Bia.Az

SƏRHƏDDƏ ATƏŞ SƏSLƏRİ, XANKƏNDİNDƏ PARAD, ARAİK MOSKVADA... - Azərbaycan-Rusiya münasibətlərində nə baş verir?

Gündəm
 23-04-2021, 12:06     715

İlham İsmayıl: “Rusiyaya arada etiraz etmək lazımdır ki, münasibətlərində azacıq da olsa səmimi olsun”

Elxan Şahinoğlu: "Ermənistan hakimiyyəti ilə erməni separatçılarının birgə planı Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdan ibarətdir”


Ədalət Verdiyev: “Sanki ermənilər bununla növbəti dəfə "dəmir yumruq" zərbəsi almağı xahiş edirlər”

Ermənistan 10 noyabrda əldə olunmuş atəşkəsdən sonra növbəti dəfə Azərbaycanla dövlət sərhədində təxribatlar törədib. Bu barədə aprelin 22-də Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Açıqlamada bildirilir ki, Zəngilan rayonunun Seyidlər kəndində yerləşən DSX-nın bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.
Məlumatda qeyd olunur ki, hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər. Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib.
Açıqlamada Ermənistanın bir başqa təxribatına toxunulub. Qubadlı rayonunun Şurnux kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.
Dövlət Sərhəd Xidməti bildirir ki, bu cür halları gələcəkdə bir daha təkrarlandığı halda cavab tədbirləri görüləcək.
Ermənistan Müdafiə Nazirlyinin və ya Ermənistan Sərhəd Xidmətinin insidentlə bağlı açıqlaması yoxdur. Bunun əvəzinə Qarabağdakı erməni separatçıları belə bir açıqlama yayıblar ki, guya Azərbaycan ordusu Xankəndini və Əsgəranın iki kəndini atəşə tutub və guya bunun nəticəsində Xankəndidə hansısa evin damına zərər dəyib.
Qeyd edək ki, bu hadisə Rusiya-Azərbaycan münasibətlərinin gərgin olduğu günlərə təsadüf edir. Məlumdur ki, Rusiya Müdafiə Nazirliyi Dağlıq Qarabağdakı sülhməramlı hərbçilərin 9 may Qələbə günü münasibəti ilə Xankəndində təntənəli hərbi keçidə hazırlaşdığı barədə məlumat yayıb. Nazirliyin saytında Xocalı hava limanında məşq edən hərbçilərin görüntüləri yerləşdirilib. Azərbaycan bu məsələyə hələlik rəsmi münasibət bildirməyib.

Amma Prezident İlham Əliyev iki gün əvvəl dövlət televiziyasına müsahibəsində Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirən faktorlar barədə danışıb. Prezident bir neçə vacib məsələni qabardaraq Moskvadan izahat tələb edib:
1. Rusiyanın köməyi ilə 44 günlük müharibədə darmadağın edilmiş Ermənistan ordusunun yenidən dirçəldilməsi;
2. Şuşa şəhərinə "İskəndər - M" operativ-taktiki raketinin atılmasına aydınlıq gətirilməsi;
3. Erməni lobbisinin Rusiya hərbi sənaye kompleksi ilə işbirliyi nəticəsində Ermənistana silah, hərbi texnika daşınması;
4. Rusiyanın dövlət nəzarətində olan mediasında anti-Azərbaycan kampaniyasının aparılması.
Rusiya rəhbərliyi bu tələbərin heç birinə reaksiya verməyib. Amma Xankəndində hərbi parad keçiriləcəyi barədə rəsmi informasiyadan bir gün sonra separatçı rejimin başçısı Araik Arutyunyanın Moskvaya dəvət edilməsi barədə məlumat yayılıb. Buna sərhəddə atəşkəsin pozulmasını da əlavə edəndə, hadisələrin bir-biri ilə zəncirvari əlaqəsinin olduğu aydın görünür.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"-ya şərhində bildirib ki, istənilən hərbi parad güc nümayişidir.

O, 9 may gününü Rusiya hərbçilərinin tarixən hərbi şəhərciklərdə “xətt yürüşü” keçirməklə qeyd etdiklərini xatırladır: "Hiss olunur ki, onu hərbi şəhərcikdə deyil, Xankəndinin baş meydanında keçirmək niyyətindədirlər. Bu, bütövlükdə Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə, 10 dekabr Bakı paradına, “Qənimətlər parkına”, nəhayət, həm də Türkiyəyə qarşı olan paraddır, güc nümayişidir. Parad hərbi şəhərciyin ərazisində keçirilərsə, normal qarşılamaq lazımdır. Amma Xocalı aeroportunda keçirilən məşqlərdən hiss olunur ki, miqyas şəhərcik üçün nəzərdə tutulmayıb. Yəni, bununla da demək istəyirlər ki, bura uzun müddətə gəlmişik. Vaxtilə, Dövlət Dumasının deputatı, ermənilərin dostu Konstantin Zatulin də demişdi ki, Rusiya Qarabağa əbədi olaraq gəlib".
Araik Arutyunyanın Moskva səfəri ilə bağlı yayılan xəbərdən danışan ekspert, qeyd edir ki, bu informasiya dəqiqləşdirilməlidir - o dəvət olunub, yoxsa şəxsi işləri üçün Moskvaya səfər edib.
"Birinci variant inandırıcı deyil, çünki Arutyunyan Rusiya rəsmiləri tərəfindən dəvət oluna bilməz, bu mümkün deyil. İctimai təşkilatlar, diaspora isə mümkündür. Hər halda bu səfərin mahiyyəti tezliklə bəlli olacaq. Rusiya Araikə sözünü başqa şəxslər vasitəsi ilə də çatdıra bilər, bundan ötrü onun Moskvaya dəvət olunmasına, qalmaqala ehtiyac yoxdur. Əgər ona deyiləcəklər mütləq təkbətək şəraitdə olmalıdırsa, o zaman bundan kənar şəxslər, o cümlədən biz məlumat əldə edə bilməyəcəyik", - deyə İ.İsmayıl vurğulayıb.
Onun sözlərinə görə, hazırda Rusiya-Azərbaycan münasibətlərində "soyuq küləklər əsdiyi" açıq hiss olunur, amma bu keçici ola bilər: "Görünür, Rusiyaya da arada etiraz etmək lazımdır ki, münasibətlərində azacıq da olsa səmimi olsun. Məhz bu qeyri-səmimilik indiki soyuqluğa səbəb olub".

Politoloq Elxan Şahinoğlu isə bildirir ki, sərhəddə atəşkəsin pozulması bölgədə yenidən toqquşma ehtimalını artırır: "Ermənistan hakimiyyəti ilə erməni separatçılarının birgə planı Azərbaycanla Rusiyanı üz-üzə qoymaqdan ibarətdir. Ancaq buna Rusiyadakı siyasi mərkəzlərin özü də rəvac verirlər. Ermənistanda görürlər ki, rəsmi Bakının Kremlə ünvanladığı sualların sayı artıb. Rusiya ilə bağlı səslənən suallarımız bunlardır: “İsgəndər-M” raketini Azərbaycana kim və niyə atdı? Rusiya Ermənistan ordusunu kimə qarşı modernləşdirir? Rusiyanın Qarabağda 9 mayda planlaşdırdığı “hərbi parad”ın məqsədi nədir? Erməni separatçılarının lideri Araik Arutyunyan növbəti dəfə Moskvaya niyə çağırılıb?"
E.Şahinoğlu vurğulayır ki, bu suallar cavablandırılmadığı kimi təxribatların sayı da artır: "Biz həm təxribatlara layiq cavab verməli, həm də qabaqlayıcı addımlar atmalıyıq. “Bizdən xahiş etdilər” ifadəsi ilə cəmiyyəti sakitləşdirmək çətindir. Ən maraqlısı odur ki, sərhəddəki insident barədə Ermənistanla yanaşı Rusiyadan da reaksiya yoxdur. Bunun əvəzinə Rusiya saytları Qarabağ separatçılarının son açıqlamasını yayıblar".

Hərbi ekspert Ədalət Verdiyev isə "AzPolitika.info"-ya şərhində atəşkəsin pozulması hadisəsinin artıq ikinci dəfə baş verdiyini xatırladır: "İlk dəfə Hadrut istiqamətində atəşkəsi pozdular, nəticəsi də məlumdur. Sanki ermənilər bununla növbəti dəfə "dəmir yumruq" zərbəsi almağı xahiş edirlər. Düşünürəm ki, Azərbaycan Silahlı Qüvvələri, o cümlədən, Dövlət Sərhəd Xidməti hazırda alçaldılmış və əzilmiş erməni ordusuna layiqli cavab vermək üçün bütün imkan və potensiala malikdir. Ona görə də yaxın perspektivdə, yaxud uzun müddət sonra belə bir hadisənin təkrarlanması ermənlərə onların anlaya bildikləri dildə cavab verilməsini zəruri edir".
Ə.Verdiyevin sözlərinə görə, zatən DSX-nın atəşkəsin pozulması ilə bağlı rəsmi məlumat yayması Rusiya və Ermənistana xəbərdarlıq məqsədi daşıyır: "Yəni belə bir hadisə təkrarlanarsa, xəbərdarlıq olmayacaq. Növbəti təxribat Azərbaycanın bütün tərəflərə qəti mövqeyini nümayiş etdirmək üçün yaxşı imkan olacaq"."AzPolitika.info" 

BİA.AZ
скачать dle 12.1