Bia.Az

ERMƏNİSTAN ORDUSU QARABAĞI TƏRK ETMƏYƏ BAŞLAYIB? - Azərbaycan ordusu Əsgəranla üzbəüz mövqelərdə... + VİDEO

Gündəm
 6-05-2021, 00:03     1 147

Ermənistana bağlı hərbi qüvvələr Qarabağdan çıxarılır. “Turan”ın xəbərinə görə, son iki sutka ərzində sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin çəkdikləri videogörüntülər yayılıb. Kadrlarda Xankəndindən çıxarılan erməni ordusunun kolonu görünür. Ağır texnika kolonu Laçına tərəf hərəkət edir. Digər kadrlarda “KamAZ” kolonu görünür, bunlardan adətən canlı qüvvənin daşınmasında istifadə olunur.
Hərbçilərin şərhlərinə görə, Ermənistan Silahlı Qüvvələri Qarabağdan çıxarılır, amma rəsmi olaraq bu barədə heç nə deyilmir. Azərbaycanlı hərbçilərin çəkdikləri digər kadrlarda Azərbaycan Silahlı Qüvvələrinin Əsgəran rayonunda Qarov kəndi ilə üzbəüz mövqeləri göstərilib. Həmin yüksəkliklərdən erməni tərəfinin mövqeləri aydın görünür, Xankəndi və Əsgəranın ətrafını da görmək olur.


Aydın məsələdir ki, 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Bu, razılaşmanın 4-cü bəndində göstərilib. Lakin erməni tərəfi həmin bəndin yerinə yetirilməsini hər vəchlə yubadır. Bununla belə, son günlər Rusiya və Ermənistanın hərbi rəhbərliyi arasında danışıqların intensivləşməsi nəzərə çarpır. Belə ki, Ermənistanın Baş Qərargah rəisi Moskvada olub, müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.
Rusiya xarici işlər naziri Sergey Lavrovun isə həm İrəvana, həm də Bakıya səfəri hazırlanır. Belə görünür ki, imzalanmış sənədlərin əsas qarant ölkəsi olan Rusiya Bakıya səfər öncəsi bu cür suallarla rastlaşmamaq üçün Ermənistan ordusunun Qarabağdan çıxarılması haqda bəndin icrasını sürətləndirib. 

Bu, həm də Şuşaya atılmış “İsgəndər”lə bağlı problemin arxa plana atılmasına, “unudulacağına” rəvac verə bilər. Ümumi prosesdə isə əsas qazanc, əlbəttə, Azərbaycana məxsusdur ki, qanunsuz ordunun Qarabağdan çıxarılması burada separatçılıq meyllərini azaldacaq.
Ola bilsin ki, Ermənistan ordusunun Qarabağda bundan sonra qalması həm də Rusiya sülhməramlıları üçün də təhlükəyə çevrilə biləcəyi üçün Moskva prosesi tezləşdirmək qərarı verib. Çünki əlində silah olan erməniyə güvənmək olmaz.
Bu prosesin düyünləri Lavrovun mayın 5-də İrəvan, 10-da isə Bakı səfərində açılacaq, hər şey ictimaiyyətə aydın olacaq. Rus baş diplomatının hər iki ölkəyə səfərində kommunikasiyaların açılmasının sürətlənməsi də müzakirə olunacaq. Bəs siyasət adamları nə düşünür?

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, erməni hərbçilərinin Xankəndindən çıxması barədə Azərbaycanın rəsmi orqanlarından hələlik açıqlama olmayıb: "Amma narahatlıq yaşandığı hiss olunur. Əsasən də sülhməramlıların 9 mayda paradı nəzərdə tutulur və bu, Qarabağdakı separatçılara mənəvi dəstək kimi qiymətləndirilir. Erməni separatçıları da rusları özlərinin qoruyucusu kimi görürlər. Elə Lavrovun məhz mayın 9-dan sonra gəlməsi də təsadüfi deyil. Əgər separatçılarla sülhməramlılar paradda birgə hərəkət etsə, Azərbaycanın Lavrov Bakıda olanda bu məsələyə mövqeyi fərqlənəcək. Ona görə Lavrovun görüşü mayın 9-dan sonraya salınıb ki, həmin parada adekvat reaksiya verilsin".

Natiq CəfərliN.Cəfərlinin fikrincə, Rusiyanın digər çərçivələrdə də aktivliyini müşahidə edirik: “Putinlə Makronun telefon söhbəti olub, amma Azərbaycan məlumatlandırılmadan Qarabağla bağlı birgə təşəbbüslə çıxış etmək qərarına gəlinib. Bizim bundan xəbərimiz olmayıb. Onsuz da bu iki dövlətin xeyrimizə çıxış edəcəyini gözləmirəm. Bundan əlavə, ruslar Xankəndi və digər ərazilərdə möhkəmlənməyə çalışırlar. Çünki 2025-ci ilin mayında tərəflərin razılığı olsa, sülhməramlıların bölgədə qalması çətinləşəcək. O zaman Rusiya erməniəsilli Azərbaycan vətəndaşlarından istifadə etməyə çalışacaq. Hakimiyyət və biz bu məsələləri diqqətdə saxlamalıyıq, izləməliyik. Çünki bundan sonra danışıqlar yalnız sülh müqaviləsinin detalları haqda ola bilər, Qarabağla bağlı digər hüquq məsələləri müzakirə edilə bilməz”.
Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, hələlik hərbi texnikanın çıxarılması kadrları yayılıb: “Yəni iki gün erməni hərbi texnikasının çıxarılması böyük zaman deyil. Üstəlik, şəxsi heyətin çıxarılması haqda dəqiq məlumatlar yoxdur. Həmçinin Əsgəran, Ağdərə ərazilərində 11 mindən çox erməni hərbçisi qalmaqdadır. Bu qüvvələr çıxarılarsa, o zaman birmənalı fikir söyləmək olar. Amma bu, baş vermir. Hətta xəbərlər gəlir ki, Ağdərə istiqamətində ermənilər mövqelərini möhkəmləndirirlər. Ancaq hərbi texnikanın çıxarılması da bir prosesdir və əgər şəxsi heyət çıxmasa, Azərbaycan antiterror əməliyyatı ilə bu işi həyata keçirə bilər”.

Qabil HüseynliEkspertin sözlərinə görə, Lavrovun təcili səfərinin səbəbləri çoxdur: “Zəngəzur yolunun və Azərbaycan tərəfdən kommunikasiyaların, o cümlədən internet, energetika sisteminin işə salınması, Qazax-İcəvan dəmir yolunun bərpası müzalirə olunacaq. Amma ilk növbədə onu sövq edən səbəb Ərdoğanın ölkəmizə və Şuşaya səfəri ilə bağlıdır. Şuşa ilə bağlı bir nömrəli hazırlıq gedir, xüsusi təyinatlı qüvvələr bölgəyə yeridilib, əlavə təhlükəsizlik tədbirləri həyata keçirilib. Necə olur ki, siz sülhməramlılara parad keçirməyə göstəriş verirsiniz, amma Ərdoğan Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşaya gələ bilməz? Bu, kimlərisə niyə belə həyəcanlandırır? Gələcək, Dövlət Bağçalının təşəbbüsü ilə tikiləcək məktəbin təməlqoyma mərasimində iştirak edəcək, dağıdılmış əraziləri seyr edəcək. Düzdür, Rusiya mətbuatı Lavrovun səfərini kommunikasiyalarla əlaqələndirir, ancaq Ərdoğanın gəlişinin baş tutmaması niyyəti güdülür. Əslində ox yaydan çıxıb, səfər razılaşdırılıb, hətta növbəti dəfə Bağçalının səfəri gözlənilir”.скачать dle 12.1