Bia.Az

"BAYDENİN BƏYANATI SİYASİ AXMAQLIQ VƏ ƏXLAQSIZLIQDIR!" - Baxçalıdan sərt açıqlamalar

Gündəm
 26-04-2021, 11:09     85

"Müttəfiq olaraq bilinən bir ölkə ilə yolayrıcına gəlinmişdir... Heç bir şey əvvəlki kimi olmayacaq”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı sosial media hesabındakı yazısı ilə Baydenin 1915 hadisələri ilə əlaqədar istifadə etdiyi 'soyqırım' ifadələrini sərt şəkildə qınayıb.  

“Dostluq və strateji bağlar qurduğu bir ölkəyə soyqırım kölgəsi salmağa cəhd edən bir düşüncə ilə, yəqin ki, heç bir şey əvvəlki kimi olmayacaqdır...1915-ci il hadisələri ətrafında qurulmuş böhtan kampaniyası əsassız, həqiqətə uyğun deyil"-  deyə, Dövlət Baxçalı bildirib.

"AzPolitika.info" Dövlət Baxçalının açıqlamalarını təqdim edir:

"Tarix həm qaynağımız, həm dayağımız, həm də davamızdır. Siyasi hədəflərlə təməlsiz və əsassız şaiyələrə dayanaraq, qərəzli şəkildə açıq tarixi faktların təhrif edilməsi bəşəriyyətin barış və hüzur arayışını çox təhlükəli boşluğa düşürəcəkdir. 
Digər bir vacib məqam budur: tariximizi mühakimə etmək qayəsi ilə sənədsiz, sübutsuz, bilgisiz məhkəmə qurmağa təşəbbüs edənlər bir əsrdir ki, millətimizi müttəhim kürsüsündə oturtmaq çabası ilə xain planlar qururlar. Bu xain planın müəlliflərinin və "maşalarının" kimliyi məlumdur. 

Türk millətinin şərəfli keçmişində nə bir soyqırım utancı, nə də bir qətliam alçaqlığı yoxdur. Tariximiz hər mövzuda olduğu kimi, bu baxımdan da qüsursuzdur və bu çərçivədə heç kimə nəyisə isbat etməyə borclu deyilik. 1915-ci il hadisələri ətrafında qurulmuş böhtan kampaniyası əsassızdır, yalandır, həyasızlıqdır!
Xüsusilə, 1915-ci il hadisələrinin mahiyyəti ilə və bunun arxasında duran səbəblərlə maraqlananlar əvvəlcə tozlu rəflərdə saxlanılan arxiv sənədlərini incələmək, namuslu və obyektiv araşdırma aparan alimlərin əsərlərini oxumaq və qiymətləndirmək məcburiyyətindədirlər.
Tarix hökmünü vermiş , 1915-ci ildəki haqlı və qanuni dövlət aktının səhifəsi mahiyyət etibarilə bağlanmışdır. Ehtiyaclardan və milli təhlükəsizlik məsələlərindən qaynaqlanan deportasiya ehtiyacının səbəbi, ilk növbədə, Birinci Dünya müharibəsinin qanlı və qaranlıq şərtləri ilə şərh olunmalıdır.
Tarixin siyasətçilər tərəfindən sui-istifadə və inkaretmə vasitəsinə çevrilməsi mədəniyyətlər və millətlər arasındakı uçurumu dərinləşdirməklə yanaşı, nəsillər arasında uzun illər davam edəcək qütbləşməyə də yol açacaqdır. Bunun heç kimə, heç bir ölkəyə xeyri olmayacaqdır.
1915-ci il hadisələri kürəyinə xain xəncər saplanan bir İmperatorluğun təbii refleksi, doğru qərarı, düşünülmüş bir addımdır. Üstəlik, deportasiya o dövrdə milli təhlükəsizlik üçün məcburi bir seçim idi. Burada soyqırım izi axtaranlar Türk millətinə qarşı düşmənçilik bəsləyən dairələrdir.
1910-cu illərdə erməni dəstələrinin vəhşilikləri: uşaq, qadın, yaşlı demədən, hücum çəkib öldürmələri, həmçinin Anadolu coğrafiyasının hər nöqtəsində şiddətə əl atmaları, demokratik haqq axtarışı deyil, xain və vəhşicəsinə bir terror əməliyyatı idi. Türk milləti bu xain plana boyun əymədi.

1915-ci il verilən qərarla yurdumuzun ən az 100 ili xilas edilmişdir. Bu strateji qərarda  qətiyyətlə iradə ortaya qoymuş qəhrəman əcdadımızı rəhmət və ehtiramla anmaq hər vətənpərvərin, millətini sevən hər bir kəsin milli borcudur. Onların əziz xatirələrini hörmətlə anmaq mənəvi bir vəzifədir.
Yüz illər boyu dostluq şəraitində yaşayan Türklər və ermənilər arasında qan xətləri çəkənlər bu gün qondarma soyqırımdan ən çox danışanlardır. Tarixdən düşmənçilik çıxaranlar, Türk millətini günahlandırmaq üçün növbəyə duranlar demokrat cildinə bürünmüş vandallardır.
Hər 24 aprel tarixində ABŞ prezidentlərinin necə mövqe tutacaqları, 1915-ci il hadisələrini "böyük fəlakətmi, yoxsa soyqırım" adlandıracağı siyasi və diplomatik dairələrdə müzakirə mövzusu olmuşdur. Türk milləti davamlı şəkildə gündəmdə saxlanılan bu şantaj və təhdid mühasirəsindən bezmişdir.
ABŞ-ın əvvəlki prezidentlərindən biri olan Ronald Reyqanın 22 aprel 1981-ci ildə qondarma "erməni soyqırımı"  ifadəsindən istifadə etməsi bizim xatirələrimizdədir. İndi ABŞ Prezidenti Co Bayden seçki kampaniyasında erməni lobbilərinə verdiyi çirkin vədinə sadiq qalaraq, 1915-ci il  hadisələrini "soyqırım" adlandırdı.
Milliyyətçi Hərəkat Partiyası qondarma soyqırım ittihamını tamamilə rədd edir və bu ittihamı səsləndirən ABŞ prezidentini qınayır. Baydenin "soyqırım" bəyanatı mənasız və etibarsızdır, eyni zamanda siyasi axmaqlıq və əxlaqsızlıqdır! Müttəfiq olaraq bilinən bir ölkə ilə yolayrıcına gəlinmişdir!
Baydenin skandal və şikəst açıqlamalarından sonra Türkiyə - ABŞ münasibətlərinin tamamilə fərqli bir məcraya yönəlmək riski ilə qarşılaşıb! Dostluq və strateji əlaqələr qurduğu ölkəyə "soyqırım kölgəsi" salmağa çalışan bir düşüncə ilə heç bir şey əvvəlki kimi olmayacaq!
Erməni xəyanət şəbəkələrinin davamı olan PKK-nın siyasi ayağı olan HDP-nin qondarma "soyqırım" yalanına sarılması, siyasi və qanuni bir qərar verilmə mərhələsinə gəlindiyini göstərir. Türk millətinə "soyqırımçı" deyən bir təşkilatın nə siyasətdə, nə də Qazi Məclisdə olması artıq qeyri-mümkündür.
Dövlətimizin və hökumətimizin verəcəyi hər qərarın yanında dururuq. Heç kimə borclu və ya məhkum deyilik. Keçmişi qətliamlarla dolu bir ölkədən nə eşidəcəyimiz, nə də öyrənəcəyimiz bir şey yoxdur! Biz birik, birlikdəyik, dünyaya qarşı tək ürəyik!"скачать dle 12.1