verəndə isə deyirdilər ki, fəliyyətimiz mühit yaratmaqdır ki, siz razılaşa biləsiniz. İndi Minsk Qrupunun elə bir əhəmiyyəti qalmayıb. Amma Minsk Qrupu doğrudan da Azərbaycanla Ermənistan arasında münasibətlərin düzəlməsini istəyirsə, gedib Ermənistanda mühit yaratsın. Sərhədin delimitasiya və demarkasiyası beynəlxalq hüququn tələbidir. İş istəmirsiniz? Buyurun, gedin orada işləyin. Bizə Minsk Qrupu lazım deyil. Daha doğrusu bizə lazım olanda heç nə etmədiniz. İndi gedin Ermənistanda işləyin, mühit yaradın ki, ağılları başlarına gəlsin.скачать dle 12.1